Milli Ensiklopediyanın yeni cildi üçün 2300-dən çox məqalə yazılıb
Son bir il ərzində Azərbaycan Milli Elmlər Akademiyasının “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində genişmiqyaslı elmi-redaksiya işləri həyata keçirilib. Belə ki, ensiklopediyanın növbəti cildinə daxil edilməsi üçün ümumilikdə 2313 məqalə hazırlanaraq təqdim olunub.
AMEA-dan "Azərbaycan müəllimi"nə verilən məlumata görə, məqalələr coğrafiya, tarix, biologiya, iqtisadiyyat, ədəbiyyat, sosial elmlər, texniki və təbiət elmləri daxil olmaqla müxtəlif elmi sahələri əhatə edir. Ən çox məqalə coğrafiya, geologiya və ekologiya, biologiya və tibb, eləcə də ədəbiyyat və mədəniyyət istiqamətləri üzrə hazırlanıb.
Qeyd edək ki, Azərbaycan Milli Ensiklopediyasının 600 səhifəlik 11-ci cildi ötən il çapdan çıxıb. Bu cild “Hindistanda xalq üsyanı” məqaləsi ilə başlayır və “İqdam” məqaləsi ilə tamamlanır. Bununla yanaşı, ensiklopediyanın 12-ci cildi üçün məqalələrin ilkin variantları hazırlanaraq redaktə mərhələsinə təqdim edilib.
Eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı “Heydər Əliyev Ensiklopediyası” üzərində işlər tamamlanıb.
Xatırladaq ki, Azərbaycan Milli Ensiklopediyasının Redaksiya Heyətinin sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev, Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar Rzayev redaksiya heyəti sədrinin müavinləridir.
Azərbaycan Milli Ensiklopediyasının baş redaktoru AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, məsul katibi AMEA-nın vitse-prezidenti, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru akademik Tofiq Nağıyevdir.



