Azərbaycan Din Xadimlərinin II Forumu keçirilib

25 Dekabr, 2025 - 10:27
Azərbaycan Din Xadimlərinin II Forumu keçirilib

Dekabrın 24-də Bakıda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Azərbaycanda dövlət-din münasibətlərinin konstitusion prinsipləri: dünyəvilik və vicdan azadlığı” mövzusunda Azərbaycan Din Xadimlərinin II Forumu keçirilib. 

"Azərbaycan müəllimi" xəbər verir ki, forumda Türkiyə, Özbəkistan, Qazaxıstandan olan nümayəndə heyətləri, müvafiq dövlət qurumlarının, Azərbaycan Respublikasında fəaliyyət göstərən müxtəlif konfessiyaların nümayəndələri, eləcə də dini təhsil müəssisələrinin müəllimləri, ilahiyyatçı alim və mütəxəssislər iştirak ediblər. 

Açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və Vətən müharibəsində qazanılan qələbənin 5-ci ildönümünə həsr olunmuş videoçarx nümayiş olunub.

Açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev də iştirak edib. 

Giriş nitqi ilə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, bugünkü tədbir 2024-cü ildə təməli qoyulmuş mühüm bir ənənənin məntiqi davamı olmaqla yanaşı, dövlət-din münasibətlərinin sağlam və davamlı inkişaf xəttinin  göstəricisidir. 

Türkiyə Cümhuriyyəti Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş qeyd edib ki, insanların inancına hörmət olunmayan cəmiyyətlərdə hüzurdan, sabitlikdən və rifahdan söhbət gedə bilməz. Onun sözlərinə görə, bütün dünyada sülh və birgəyaşayış ideyalarının bərqərar olmasına çalışan Azərbaycanda keçirilən bu cür tədbirlərin əhəmiyyəti olduqca yüksəkdir. Çünki bu cür platformalar birliyi gücləndirir, ortaq problemlərin həll yollarını tapmağa kömək edir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bildirib ki, Forumda müzakirə olunacaq məsələlər, səsləndiriləcək məruzələr dinlərarası dialoqun qurulması, dövlət-din münasibətlərinin konstitusion norma və prinsiplər əsasında daha səmərəli təmini sahəsində müsbət təcrübələrin təbliği baxımından əhəmiyyətli olacaq. 

Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib ki, bu Forum müəyyən olunmuş mövzu üzrə müzakirə platforması olmaqla yanaşı, Azərbaycan cəmiyyətinin mənəvi dayaqlarını, ailə dəyərlərini və insan amilini qorumağa yönəlmiş ortaq məsuliyyətimizin ifadəsidir. Qeyd edib ki, bu mötəbər tədbirin artıq ikinci dəfə keçirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi siyasi xəttə uyğun olaraq ölkəmizdə dövlət-din münasibətlərinin konstitusion prinsiplər əsasında inkişaf etdirilməsinə, dünyəvilik və vicdan azadlığı kimi fundamental dəyərlərin qorunmasına verilən yüksək önəmin təzahürüdür.

Özbəkistan Respublikasının Prezidentinin dövlət müşavirinin müavini, Beynəlxalq İslam Akademiyasının rektoru Müzəffər Kamilov, Qazaxıstan Respublikası Parlamenti Senatının üzvü Yernur Aitkenov və digər qonaqlar çıxışlarında forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətinə minnətdarlıqlarını bildiriblər. Çıxışlarda qeyd edilib ki, qloballaşma şəraitində dövlət-din münasibətlərinin tarazlaşdırılması sosial sabitlik və milli təhlükəsizlik üçün vacibdir. Azərbaycanın təcrübəsi, dünyəvi dövlət prinsiplərinə sadiq qalaraq dini tolerantlıq və vicdan azadlığını təmin etməsi xüsusi diqqətə layiqdir. Bu model dini həmrəyliyi və sosial sabitliyi gücləndirir. Belə forumlar dövlətlər arasında etimadın möhkəmlənməsinə və dayanıqlı inkişafa xidmət edir. 

