Avropa məyusdur: PISA dərsindən keçə bilmədik
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən keçirilən və 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və elm sahələrində məktəbdə əldə etdikləri bilik və bacarıqları real həyat vəziyyətlərinə nə dərəcədə effektiv tətbiq etdiklərini qiymətləndirən 2025-ci il PISA nəticələri bir sıra Avropa ölkələrinin məktəb sistemlərində əsl sarsıntı yaradıb. Fransanın nəticələri bütün dövrlər üzrə ən pis göstərici olub. Almaniyanın nəticələri də eyni vəziyyətdədir. Niderlandda da nəticələr rekord səviyyədə aşağı düşüb. Hətta onilliklər ərzində Avropanın çox təriflənən məktəb sisteminə və qlobal təhsil liderinə çevrilmiş Finlandiyada belə göstəricilər kəskin şəkildə geriləyib.
“Azərbaycan müəllimi” “The Gardian”a istinadən xəbər verir ki, İngiltərə bu tendensiyadan kənarda qalsa da, qitə Avropasında nəticələrin 2018-ci ildən başlayan geriləməsi davam edib. Fransa, Almaniya, Niderland və Finlandiyada 15 yaşlıların əsas funksional savadlılıq və riyazi bacarıqlardan məhrum olan hissəsi təxminən hər üç şagirddən birinə çatıb.
Pandemiya dövründə təhsildə yaranan itkilər bu geriləməni sürətləndirsə də, təhsil ekspertləri problemin köklərinin daha dərin olduğunu bildirirlər: xroniki müəllim çatışmazlığı, fundamental bacarıqları ikinci plana keçirən ardıcıl kurikulum islahatları və getdikcə daha çox təcrid olunan təhsil sistemlərində sosial bərabərsizliyin dərinləşməsi.
Bütün bunların üzərinə fasiləsiz smartfon istifadəsi də əlavə olunur. Bu, diqqət müddətini əhəmiyyətli dərəcədə azaldıb, “dərin oxu”nu sürətli şəkildə ekranda sürüşdürmə ilə əvəz edib, şagirdlərin öyrənməyə motivasiyası isə kəskin şəkildə aşağı düşüb.
Almaniyadakı şagirdlər PISA tarixində ən pis nəticəni göstəriblər. Bu, ölkənin məktəblərindəki zəifliklər, inteqrasiya və sosial-iqtisadi bərabərsizliyin aradan qaldırılması ilə bağlı onilliklərdir davam edən müzakirələri yenidən gündəmə gətirib. Almaniyanın PISA tədqiqatının koordinatoru Samuel Qreyff əsas vətəndaşlıq və əmək fəaliyyəti üçün zəruri bacarıqlara malik olmayan gənclərin sayının narahatedici şəkildə artdığını bildirib. Buraya yazılı mətni anlamaq və ən sadə istehlakçı riyaziyyatı hesablamalarını aparmaq bacarığı da daxildir.
Araşdırma göstərib ki, Avropanın ən böyük iqtisadiyyatında akademik nəticələrlə sosial-iqtisadi status arasındakı əlaqə xüsusilə güclüdür: aşağı gəlirli ailələrdən olan şagirdlərin yalnız 2 faizi yüksək səriştə səviyyəsinə çatır, yüksək gəlirli ailələrdən olan şagirdlərdə isə bu göstərici 25 faizdir. Bu əlaqə Danimarka və Norveçlə müqayisədə iki dəfə daha güclüdür.
“Digər ölkələr təhsil uğurunu ailənin sosial mənşəyindən ayırmaqda daha çox uğur qazanırlar”, – S.Qreyff yerli mediaya bildirib. O qeyd edib ki, yeniyetmələrin akademik uğuruna onların ailəsinin mühacir olub-olmamasından daha çox sosial sinif təsir göstərir.
Almaniya ilk “PISA-Şoku”nu 2000-ci ildə yaşayıb. Həmin vaxt hesabatda ölkənin zəif nəticələrinin açıqlanması təhsil göstəricilərinin yüksəldilməsi üçün ölkə miqyasında geniş tədbirlərin başlanmasına səbəb olmuşdu. 2012-ci il hesabatında isə əhəmiyyətli irəliləyiş qeydə alınmış və Almaniya OECD üzrə orta göstəricini keçmişdi.
