Təqaüd proqramının 13 qalibi burada əmək fəaliyyətinə başlayıb – “AzerGold” rəsmisi

18 Fevral, 2026 - 14:42
Təqaüd proqramının 13 qalibi burada əmək fəaliyyətinə başlayıb

““AzerGold” tərəfindən həyata keçirilən təqaüd proqramı kadr ehtiyaclarının vaxtında təmin edilməsi məqsədi daşıyır. Layihənin əsas məqsədi gənclərin dağ-mədən sahəsinə marağını artırmaq, onların nəzəri bilik və bacarıqlarını real iş mühitində aşkar etdirməkdir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri “AzərGold” QSC-nin İdarə Heyətinin sədr müavini İlqar Cəlilov ali və peşə təhsili üzrə təqaüd proqramlarının qaliblərinin təltifolunma mərasimində səsləndirib.

İlqar Cəlilovun sözlərinə görə, artıq 5-ci dəfədir ki, təşkil olunan təqaüd proqramı çərçivəsində ali təhsil üzrə 247 müraciət arasından 9, peşə təhsili üzrə isə 39 müraciət arasından 15 qalib seçilib: “Bu dəfəki təqaüd proqramı xüsusi dövrə təsadüf edir. Bu il “AzerGold” şirkətinin fəaliyyətə başlamasının 10-cu ildönümünü qeyd edirik. 

Ümumilikdə, indiyə qədər ali təhsil üzrə 47, peşə təhsili üzrə 52 tələbə təqaüd proqramının qalibi olub. Onlardan 13 nəfəri artıq “AzerGold”da çalışır. Şirkətin strateji hədəflərindən biri geniş miqyasda iş yerlərinin açılmasının təmin edilməsi, gələcək illərdə ixtisaslı kadrların hazırlanması və geniş məşğulluq imkanlarının yaradılmasıdır. Bu baxımdan gənclərin həm ali, həm də peşə təhsilinə marağının artırılması, nəzəri biliklərin praktiki təcrübə ilə zənginləşdirilməsi prioritetlərimizdəndir”, – deyə o əlavə edib.