“Arzum yeni rekordlardır” – Ginnes rekordçusu olan azərbaycanlı müəllimin yeni hədəfləri
Məlumat verdiyimiz kimi, Şabran rayonundan olan stolüstü tennisçi Nihad Məmmədov adını “Ginnesin rekordlar kitabı”na yazdırıb. Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyindəki Şabran rayonu Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin baş məşqçi-müəllimi Zakir Cavadovun yetirməsi olan Nihad Məmmədov stolüstü tennis topunu uzaq məsafədən oyuna daxil etmə üzrə qeydə alınan dünya rekordunu yeniləyib.
“Azərbaycan müəllimi” uğurlu idmançı ilə həmsöhbət olub.
“Məni müəllimliyə gətirən səbəb özüm kimi güclü idmançılar yetişdirməkdir”
Nihad Məmmədov hazırda Abşeron rayonunun Saray qəsəbəsində yaşasa da, 2002-ci ildə Şabran şəhərində anadan olub və orada böyüyüb.
Şabran şəhər 5 nömrəli tam orta məktəbi bitirib, Azərbaycan İdman Akademiyasında “Tennis məşqçiliyi” ixtisası üzrə bakalavr, daha sonra isə magistr təhsili alıb.
Peşəkar tennisçi özü haqqında məlumat verərkən vurğulayır:
“Mən hazırda milli komandanın idmançısıyam. Azərbaycan İdman Akademiyasında 2 ilə yaxındır ki, stolüstü tennis müəllimi olaraq fəaliyyət göstərirəm. Məni müəllimliyə gətirən səbəb özüm kimi güclü idmançılar yetişdirməkdir”.
Nihad Məmmədov qeyd edir ki, onda bu idman növünə maraq uşaq yaşlarında, məktəbdə idman dərslərində başlayıb:
“İdman dərslərində stolüstü tennis oynayırdıq və məşqçi potensialımı görüb məni məşqlərə dəvət etdi. Daha sonra turnirlərə qatılıb yaxşı nəticə göstərdikdən sonra bu idman növündə davam etmək qərarına gəldim və uğur qazandım. Belə ki, 2022, 2023 və 2024-cü illərdə respublika çempionatının finalçısı, 2024-cü ildə ölkəmizdə stolüstü tennis üzrə keçirilən “Top 8” turnirinin mükafatçısı olmuşam. 2023–2024-cü illərdə qarışıq qoşa yarışlarda ikiqat Azərbaycan çempionu olmuşam. Qətər liqasında “Al Shamal” klubunun idmançısıyam. Eyni zamanda, 2023-cü ildə İslam Həmrəyliyi Oyunlarında, 2024-cü ildə Avropa çempionatında və digər bir sıra beynəlxalq turnirlərdə iştirak etmişəm”.
Gənc müəllim və idmançının sözlərinə görə, rekord qırdığı anda çox həyəcanlı olub, bununla belə bunu bacaracağına inanıb:
“Bütün nəticə məşqlərə əsaslanır – məşq, əzm və özünəinam. Çox məşq etdim və bacardım. Nəticəni əldə etdikdə olduqca sevindim, ailəmlə, dostlarımla, məni sevən insanlarla birlikdə qeyd etdim. Arzum digər dünya rekordlarına hazırlaşmaqdır. Qalib olaraq bütün idmançılara əzmlə və çox çalışmağı tövsiyə edirəm. Uğur qazanmağın ilk sirri özünəinam və ətrafındakıların mənfi təsirlərinə aldanmamaqdır. Özünəinam və çox çalışmaq uğurun sirridir”.



