Firudin Qurbanov: İnsan kapitalının formalaşmasında təhsilin rolu böyükdür

18 Fevral, 2026 - 12:56
Firudin Qurbanov: İnsan kapitalının formalaşmasında təhsilin rolu böyükdür

“İnsan kapitalının formalaşmasında təhsilin rolu böyükdür. Çünki formal təhsil insan kapitalının əsas komponentidir. Amma eyni zamanda insan kapitalının inkişafında bilik, bacarıq, vərdişlər və sağlamlıq kimi amillər də mühüm rol oynayır. Bu elementlərin məcmusu insan kapitalını təşkil edir və bu elementlər nə qədər güclü olsa, gələcəkdə həmin gənclər ölkəyə bir o qədər yaxşı töhfə verə bilərlər”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Firudin Qurbanov ali və peşə təhsili üzrə təqaüd proqramlarının qaliblərinin təltifolunma mərasimində səsləndirib.

Nazir müavininin sözlərinə görə, “AzerGold” QSC tərəfindən həyata keçirilən təqaüd proqramının əhəmiyyəti yalnız təqaüdün verilməsi ilə məhdudlaşmır: “Burada əsas məqsəd təkcə maddi dəstək deyil. Tələbələr təqaüd almaqla yanaşı, şirkətin müxtəlif sahələrində praktiki bacarıqlar əldə edirlər. Bu da çox vacibdir. Çünki gələcəkdə iş həyatında ən çox tələb olunan məhz praktiki bacarıqlardır. Hesab edirik ki, bu cür proqramlar tələbələrin peşəkar inkişafına ciddi töhfə verir. Təcrübə imkanlarının artırılması, tələbələrin real iş mühitinə uyğunlaşması baxımından olduqca faydalıdır.

Sabah işə başlayarkən ilk növbədə praktiki bacarıqlar tələb olunur. Eyni zamanda bilik və vərdişlərlə yanaşı, insani keyfiyyətlərin formalaşması da son dərəcə vacibdir. Sevindirici haldır ki, bu şirkət ekoloji məsələlərə də ciddi diqqət yetirir. Çünki təbii resursların əldə edilməsi prosesində ətraf mühitə müəyyən təsirlər qaçılmazdır. Bu məsələlərə həssas yanaşma olduqca önəmlidir”, – deyə nazir müavini əlavə edib.