Azərbaycanda hər 1000 nəfərdən 974-ü təhsillidir

19 Yanvar, 2026 - 17:05
Azərbaycanda hər 1000 nəfərdən 974-ü təhsillidir

Bu gün Azərbaycanda 15 və yuxarı yaşlı əhalinin hər 1000 nəfərindən 974-ü ali, orta ixtisas, peşə və orta təhsilə malikdir.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin 2025-ci ilin yanvar–dekabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri ilə bağlı yaydığı məlumatda öz əksini tapıb.

2026-cı ilin əvvəlinə olan ilkin məlumatlara əsasən, ölkədə fəaliyyət göstərən 1708 dövlət və 164 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsində 115 min uşaq tərbiyə alır.

2025/2026-cı tədris ilinin əvvəlinə ölkənin 4160 dövlət və 35 qeyri-dövlət ümumi təhsil müəssisələrində (məktəbəhazırlıq qruplarında təhsil alanlar da daxil olmaqla) 1,7 milyon nəfər təhsil alıb.

Ümumi təhsil müəssisələrində ikinci və üçüncü növbələrdə təhsil alan şagirdlərin xüsusi çəkisi 21,6 faiz olub.

2025-ci ildə ümumi təhsil pilləsinin tam orta təhsil səviyyəsini 111,1 min nəfər bitirib ki, bu da əvvəlki illə müqayisədə 11,2 faiz çoxdur.