Azərbaycan Kooperasiya Universitetinin 60 illiyinə həsr edilən konfrans keçirilib
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin, Azərbaycan Kooperasiya Universitetinin və Azərbaycan İqtisadçılar İttifaqının birgə təşkilatçılığı ilə Azərbaycan Kooperasiya Universitetinin 60 illik, onun tərkibində olan Bakı Biznes və Kooperasiya Kollecinin 85 illik yubileylərinə həsr edilmiş “Yeni reallıqlar şəraitində Azərbaycanın iqtisadi və sosial inkişafı: problemlər, çağırışlar, perspektivlər” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, beynəlxalq konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin eləcə də vətənimizin müstəqilliyi, torpaqlarımızın azadlığı, suverenliyi uğrunda şəhid olmuş qəhrəman vətən övladlarının əziz xatirəsinin yad olunması ilə açıq elan olunub.
Azərbaycan Kooperasiya Universitetinin rektoru, Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri, professor Eldar Quliyev açılış nitqi ilə çıxış edərək qonaqları salamlayıb.
Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov 60 illik yubileyin qeyd edilməsini Azərbaycan Kooperasiya Universitetinin tarixində mühüm hadisə kimi qiymətləndirib. Nazir müavini xatırladıb ki, universitetin 50 illik yubileyindən ötən 10 il ərzində ölkənin həyatında əhəmiyyətli dəyişikliklər baş verib:
“Ölkənin qarşıya qoyduğu məqsədlərə çatması üçün təhsil təşkilatlarının, ilk növbədə isə ali təhsil müəssisələrinin fəallığı tələb olunur. Universitet 60 illik yubileyinə qədəm qoyur və bu müddətdə milli iqtisadiyyat üçün mütəxəssis hazırlığı missiyasını uğurla yerinə yetirib. Bazar iqtisadiyyatının formalaşması dövründə minlərlə mütəxəssis universitetdə yenidən hazırlıq və ixtisasartırma kurslarından keçərək yeni iqtisadi mühitdə idarəetmənin xüsusiyyətlərini mənimsəyib”.
F. Qurbanov əlavə edib ki, müasir şərait davamlı inkişafı təmin edən, rəqabətədavamlı və səmərəli müəssisələrin yaradılmasını zəruri edir. Onun sözlərinə görə, universitet həm mövcud nailiyyətləri qorumağa, həm də yeni çağırışlara uyğunlaşmağa çalışmalıdır:
“Eyni zamanda, əldə olunmuş nailiyyətləri qorumaq, gələcək inkişaf strategiyasını diqqətlə nəzərdən keçirmək, mövcud iş metodlarını təkmilləşdirmək və yeni fəaliyyət sahələrini inkişaf etdirmək üçün əsas mərhələləri müəyyənləşdirmək vacibdir. Bu gün təhsil sistemində elmi potensialın qorunub saxlanılması, gənc elmi və elmi-pedaqoji kadrların hazırlanması qarşıda duran ən mühüm məsələlərdən biridir”.
Nazir müavini bunu da qeyd edib ki, əsas hədəf ali təhsildə keyfiyyətin beynəlxalq standartlara uyğunlaşdırılması, elmi-pedaqoji və maddi-texniki resursların təhsil alanların bilik və bacarıqlarının yüksəldilməsinə yönəldilməsidir. O, Azərbaycan Kooperasiya Universitetinin kollektivinin bundan sonra da ölkəmizin inkişafı və xalqımızın tərəqqisi üçün səylərini əsirgəməyəcəyinə inandığını bildirib.
Konfransda həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, professor İsa Həbibbəyli, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru professor Ədalət Muradov, Türkiyə Böyük Millət Məclisinin millət vəkili, Türkiyə–Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Azərbaycan Kooperasiya Universitetinin fəxri professoru Şamil Ayrım, Ankara Universitetinin rektoru professor Necdet Ünüvar, dünyaşöhrətli azərbaycanlı alim, Münxendəki Helmholtz Mərkəzinin professoru Məsud Əfəndiyev, Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan İqtisadçılar İttifaqının sədri, Milli Məclisin deputatı Ziyad Səmədzadə, Azərbaycan Kooperasiya Universitetinin beynəlxalq əlaqələr və təlim - tərbiyə işləri üzrə prorektoru professor Aygün Quliyeva və digərləri çıxış ediblər.
Sonra Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı tərəfindən Azərbaycan Kooperasiya Universitetinin 60 illik, Bakı Biznes və Kooperasiya Kollecinin 85 illik yubileyləri münasibətilə təhsildə və əməkdə səmərəli fəaliyyətlərinə görə hər iki təhsil müəssisəsinin bir qrup əməkdaşlarına fəxri fərmanlar təqdim olunub.
Konfrans fasilədən sonra 4 bölmə üzrə öz işini davam etdirib.


