Ayla Həsənova-Məmmədova: Məktəblərin 4 254-ü internetlə təmin olunub

1 May, 2026 - 14:33
Ayla Həsənova-Məmmədova: Məktəblərin 4 254-ü internetlə təmin olunub

“Bu gün ölkədə fəaliyyət göstərən 4500 ümumi müəssisəsindən 4 min 254-ü internetə çıxışla təmin olunaraq, Azərbaycan Təhsil Şəbəkəsini formalaşdırıb. Bunlardan 250-dən çox şagirdi olan məktəblər fiber-optik, digərləri isə simsiz internet bağlantısı ilə təmin edilib”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini, Rəqəmsal kommunikasiya, qurum və tərəfdaşlarla iş sektorunun müdiri  Ayla Həsənova-Məmmədova “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən 3-cü Forum zamanı panel sessiyada söyləyib. 

Sektor müdiri qeyd edib ki, Azərbaycan Təhsil Şəbəkəsinə qoşulmuş ümumi təhsil müəssisələrinin internetə çıxışı zamanı internet sorğuları süzgəclənərək internetdən istifadəni təhlükəsiz qaydada təmin edir: “Müasir texnologiyalar və süni intellekt artıq təhsil prosesinin ayrılmaz hissəsinə çevrilib. Bu gün rəqəmsallaşma artıq yalnız texnoloji məsələ deyil, həm milli təhlükəsizlik, həm də dayanıqlı inkişaf məsələsidir. Azərbaycan Təhsil Şəbəkəsinə qoşulan bütün təhsil müəssiələrində zərərli məzmundan qorunma mexanizmi mövcuddur”.

A.Həsənova-Məmmədova rəqəmsal savadlılığın təmin edilməsi istiqamətində atılan addımlardan bəhs edərək bildirib ki, bu məqsədlə 9 ildir ümumtəhsil müəssiələrində informatika fənninin yeni və innovativ məzmunu “Rəqəmsal bacarıqlar” layihəsinin tətbiqinə başlanılıb: “Yeni məzmun şagirdlərə süni intellekt və rəqəmsal texnologiyalar üzrə bilik və bacarıqları aşılayır. Tədris proqramı təhsilalanları kibertəhlükəsizlik sahəsində maarifləndirir, alqoritmik və layihə əsaslı düşüncə tərzini formalaşdırır və onları gələcəyin peşələrinə hazırlayır”.

O qeyd edib ki, bu layihə hazırda ölkənin 59 rayon və şəhərində 772 məktəbdə tətbiq olunur və II - XI siniflər üzrə 530 000 -dən çox şagirdi əhatə edir. 

Nazirlik rəsmisi həmçinin 407 məktəb və 300 000 şagirdi əhatə edən STEAM layihəsindən və innovativ təşəbbüslərdən, xüsusilə Beynəlxalq STEAM Azərbaycan festivalı, “Kod saatı - Milli Hakaton”, “BilBacar” kimi müsabiqələrdən də söz açıb və vurğulayıb ki, belə təşəbbüslər şagirdlərin rəqəmsal mühitdə passiv istehlakçıdan aktiv yaradıcıya keçidinə töhfə verir:

“Bu istiqamətdə sosial media platformalarında maarifləndirici audiovizual materialların, podkastların və uğur hekayələrinin yayılması da mühüm rol oynayır. Bu yöndə Elm və Təhsil Nazirliyinin mətbu və media tərəfdaşları kimi “Azərbaycan müəllimi” və Təhsil TV-nin rolunu vurğulamaq istərdim. Bu platformalarda keyfiyyətli və etibarlı məzmunun sistemli şəkildə yerləşdirilməsi rəqəmsal mühitdə “psioxoloji boşluqların” zərərli informasiya ilə deyil, faydalı biliklə doldurulmasına imkan yaradır. Bu baxımdan dövlət və təhsil qurumları tərəfindən hazırlanmış audiovizual materialların, ekspert rəylərinin, maarifləndirici podkastların və uğur hekayələrinin geniş yayılması strateji kommunikasiya aləti kimi çıxış edir. Bu yanaşma şagirdlərin diqqətini keyfiyyətli məzmuna yönəltməklə yanaşı, onların rəqəmsal seçimlərini də formalaşdırır”.