Ana dilinin saflığı və dövlətçilik maraqları:  Azərbaycan dili strateji amil kimi

21 Fevral, 2026 - 13:55
Ana dilinin saflığı və dövlətçilik maraqları: 

“Dil əldən gedəndən sonra, yaxud da ki, pozulandan sonra, ya da başqa dilə tamamilə uyğunlaşandan sonra onda milli kimlik də gedəcək, ondan sonra dövlətçilik də gedəcək, ondan sonra, Allah eləməsin, ölkəmiz də, necə deyərlər, böyük fəlakətlə üzləşə bilər. Ona görə Azərbaycan dilini qorumaq hər birimizin vəzifəsidir”. 

Prezident İlham ƏLİYEV

Dil hər bir xalqın yaddaşı, milli kimliyidir. Ana dilinin taleyi isə təkcə filoloji müzakirə predmeti deyil, milli varlığın, dövlətçilik ənənəsinin və mədəni suverenliyin əsas göstəricisidir. 

Dövlət başçısı İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində ana dilimizin saflığının qorunması ilə bağlı səsləndirdiyi fikirlər, əslində, milli varlığımızın gələcəyinə yönəlmiş strateji çağırışdır. 

Azərbaycan dili dövlətçiliyimizin sarsılmaz sütunu, xalqımızı vahid məfkurə ətrafında birləşdirən mənəvi sərhədimizdir. Əsrlər boyu müstəmləkə şəraitində yaşamış, lakin mənəvi sərhədlərini məhz dilinin qüdrəti hesabına qoruyub saxlamış bir xalq üçün dilin saflığı tarixi yaddaşın toxunulmazlığı deməkdir. Prezidentin qeyd etdiyi kimi, yad kəlmələrin leksikonumuza “damcı-damcı” sızması milli kimliyimizi sarsıdan, dövlətçilik sütunlarını zəiflədən görünməz bir təhdiddir. Qloballaşmanın və rəqəmsal transformasiyaların fonunda dilimizin hər hansı başqa dilin kölgəsinə düşməsinə imkan verməmək, 50 milyonluq bir millətin ortaq mənəvi bütövlüyünü qorumaq bu gün hər bir vətəndaşın, xüsusilə də ziyalıların qarşısında duran ali vəzifədir.  

Bəs dilimizin saflığını qorumaq üçün elmi və ictimai müstəvidə hansı addımlar atılmalıdır?

Dilçi-türkoloq, Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, hələ sovet dövründə Ümummilli Liderimiz Heydər Əliyev ana dilinin - ədəbi dilimizin qorunması üçün misilsiz xidmət göstərib və bu sahədə kifayət qədər ciddi təcrübə qazanılıb: “Cənab Prezidentin söylədiyi kimi, dil dövlətçiliyin atributlarından biri, hətta birincisidir. Amma burada söhbət ondan gedir ki, o dövlət bu millətin öz milli dövlətidir. Əgər bu yoxdursa, istər-istəməz onun ədəbi dili çox ciddi təzyiqlərə məruz qalır. Bu baxımdan Azərbaycanın bəxti gətirib, çünki sovet dövründə Ümummilli Liderimiz ana dilinin qorunması üçün çox zəhmət çəkib. Doğrudur, ədəbi dilimizi uzun müddət daha çox yazıçılarımız qoruyublar. Sovet dövründə dövlət idarələrində Azərbaycan dilinin işlənməsi o qədər də miqyaslı deyildi. Məsələn, hərbi sahədə, ümumiyyətlə, istifadə olunmurdu. Odur ki, burada qazanılan müəyyən nailiyyətlər indi müstəqilliyin inkişafı ilə bağlı daha da cəsarətli şəkildə ortaya qoyulur və dövlət öz dilinin müdafiəsində çox möhkəm dayanır. Cənab Prezidentin dövlətin dili qoruması ilə bağlı fikirləri çox təsirli və real səslənir, gerçək bir müddəadır”.

Azərbaycan dilinin üstünlüklərindən biri də odur ki...

Akademikin sözlərinə görə, dil o zaman qorunur və inkişaf edir ki, ondan ictimai şüurun müxtəlif sahələrində istifadə olunur: “Bu gün Azərbaycan dilinin üstünlüklərindən biri də odur ki, Azərbaycan dövləti bu dili qoruyur və onun imkanlarını genişləndirir. Azərbaycan dilinin inkişafını təmin etmək üçün çox sayda sənədlər qəbul olunub. Bu inkişaf təmin olunmasa, dili qorumaq anlayışı da kifayət qədər ciddi səslənməz. Çünki dil o zaman qorunur ki, o, inkişaf edir və ictimai şüurun müxtəlif sahələrində istifadə olunur. Dil o dildə danışan insanların intellektual enerjisi ilə irəli gedə bilir.

İndi də, əlbəttə, dilimizə imperialist dillərin təsiri olacaq. Onu da nəzərə almalıyıq ki, uzun müddət Azərbaycan dili ərəb və fars dillərinin çox ciddi təsirlərinə məruz qalıb. Doğrudur, İslam dinini qəbul etdiyimizə görə ərəb mənşəli sözlərin dilimizə keçməsi təbii proses sayılırdı. Qurani-Kərimdən gələn anlayışları qəbul etmək zəruri idi. Amma bir faktı deyim ki, İslam dini yeni qəbul olunan əsrlərdə Yusif Xas Hacib Balasaqunlu tərəfindən yazılan “Qutadğu Bilig” adlı əsərdə ərəb-fars sözləri, demək olar ki, yoxdur. Halbuki əsər bütövlükdə İslam dininin təbliğinə, İslam hüququna, mənəviyyatına, idarəçiliyinə, əxlaqına həsr olunub. Terminlərin hamısı türkcədir.

