Bu peşə təhsil mərkəzinə yeni direktor təyin edilib
Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə yeni direktor təyin edilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, Orxan Rəhimov Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru vəzifəsinə təyin edilib.
Orxan Rəhimov 2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İstehsal və xidmət sahələrinin iqtisadiyyatı / Mühəndis iqtisadiyyatı fakültəsinə daxil olub, 2010-cu ildə həmin universiteti bitirib.
2011-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin magistr pilləsi üzrə Biznesin idarə edilməsi fakültəsinə qəbul olub və 2014-cü ildə magistr təhsilini tamamlayıb.
Əmək fəaliyyətinə 2011-ci ildə başlayan Orxan Rəhimov 2011–2012-ci illərdə Azərbaycan Beynəlxalq Bankında, 2012–2015-ci illərdə "Bank Technique" ASC-də, 2017-ci ildən “SOCAR Methanol” MMC-də müxtəlif vəzifələrdə çalışıb.
2018–2024-cü illərdə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində direktor müavini, 2024-cü ildən isə Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Müəssisəsində direktor vəzifəsində çalışıb.
12 avqust 2026-cı il tarixindən Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzin direktoru təyin olunub.