Açılış mərasimindən sonra Forum öz işini panel müzakirələrlə davam etdirib. 

Forum çərçivəsində Elm və Təhsil Nazirliyi ilə birgə təşkil edilən “Rəqəmsal informasiya mühitində dini təhsil və maarifçilik strategiyaları” mövzusunda II panel müzakirəsində elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edib. 

Panel müzakirəsi Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafanın moderatorluğu ilə baş tutub. 

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışı zamanı rəqəmsal mühitin dini maarifçilik sahəsində yaratdığı imkanlar və çağırışlar barədə danışıb. Nazir müavini bildirib ki, rəqəmsal informasiya mühitində uşaq və gəncləri bir sıra ideoloji təhdidlər gözləyir ki, onlardan biri də dini təriqətlərin sosial şəbəkələrdə apardığı təbliğatdır. İnternetdən təhlükəsiz istifadə üsullarının öyrədilməsi son vaxtlarda Azərbaycan məktəblərində həm müvafiq fənn – informatika üzrə kurikulumun tərkib hissəsidir, həm də fənlərarası yanaşmadır. Belə ki, informatika dərslərində şagirdlər təhdidlərdən qorunmağı öyrənirsə, Azərbaycan dili dərslərində fakt və rəy, nəzər nöqtəsi, arqument və əks-arqument, maraqlı tərəf və onun təsir üsulları kimi anlayışlarla tanış olur və misallar üzərində müxtəlif növ mətnləri təhlil etməyi öyrənir. 

Firudin Qurbanov vurğulayıb ki, ümumi təhsil pilləsi üzrə təhsil proqramlarında, əsasən də həyat bilgisi, Azərbaycan tarixi, ümumi tarix fənləri üzrə təhsil proqramlarında təhsilalanların mədəni müxtəlifliyə hörmət etməsi, dinlər haqqında təsəvvürünün formalaşması, multikultural dəyərlərə hörmət aşılanır.

Nazir müavini qeyd edib ki, ümumtəhsil məktəbi səviyyəsində mənəvi-əxlaqi komponentin təhsilin məzmununa daxil edilməsi, şagirdlərin təlim potensialının inkişafına münbit şərait yaradır. Bu isə milli əxlaqi normalarının, mənəvi idealların öyrənilməsi, eləcə də dünyəvi etik normalarına və ənənəvi dinlər mədəniyyətinə dair təsəvvürlərin gündəlik həyata inteqrasiya olunması yolu ilə mümkün olur.

Nazir müavini çıxışının sonunda vurğulayıb ki, Azərbaycan təhsilinin başlıca məqsədlərindən biri də milli mənəvi dəyərlərə əsaslanan hədəflərə çatmaqdan ibarətdir.

Panel müzakirəsi zamanı  Azərbaycanda dini fəaliyyət və ilahiyyat sahəsində kifayət qədər təcrübə mövcud olsa da, vahid və etibarlı bir məlumat bazasının yaradılmasının əhəmiyyəti, saxta informasiya axını, yanlış yönləndirmələr və dəyərlərin aşınması baxımından milli-mənəvi irsə əsaslanan maarifçilik və gənclərlə məqsədyönlü işin vacibliyi qeyd edilib. 

Qeyd edək ki, Forum çərçivəsində “Multikultural dəyərlər sistemi: dövlət-din münasibətlərinin hüquqi və mədəni aspektləri”, “Qlobal təsirlər fonunda gənclərin maarifləndirilməsi: müasir metod və innovativ yanaşmalar” və “Qadınların sosial və mənəvi inkişafında dini icmaların rolu” mövzularına həsr olunan panel müzakirələr də təşkil olunub.

Azərbaycan Din Xadimlərinin II Forumu keçirilib
Azərbaycan Din Xadimlərinin II Forumu keçirilib
Azərbaycan Din Xadimlərinin II Forumu keçirilib
Azərbaycan Din Xadimlərinin II Forumu keçirilib