Azərbaycan gəncləri üçün yeni intellektual platforma formalaşır

30 Oktyabr, 2025 - 17:35
 0  2
Azərbaycan gəncləri üçün yeni intellektual platforma formalaşır

Global Olympiad Center (GOC) bu ildən etibarən dünyanın ilk beynəlxalq süni intellekt olimpiadası – "International Olympiad on Artificial Intelligence" (IOAI) üzrə ölkəmizin yeganə rəsmi nümayəndəsi seçilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, IOAI-nin tərəfdaşları dünyanın aparıcı universitetləri və qabaqcıl akademik qurumlarıdır. Bu statusla Azərbaycan ilk dəfə süni intellekt üzrə beynəlxalq olimpiada hərəkatına qoşulur.

Yeni təyinat çərçivəsində GOC tərəfindən Azərbaycan Süni İntellekt Olimpiadası – AI Azerbaijan təsis edilib. Olimpiada tam ödənişsizdir, bütün ölkəni əhatə edir və dörd mərhələdən ibarət milli layihə kimi planlaşdırılıb.

İştirak şərtləri:
Hədəf qrup: 5-11-ci sinif şagirdləri
Kateqoriyalar: Junior və Senior

Mərhələlər:
Milli seçim mərhələsi: Riyaziyyat və məntiq suallarından ibarət test imtahanı.
Milli final mərhələsi: Üç bölmə üzrə tapşırıqlar:

A. Nəzəri test: Süni intellekt, riyaziyyat, məntiq və data anlayışları üzrə çoxseçimli suallar;
B. Alqoritmik təfəkkür və AI simulyasiya: Sadə data, ardıcıllıq və qərar ağacları üzrə məntiq tapşırıqları; "Teachable Machine" və ya digər vizual AI mühitində modelləşdirmə;
C. Mini layihə və təqdimat: “AI for Social Good” mövzusunda sosial yönümlü ideya və təqdimat.

Ən yüksək nəticə göstərən şagirdlərdən Azərbaycan Milli Komandası formalaşdırılacaq və komanda ölkəmizi IOAI 2026 finalında Birləşmiş Ərəb Əmirliklərində təmsil edəcək.

Layihənin məqsədi gənclərin süni intellekt və texnoloji innovasiyalara marağını artırmaq, erkən yaşlardan analitik və yaradıcı düşünmə bacarıqlarını inkişaf etdirməkdir. Bu təşəbbüs Prezident İlham Əliyevin süni intellektin inkişafı və rəqəmsal transformasiya siyasəti ilə üst-üstə düşür və Azərbaycanın texnoloji gələcəyinin formalaşmasına xidmət edir.

Təqvim:
Qeydiyyat: 2026-cı ilin yanvarı
İlk imtahan mərhələsi: martın 14-ü

Qaliblər Azərbaycanı IOAI-nin final mərhələsində Birləşmiş Ərəb Əmirliklərində təmsil edəcəklər.