Azərbaycanın könüllülük hərəkatı bir çox ölkələrə nümunədir - Deputat

30 Yanvar, 2026 - 11:13
Azərbaycanın könüllülük hərəkatı bir çox ölkələrə nümunədir

“Azərbaycanın könüllülük hərəkatı bir çox ölkələrə nümunədir. Könüllülük hərəkatının institusional bir mərhələyə keçməsi gələcək üçün çox mühüm əhəmiyyət daşıyır”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar İskəndərov Könüllü Təşkilatlarının Dayanıqlı İnkişaf Forumu ll zamanı səsləndirib.

Deputat bildirib ki, bu gün Azərbaycanda gənclərlə bağlı görülən işlər sistemli şəkildə həyata keçirilir:

"Müstəqil Azərbaycanda gənclik sahəsində ilk yaradılan qurumlardan biri Gənclər və İdman Nazirliyi olub. Yəni SSRİ dövründən qalan müxtəlif nazirliklər var idi, amma müstəqil Azərbaycanın ilk yaradılan və xüsusi çəkisi olan nazirliklərindən biri məhz Gənclər və İdman Nazirliyi olub. Təşkilatların ardıcıl və məqsədli fəaliyyət göstərməsi, dövlətin ümumi siyasəti və təbii ki, gənclərin birliyi dövlətin güclü və dayanıqlı olmasının əsas şərtlərindən biridir”.

V.İskəndərovun sözlərinə görə, gənclər onlara haqsız irad tutanlara qulaq asmadan irəliləməlidirlər: “Bəzən iradlar səsləndirilir,  “bizim dövrümüzdə belə deyildi”, “biz belə olmamışıq”,- deyənlər var. Amma bu gün gənclərin imkanları, maliyyə imkanları və hüquqları əvvəlki – 80-ci, 90-cı, hətta 70-ci illərlə müqayisədə fərqlidir. İnsan gənc olanda, vaxtı və enerjisi varkən daha fəal olur, cəhdlər göstərir. Deməli, çalışmaq lazımdır. Əsas məsələ də məhz çalışmaqdır. İnsan gənc yaşda hərtərəfli inkişaf etmək, gələcəkdə imkanlı olmaq, qurucu olmaq istəyirsə, bu, tamamilə təbiidir. Yenə də bəziləri çıxıb deyəcəklər ki, “təvazökar olun”, “istəməyin”, “istəklərinizdən vaz keçin”. Belə deyənlər doğru danışmır. İstəmək pis deyil, əksinə, bu, yaxşı bir şeydir”.

Deputat qeyd edib ki, bu gün müstəqil Azərbaycan gəncliyi qarşısında ciddi vəzifələr dayanır: “İndi elə bir dövrdür ki, gələcəyin peşə sahibləri ölkənin davamlı inkişafını təmin edəcəklər. Elə əmək bazarı formalaşır ki, bu gün dəbdə olan peşələr sabah aktuallığını itirə bilər, onların yerinə yeniləri gələcək. Həmin yeni peşələri vaxtında öyrənmək, onlara yiyələnmək və daim inkişaf etmək lazımdır ki, gələcəkdə yaxşı peşə sahibi olasınız, həm yaxşı qazanasınız, həm də ailənizi layiqincə təmin edə biləsiniz.

Eyni zamanda özünüzü reallaşdıra biləsiniz və müstəqil Azərbaycan dövləti üçün sözün əsl mənasında vicdanlı vətəndaş, milli kadr kimi fəaliyyət göstərəsiniz. Çünki dövlətimizin savadlı, peşəkar gənclərə hər zaman ehtiyacı olub və olacaq”, – deyə deputat bildirib.