Lakin 2025-ci il hesabatı Almaniyanın yenidən orta səviyyəyə gerilədiyini göstərib. Şagirdlərin təxminən hər dördündən biri təbiət elmləri üzrə, hər üçündən biri isə oxu və riyaziyyat üzrə lazımi səriştəyə malik deyil. Təxminən hər beş şagirddən birinin isə hər üç sahə üzrə bacarıqları yetərsiz olub.
Son onillikdə əlavə təhsil almaq üçün zəruri olan oxu və riyaziyyat bacarıqlarına malik olmadıqları üçün “risk qrupunda” hesab edilən yeniyetmələrin sayı iki dəfə artıb. Zövq üçün oxuma göstəricisi də Almaniyada digər sənayeləşmiş ölkələrə nisbətən daha sürətlə azalıb: 15 yaşlıların hər iki nəfərindən biri yalnız tələb olunduğu zaman oxuduğunu bildirib.
Diqqətçəkən məqam ondan ibarətdir ki, sosial-iqtisadi baxımdan ən imtiyazlı məhəllələrdən olan şagirdlər oxuduğunu anlama üzrə ən kəskin geriləməni nümayiş etdiriblər. Təhsil naziri Karin Prien hesabatın təcili tədbirlər tələb etdiyini bildirib, sosial mediadan həddindən artıq istifadənin mənfi təsirini xüsusi vurğulayıb və ilin sonuna qədər kiçik yaşlı uşaqları qorumaq üçün yeni tədbirlər təqdim edəcəyinə söz verib.
Niderlandda nəticələr tarixi minimuma enib və oxu savadlılığı sahəsində narahatedici yeni rekord qeydə alınıb. Hazırda 15 yaşlıların rekord həddə – 39 faizi müasir cəmiyyətdə gündəlik həyatı idarə etmək, mənbələrin etibarlılığını qiymətləndirmək və bir neçə səhifədən ibarət mətnləri emal etmək üçün tələb olunan əsas bacarıqlara malik deyil. 2022-ci ilin əvvəlki PISA nəticələrində bu göstərici 33 faiz idi.
Tədqiqatçılar bildiriblər ki, Niderlandda oxu üzrə nəticə son onillikdə 60 baldan çox aşağı düşüb. Bu o deməkdir ki, bugünkü 15 yaşlılar faktiki olaraq 10 il əvvəl 12 yaşlıların nümayiş etdirdiyi səviyyədə oxuyurlar.
Geriləmə riyaziyyat üzrə daha az nəzərə çarpıb. Niderlandlı şagirdlər bir vaxtlar Avropa reytinqlərində bu sahədə lider mövqedə olsalar da, hazırkı nəticə yenə də tarixi minimumdur və yalnız cüzi fərqlə OECD orta göstəricisindən yüksəkdir. Təbiət elmləri üzrə nəticə də əvvəlki səviyyədən aşağı düşüb.
Niderlandın Təhsil Nazirliyi təcili tədbirlər görüləcəyini vəd edib və qiymətləndirmənin “geriləməmizin pandemiyadan sonrakı müvəqqəti eniş deyil, struktur problem olduğunu təsdiqlədiyini” qəbul edib. Nazirlik bildirib: “Gənclərimizin üçdə birinin gündəlik həyatda əsas oxu bacarıqlarına hazırlıqsız şəkildə məktəbi başa vurduğu bir cəmiyyəti qəbul edə bilmərik”.
Lakin müəllim həmkarlar ittifaqları və savadlılığın inkişafını müdafiə edən təşkilatlar buna məyusluqla reaksiya veriblər.
Niderlandın ən böyük Müəllim Həmkarlar Assosiasiyası (AOb, Algemene Onderwijsbond) bildirib ki, “dərslər mütəmadi olaraq ləğv edilirsə, yaranan boşluqları qeyri-ixtisaslı əməkdaşlar doldurursa və iş yükü təcrübəli müəllimləri peşəni tərk etməyə vadar edirsə, oxu səviyyəsi heç vaxt yaxşılaşmayacaq”.