Deməli, dərhal aydın olur ki, orta əsrlər boyu bir çox sözlər ərəb və fars dilini yamsılamağın təsiri altında dilimizə daxil olub”.
N.Cəfərov qeyd edir ki, əsrlər boyunca yad sözlərin milliləşdirilməsi, türk sözləri ilə əvəz olunması uğrunda mübarizələr getsə də, bu mübarizələr hər zaman uğurlu olmayıb: “Dilimizdə olan xeyli sayda ərəb-fars sözləri ona uzun müddət ağırlıq yaradıb. Ziyalılarımız da böyük çətinlik çəkiblər. Bu gün də dövlət başçısının dediyi kimi, xarici sözlərin axını mümkündür və Avropa mənşəli sözlər bəzən yersiz və lazımsız şəkildə dilimizə daxil olur. Təbii ki, burada söhbət beynəlxalq terminlərdən getmir, onlardan istifadə mühümdür. Lakin yerli-yersiz yad sözlərin işlədilməsi dil qüsurudur. 

Ölkə başçısının söylədiyi kimi, Azərbaycan xalqı 50 milyondan artıq bir xalqdır və böyük bir coğrafiyada yaşayır. Amma azərbaycanlıların yaşadıqları bəzi ölkələrdə Azərbaycan məktəbləri yoxdur. Bu isə dili həmin yerlərdə məişət dili səviyyəsinə endirmək təhlükəsi yaradır. Ona görə də bütün Azərbaycan ziyalıları çalışmalıdırlar ki, bu hüquqların pozulmasının qarşısı alınsın, azərbaycanlıların ana dilində təhsil alması və işləməsi təmin olunsun. Çünki burada bir neçə min yox, milyonlarla insandan söhbət gedir.

“Ana dili öz işini görə bilirsə, başqa dilə müraciət etməyə ehtiyac yoxdur”

Azərbaycan dilinin qarşısında dayanan ən böyük təhlükələrdən də danışan N.Cəfərov qeyd edir ki, Azərbaycan dilinə ən böyük təhlükə müəyyən məqamlarda intellektin, düşüncə mədəniyyətinin aşağı düşməsidir: “Harada düşüncə mədəniyyəti, intellektual səviyyə yüksəkdirsə, ana dilinə qarşı təhlükə də ola bilməz. Azərbaycanda biz dilimiz üçün belə bir təhlükə hiss etmirik. Amma əgər böyük intellekt sahibləri öz işlərində Azərbaycan dilindən qabaq ingilis və ya rus dilini üstün tutsalar, onda intellekt axını baş verəcək və bu, dilimizin xeyrinə olmayacaq. Əlbəttə, hər bir azərbaycanlı beynəlxalq dilləri bilməli və istifadə etməlidir. Amma heç də hər yerdə yox. Ana dili öz işini görə bilirsə, başqa dilə müraciət etməyə ehtiyac yoxdur”.

“Jurnalistika dilin ön cəbhəsindədir...”

Nizami Cəfərov ana dilinin saflığının qorunması məsələsində jurnalistlərin rolundan da danışıb. O bildirib ki, publisistika və jurnalistika dilin ön cəbhəsindədir: “Dövlət dilinin inkişafı üçün hər cür imkanlar nəzərə alınır. Azərbaycanlı olan hər bir kəs Azərbaycan dilinin dayağıdır. Təbii ki, burada söhbət Azərbaycan xalqının məişət dilindən gedir. Lakin Azərbaycan ziyalısı, dilçi alimlər, yazıçılar, ümumiyyətlə, elm adamları, intellektual şəxslər Azərbaycan ədəbi dilinin dayağıdır. Burada balansı qorumaq: həm beynəlxalq dilləri yaxşı mənimsəmək, həm də ana dilini dövlət dili səviyyəsində dərindən bilmək, onun imkanlarını genişləndirmək, intellektinlə dilə ruh vermək çox vacibdir. 

Cənab Prezident jurnalistlərə, mətbuat işçilərinə dilin saflığı ilə bağlı tez-tez müraciət edir və bu müraciət çox yerindədir. Çünki publisistika və jurnalistika dilin ön cəbhəsindədir. Jurnalist elə yazmalı, elə danışmalıdır ki, xalq üçün aydın olsun. Əks halda həm ümumxalq dilinə, həm də ədəbi dilə zərər gələcək.

“Prezidentin çıxışı ziyalılara xəbərdarlıqdır”

Prezident İlham Əliyevin dil ilə bağlı narahatlığını ifadə etməsi, bunu həm elmi, həm publisistik mühitə, həm də birbaşa xalq kütlələrinə çatdırması bütün dünya azərbaycanlıları üçün aydın bir xəbərdarlıqdır. Xüsusilə ziyalılara xəbərdarlıqdır ki, xalqımızın və dövlətimizin ən möhtəşəm dayaqlarından biri olan dilimizlə bağlı məsələlərdə biz məsuliyyətli olmalıyıq”, - deyə akademik qeyd edib.