Azərbaycanlı tələbələr üçün Cənubi Koreyada təqaüd imkanı yaradılıb
Cənubi Koreyanın 2027-ci il üzrə “Global Korea Scholarship” (GKS) proqramı çərçivəsində bakalavr təhsili almaq istəyən Azərbaycan vətəndaşları üçün təqaüd ayrılıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, proqram üzrə Azərbaycan vətəndaşları üçün müraciətlər sentyabrın 15-dən 30-dək qəbul ediləcək. Namizədlər sənədlərini onlayn şəkildə “Study in Korea” platforması üzərindən təqdim etməlidirlər.
2027-ci il üzrə GKS proqramında səfirlik xətti ilə Azərbaycan vətəndaşları üçün 1 yer nəzərdə tutulub. Universitet xətti üzrə isə 74 ölkədən 30 nəfər assosiasiya dərəcəsi, 100 nəfər isə Universitet-Sənaye Əməkdaşlığı (UIC) proqramı üzrə seçiləcək. UIC proqramında bütün ölkələrin vətəndaşları iştirak edə bilər.
Onlayn müraciət başa çatdıqdan sonra sənədlərin bir orijinal dəsti sentyabrın 30-u saat 16:30-dək Koreya Respublikasının Azərbaycandakı səfirliyinə təqdim edilməlidir. İngilis və ya koreya dilində olmayan sənədlərə apostil və təsdiqlənmiş tərcümə əlavə olunmalıdır.
Sənəd qəbulu üzrə müsahibəyə keçən namizədlər sentyabrın ortalarında müsahibəyə dəvət olunacaqlar. Birinci mərhələnin nəticələrinin sentyabrın 18-dək açıqlanması planlaşdırılır.
Müraciət qaydaları və universitetlər haqqında ətraflı məlumat “Study in Korea” platformasında yerləşdirilib. Namizədlər onlayn müraciətlə bağlı sualları Koreyanın Milli Beynəlxalq Təhsil İnstitutuna (gksniied@korea.kr), müraciət müddəti və seçim prosesi ilə bağlı sualları isə Koreya Respublikasının Azərbaycandakı səfirliyinə (012-498-3950~3, azeremb@mofa.go.kr) ünvanlaya bilərlər.




