Azərbaycanda ali təhsil alanların sayı 6 faiz artıb
2025-2026-cı tədris ilində Azərbaycanda bakalavr və magistratura (rezidentura) səviyyələri üzrə təhsil alan ölkə vətəndaşlarının sayı 261,6 min nəfər olub.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin 2025-ci ilin yanvar-dekabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri ilə bağlı yaydığı məlumatda öz əksini tapıb.
Məlumatda qeyd olunub ki, təhsilalanların 51,6 faizini qadınlar təşkil edib. Əvvəlki tədris ili ilə müqayisədə tələbələrin sayı 15,1 min nəfər və ya 6,1 faiz artıb.
Məlumata görə, son illərdə ölkənin ali təhsil müəssisələrinə tələbə qəbulunda artım dinamikası müşahidə olunur. Belə ki, ali təhsilin bakalavriat (əsas, baza ali tibb təhsili) səviyyəsinə qəbul olunan tələbələrin sayı 2024-cü illə müqayisədə 4,2 faiz artaraq 59,8 min nəfərə çatıb.
Qəbul olunan tələbələrin ümumi sayında ödənişli əsaslarla təhsilə qəbul olunanların xüsusi çəkisi 49,1 faiz təşkil edib. Ödənişli təhsil alanların 74,4 faizi isə dövlət ali təhsil müəssisələrinin payına düşüb. Hazırda dövlət ali təhsil müəssisələri tələbələrinin 53,0 faizi təqaüd alır.
Qeyd edək ki, 2025/2026-cı tədris ilinin əvvəlinə ölkədə fəaliyyət göstərən 64 orta ixtisas təhsili müəssisəsində 65,8 min tələbə təhsil alıb, onların 63,8 faizini qadınlar təşkil edib.



