Azərbaycan gəncliyi dövlət səviyyəsində daim diqqət və qayğı ilə əhatə olunur - Prezident mükafatçısı 

30 Yanvar, 2026 - 19:02
Azərbaycan gəncliyi dövlət səviyyəsində daim diqqət və qayğı ilə əhatə olunur

Məlum olduğu kimi, yanvarın 30-da ölkə başçısı İlham Əliyev 2026-cı il Gənclər üçün Prezident mükafatının verilməsi haqqında Sərəncam imzalayıb. Yüksək dövlət mükafatına layiq görülən gənclərdən biri də Lamiyə Famil qızı Məmmədovadır.

L.Məmmədovanı "Azərbaycan müəllimi"nin oxucuları ilə yaxından tanış edirik.  

1999-cu ildə Gəncə şəhərində anadan olan Lamiyə Məmmədova 31 nömrəli tam orta məktəbin məzunudur. 2016-cı ildə yüksək balla Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasına daxil olub. 2017-ci ildən həmin ixtisas üzrə SABAH qruplarında təhsilini davam etdirib, 2020-ci ildə adıçəkilən ali təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirib. Həmin il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Gənclərlə iş” ixtisası üzrə magistraturaya daxil olub və 2022-ci ildə fərqlənmə diplomu ilə universiteti bitirib.            
                       
Lamiyənin uğura gedən yolu çox rəngarəng və zəngindir. Belə ki, fəal gəncimiz tələbəlik illərində SABAH Könüllülərində fəaliyyət göstərib. Təhsil aldığı müddətdə göstərdiyi aktiv sosial, ictimai fəaliyyətlərə görə müxtəlif sertifikat və təşəkkürnamələrlə təltif olunub. Lamiyə sosial iş sahəsi üzrə 2 məqalə və 1 tezis müəllifi olmaqla yanaşı, eyni zamanda “Coursera” platforması vasitəsilə müxtəlif xarici universitetlər üzrə gənclərlə iş, yumşaq bacarıqlar və idarəetmə mövzularında beynəlxalq sertifikatlara layiq görülüb. 2020-ci ildə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə nümayəndəliyində könüllülərlə iş üzrə təcrübəçi, klub rəhbəri, "Məşğulluq, sahibkarlıq sahəsində təhsil və icma inkişafı üzrə gənc resurs mərkəzi" layihəsində təlimçi-mentorun köməkçisi, 2021-ci ildə Azərbaycan Respublikasının Gənclər Fondunda Gənclər təşkilatları ilə iş üzrə təcrübəçi, daha sonra “SOS” Uşaq Kəndləri Azərbaycanda təlimçi olub. 2022-ci ildə “Böyük Qayıdış” Gənclər Təşkilatında təlimlər üzrə menecer, layihələr üzrə menecer, 2023- 2024-cü illərdə  proqram meneceri olaraq fəaliyyət göstərib. Lamiyə fəaliyyəti dövründə 40-dan çox irimiqyaslı proqram və layihənin təşkilində, 400-dən çox kiçikmiqyaslı təlim və seminarların icrasında, müxtəlif düşərgələrin koordinasiyasında iştirak edib. 

Yüksək bilik və təşkilatçılıq bacarığı ilə seçilən gəncimiz 2022- 2024-cü illərdə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planının 3.1.3 yarımbəndinin icrasına uyğun olaraq formalaşdırılan “Qayıdış Könüllüləri” Proqramının rəhbəri olub. O, Proqram çərçivəsində Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş ərazilərdə müvafiq xüsusi nümayəndəliklərinin, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyilə “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən icra olunan fəaliyyətlərdə layihə rəhbəri kimi fəaliyyət göstərib. Həmçinin bir ildən çox davam edən “Qarabağ gənclərinin bacarıqlarının artırılması” layihəsi çərçivəsində icra edilən fəaliyyətlərdə layihə rəhbəri-konsultant kimi iştirak edib. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə beynəlxalq layihələrdə ölkəmizi uğurla təmsil edib.
Lamiyə “2023-cü ildə fəaliyyəti ilə fərqlənən istedadlı və yaradıcı gənclər kateqoriyası” üzrə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən “İlin gənci” nominasiyası ilə təltif olunub. Hazırda “Böyük Qayıdış” Gənclər Təşkilatının idarə heyətinin üzvüdür.

