Avropada müəllimliyə maraq azalır, Azərbaycanda isə artır - Səbəb?

6 Noyabr, 2025 - 10:19
Avropada müəllimliyə maraq azalır, Azərbaycanda isə artır

Bir müddət öncə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) dərc etdiyi TALIS 2024 (Teaching and Learning International Survey) hesabatının Azərbaycanla bağlı bölməsində deyilir ki, ölkəmizdə müəllimlərin orta yaşı 45-dir. Bu da İƏİT ölkələri müəllimlərinin orta yaş həddindən statistik cəhətdən fərqlənmir (45 yaş). Hesabata görə, ölkəmizdə müəllimlərin 36%-nin yaşı 50 və ya yuxarıdır (OECD orta göstəricisi 37%), 13%-i isə 30 yaşdan aşağıdır (OECD orta göstəricisi 10%-dən yuxarı). Azərbaycanda yeni fəaliyyətə başlayan müəllimlərin 82%-i bildirir ki, müəllimlik onların karyera seçimində ilk yeri tutub, bu rəqəm də OECD üzrə orta göstəricidən 8% yüksəkdir. 
 “Azərbaycan müəllimi” gənclərin son zamanlar müəllimlik peşəsinə daha çox üstünlük verməsinin səbəblərini araşdırmaq məqsədilə mütəxəssis fikrini öyrənib.

Fidan Sarıbəyli Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, pedaqogika üzrə fəlsəfə doktorudur. Gənc müəllim bildirir ki, bir ölkənin vətəndaşları nə qədər savadlı, bacarıqlıdırsa, gələcəyi də bir o qədər uğurlu olur: “Təhsil həyatın bütün sahələrində çox vacib rol oynayır. Müəllimlər gələcəyin savadlı kadrlarını və peşəkar mütəxəssislərini yetişdirirlər. Yəni müəllimlər yalnız bilik vermir, eyni zamanda cəmiyyətin inkişafında strateji əhəmiyyətə malik insan resurslarını hazırlayırlar. Beləliklə, müəllimlik peşəsi cəmiyyətdə ictimai dəyəri yüksək olan peşələrdəndir. Xüsusilə son illərdə təhsil sahəsində aparılan islahatlar bu imici möhkəmləndirib. Bir ölkənin təhsil sisteminin uğuru üçün ixtisaslı və peşəkar müəllimlərin kifayət qədər olması, müəllimlərin həm sayının, həm də keyfiyyətinin qorunması vacibdir. Lakin tədqiqatlar göstərir ki, Avropada müəllim peşəsi üzrə kadr təminatı ilə bağlı ciddi problemlər mövcuddur. Sadə dillə desək, müəllimlik peşəsinə əvvəlki kimi maraq göstərilmir, bu peşəyə yiyələnənlərin bir hissəsi isə başqa sahələrdə çalışırlar. Bu vəziyyət artıq “peşə böhranı” kimi qiymətləndirilir”. 

F.Sarıbəyli hesab edir ki, bu böhranı yaradan səbəblərdən biri müəllimlik peşəsinin getdikcə daha çətin və məsuliyyətli olmasıdır. Müəllimlərdən daha çox bacarıq və daha yüksək nəticə tələb edilir. Eyni zamanda, əmək bazarında gənc məzunlar üçün müəllimlikdən daha cəlbedici sahələr və imkanlar yaranır: “Hazırda Avropanın bir çox ölkələrində müəllim çatışmazlığı qısamüddətli problem kimi hiss olunur. Amma əsl təhlükə gələcəkdə bu çatışmazlığın daha da dərinləşməsi ilə bağlıdır. Əgər müəllimlik peşəsinə maraq qalmazsa, ixtisaslı kadrların sayının azalacağı və təhsil sistemində keyfiyyət problemlərinin artacağı gözlənilir”. 

“Sertifikatlaşdırılma  və diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərənlərin daha çox maaş alması peşəyə iqtisadi tərəfdən marağı artırır”


Fidan xanımın sözlərinə görə, Azərbaycanda müəllim peşəsinə maraq Avropa ilə müqayisədə daha stabildir və yeni kadrların cəlb olunması ilə bağlı problem görünmür. Gənclər üçün dövlət sifarişli yerlərin olması və müəllimlik ixtisaslarına daha çox qəbul imkanı bu peşəyə olan marağın artmasında mühüm rol oynayır: “Azərbaycanda müəllimlik sahəsinə olan maraq iqtisadi baxımdan əmək bazarında tələblə təklifin tarazlaşdırılması kimi izah edilə bilər. Amma məsələyə yalnız iqtisadi tərəfdən baxmaq kifayət etmir. Burada həm iqtisadiyyat, həm də psixoloji yanaşma vacibdir. Belə ki, bir insanın müəyyən peşəyə yönəlməsinə təsir edən daxili (intrinsic - şəxsi maraq, dəyərlər, məmnunluq, insanlara faydalı olmaq istəyi və s.) və xarici (extrinsic - maaş, sosial status, iş şəraiti, karyera imkanları və s.) motivasiya olaraq fərqləndirilir. Azərbaycanda da gənclərin çoxunun müəllimlik peşəsinə maraq göstərməsində bu iki amil mühüm rol oynayır. Gənclərin müəllimliyə yönəlməsi əsasən şəxsi maraq, cəmiyyətdə müəllim peşəsinə olan hörmət, cəmiyyətə faydalı olmaq arzusu və gənc nəsli yetişdirmək istəyi kimi daxili səbəblərlə bağlıdır. Müəllimlik peşəsi insanlara bilik vermək və gələcəyin savadlı vətəndaşlarını yetişdirmək imkanı yaratdığı üçün mənəvi məmnunluq hissi yaradır”. 

 Fidan Sarıbəyli digər bir səbəb kimi işə qəbul prosesinin şəffaf və açıq aparılmasını göstərir. Yəni müəllim olmaq istəyən namizədlər üçün proses ədalətli, müəyyən qaydalara əsaslanan şəkildə həyata keçirilir ki, bu da peşəyə olan etimadı və marağı artırır: “Xüsusilə regionlarda müəllim peşəsi əsas sabit gəlir mənbələrindən hesab olunur ki, bunu da səbəblər sırasında qeyd etmək mümkündür. Gənclər arasında müəllimlik peşəsinə olan marağın artmasında bu sahədəki stimullaşdırıcı tədbirlərin rolu da danılmazdır. Müəllimlərin sertifikatlaşdırılması və diaqnostik qiymətləndirmə prosesi nəticəsində yüksək nəticə göstərənlərin daha çox maaş alması peşəyə iqtisadi tərəfdən marağı artırır. Azərbaycanda müəllimlərin maddi motivasiyasını yaxşılaşdırmaq məqsədilə onların illik əməkhaqları Ümumi Daxili Məhsul (ÜDM) nisbətinə görə artırılır. Artım mərhələli şəkildə həyata keçirilir və müəllimlərin səriştəsi, bacarığı və göstərdiyi nəticələr nəzərə alınaraq fərqləndirilir (diferensiallaşdırılır). Bu tədbir “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da xüsusi yer almışdır”.