Astara rayonunda Regional Təhsil Dialoqu keçirilib
7 fevral tarixində Astara rayonunda Azərbaycan Respublikası Milli Məclisinin Elm və Təhsil Komitəsinin təşəbbüsü və Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “Regional Təhsil Dialoqu – Təhsilin keyfiyyəti: məktəbdən universitetə” mövzusunda tədbir təşkil olunub.
"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirin əsas məqsədi regionlarda təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəbdən universitetə qədər olan təhsil pillələri arasında əlaqələrin möhkəmləndirilməsi, müəllim faktorunun rolunun gücləndirilməsi, mövcud problemlərin və inkişaf perspektivlərinin müzakirə olunması olub.
Regional Təhsil Dialoqu çərçivəsində iki panel müzakirə keçirilib. Birinci panel “Region məktəblərində tədrisin keyfiyyəti və müəllim faktoru”, ikinci panel isə “Məktəb–universitet əlaqələri və regionlar üçün yeni imkanlar” mövzularına həsr edilib.
Tədbirdə I panel müzakirədə Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri prof. Anar İsgəndərovun moderatorluğu ilə Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü prof. Rəşad Mahmudov, Sumqayıt Dövlət Universitetinin rektor əvəzi prof. Əminağa Sadıqov, Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, PhD Elnur Rüstəmov, Astara Pedaqoji Kollecinin direktoru prof. Kamran Kazımov və t.ü.f.d. prof. Şikar Qasımov çıxış ediblər.
Paneldə region məktəblərində tədrisin keyfiyyətinin artırılması, müəllimlərin peşəkar inkişafı, pedaqoji bacarıqların gücləndirilməsi, müasir tədris metodlarının tətbiqi, psixoloji dəstək mexanizmlərinin formalaşdırılması və şagird nailiyyətlərinin yüksəldilməsində müəllim faktorunun rolu ətraflı müzakirə olunub. Çıxışçılar müəllimlərin davamlı peşəkar inkişaf proqramlarına cəlb edilməsinin, motivasiya mexanizmlərinin gücləndirilməsinin və sağlam məktəb mühitinin yaradılmasının vacibliyini vurğulayıblar.
II panel müzakirədə isə Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavini prof. Fariz İsmayılzadənin moderatorluğu ilə Lənkəran Dövlət Universitetinin rektoru prof. Natiq İbrahimov, Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvləri prof. Elçin Mirzəbəyli və prof. Vasif Qafarov, Lənkəran–Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri PhD İlqar Orucov çıxış ediblər.
Bu paneldə məktəb və universitetlər arasında əməkdaşlığın genişləndirilməsi, şagirdlərin erkən peşə yönümü, ali təhsil müəssisələri ilə orta məktəblər arasında koordinasiyanın gücləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və regionlarda təhsil imkanlarının artırılması məsələləri diqqət mərkəzində olub. Bildirilib ki, məktəb–universitet əməkdaşlığı şagirdlərin ali təhsilə daha hazırlıqlı keçidini təmin etməklə yanaşı, regionların intellektual potensialının inkişafına da mühüm töhfə verir.
Mütəxəssislər regionlarda təhsilin keyfiyyətinin yüksəldilməsi üçün innovativ yanaşmaların tətbiqinin, müasir təhsil modellərinin təşviqinin, müəllim hazırlığı sisteminin təkmilləşdirilməsinin, rəqəmsal resurslardan səmərəli istifadənin, psixoloji xidmətlərin gücləndirilməsinin və sosial dəstək mexanizmlərinin inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər.
Eyni zamanda regionlar üçün yeni təhsil imkanlarının yaradılması, kadr potensialının artırılması, gənclərin təhsilə cəlb olunmasının genişləndirilməsi və davamlı inkişaf strategiyalarının hazırlanması istiqamətində təkliflər səsləndirilib.
Tədbirin sonunda regional təhsil siyasətinin təkmilləşdirilməsi, məktəb və ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da gücləndirilməsi və gələcək dövrlər üçün birgə platformaların yaradılmasının əhəmiyyəti xüsusi vurğulanıb. Qeyd olunub ki, bu kimi dialoqlar regionlarda təhsilin inkişafına, keyfiyyət göstəricilərinin yüksəlməsinə və insan kapitalının gücləndirilməsinə mühüm töhfə verir.



