Ana dilimizdə yazılan elmi iş gələcəyə qoyulan ən böyük sərmayədir - Rektor

25 May, 2026 - 11:13
Ana dilimizdə yazılan elmi iş gələcəyə qoyulan ən böyük sərmayədir

“Ana dilini dərindən bilən və onu daxildən, böyük ehtiramla sevən müəllim, əslində, vətənini qoruyan vətəndaş yetişdirir. Çünki dilini bilən xalq yaşayır, dilini itirən xalq isə mənəviyyat qalasını itirmiş sayılır”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov ADPU-da keçirilən “Ana dili: kimlik və gələcək” respublika konfransında səsləndirib.

Rektor bildirib ki, bu gün dilimizin qarşısında duran vəzifələr hər birimizdən – alimlərdən, müəllimlərdən və gənc tədqiqatçılardan böyük məsuliyyət tələb edir: “Dilimizi qorumaq, onu yad ünsürlərin təsirindən təmiz saxlamaq və gələcək nəsillərə zəngin miras kimi ötürmək hər birimizin müqəddəs borcudur. Unutmayaq ki, ana dilimizdə ifadə olunan hər bir fikir, yazılan hər bir elmi iş Azərbaycanın intibahına, gələcəyinə qoyulan ən böyük sərmayədir. Bu, yaşından və vəzifəsindən asılı olmayaraq, hər bir azərbaycanlının mənəvi öhdəliyidir”.

C.Cəfərovun sözlərinə görə, məhz bu gün keçirilən konfrans sadəcə bir elmi tədbir deyil, milli mənliyimizə olan sadiqliyimizin göstəricisidir.