“Qarabağ Universitetində fəaliyyət göstərmək mənim üçün xüsusi mənəvi məna daşıyır” 

2024-cü ildən “DAVAM” Gənclər Hərəkatında sədr müavini olaraq fəaliyyət göstərən Lamiyə Məmmədova elə həmin ildən Qarabağ Universitetində tələbələrlə iş üzrə mütəxəssis vəzifəsində çalışıb, 2025-ci ildən isə  sosiologiya üzrə müəllim kimi fəaliyyət göstərməklə bərabər, eyni zamanda  tələbələrlə iş üzrə böyük mütəxəssis vəzifəsində fəaliyyət göstərir.

Lamiyə "Böyük Qayıdış" Gənclər Təşkilatının İdarə Heyətinin üzvü olaraq ictimai fəaliyyətini həm universitet daxilində, həm də universitetdən kənar müstəvilərdə fəal şəkildə davam etdirir. Xüsusilə gənclərin vətənpərvərlik ruhunda maarifləndirilməsi, onların işğaldan azad olunmuş ərazilərdə icma quruculuğu prosesinə cəlb olunması və sosial fəallığının artırılması istiqamətində müxtəlif fəaliyyətlər həyata keçirir. Bu çərçivədə region gənclərinin təşəbbüskarlığının dəstəklənməsi, onların liderlik bacarıqlarının inkişaf etdirilməsi, həmçinin "Böyük Qayıdış" konsepsiyasına uyğun olaraq yeni yaradılan icmalarda gənclərin sosial inteqrasiyasına töhfə verilməsi istiqamətində müxtəlif layihələrin təşkili və koordinasiyasında yaxından iştirak edir.

Lamiyə xüsusilə Qarabağ Universitetində işləməkdən qürur duyduğunu söyləyir: “Qarabağ Universitetində fəaliyyət göstərmək mənim üçün xüsusi mənəvi məna daşıyır. Bu ali təhsil ocağı təkcə bir təhsil müəssisəsi deyil, həm də yenidən bərpa olunan Qarabağda elmin, gəncliyin və gələcəyin simvoludur. Burada çalışmaq ölkəmizin inkişaf prosesinin bir parçası olmaq, gənclərin formalaşmasına töhfə vermək deməkdir. Bunun üçün olduqca qürurluyam”.

Göstərilən bu yüksək etimad mənim üçün sadəcə bir mükafat deyil... 

Ali mükafatın sevincini yaşayan Lamiyə deyir ki, bu xəbəri eşidəndə böyük qürur hissi keçirib: “Etiraf edim ki, adımın mükafatçılar sırasında olması mənim üçün gözlənilməz oldu. Bu həyəcan məndə hələ də davam edir. Sözlə ifadə edə bilməyəcək qədər sevinc hissləri keçirirəm. Belə bir ali mükafata layiq görülmək çox qürurvericidir. Göstərilən bu yüksək etimad mənim üçün sadəcə bir mükafat deyil, eyni zamanda üzərimə düşən məsuliyyətin daha da artması deməkdir. Bu dəyərin doğruldulması üçün fəaliyyətimi daha böyük motivasiya ilə davam etdirmək niyyətindəyəm. Bu mükafat bir daha onu göstərir ki, Azərbaycan gəncliyi dövlət səviyyəsində daim diqqət və qayğı ilə əhatə olunub. Gənclərin potensialının üzə çıxarılması, bilik və bacarıqlarının dəyərləndirilməsi ölkə rəhbərliyinin əsas prioritetlərindəndir. Bu cür təşəbbüslər gənclərin cəmiyyətə daha fəal və məsuliyyətli şəkildə inteqrasiyasına güclü stimul verir.

Məni Prezident mükafatına layiq gördüyünə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Göstərilən bu etimad mənim üçün böyük şərəfdir. Bu diqqət və dəstək gələcək fəaliyyətimdə daha məsuliyyətli olmağa, ölkəmizin inkişafına və gənclər siyasətinin həyata keçirilməsinə töhfə verməyə məni daha da ruhlandırır”