AzMİU-da azmərtəbəli binalar üzrə master-klas keçilib

2 Dekabr, 2025 - 11:03
AzMİU-da azmərtəbəli binalar üzrə master-klas keçilib
AzMİU-da azmərtəbəli binalar üzrə master-klas keçilib
AzMİU-da azmərtəbəli binalar üzrə master-klas keçilib
AzMİU-da azmərtəbəli binalar üzrə master-klas keçilib

Tanınmış memar Toğrul Ruslanoğlu gənc memarların peşəkar inkişafına dəstək məqsədilə Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Azmərtəbəli yaşayış evlərinin layihələndirilməsi” mövzusunda master-klas keçib.

Universitetdən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, memar nəzəri biliklərini tələbələr bölüşüb, real layihə nümunələri əsasında praktiki yanaşmaları paylaşaraq onların peşəkar baxışlarının formalaşmasına töhfə verib, iştirakçılara bu tip tikililərin əhali miqyasına uyğunluğu, ekoloji dayanıqlılığı və müasir memarlıq trendlərinə cavab verən üstünlükləri barədə geniş izah verib.

Master-klas interaktiv şəkildə davam edib. Tələbələr qonağa eskiz hazırlığı, konsept quruculuğu və layihə analizi ilə bağlı suallar ünvanlayıb, real təcrübəyə əsaslanan ətraflı cavablar alıblar. Praktiki nümunələr üzərində aparılan təqdimatlar gənc memarlarda yaradıcılıq düşüncəsi və layihələndirmə bacarıqlarını daha da gücləndirib.

Sonda Toğrul Ruslanoğlu bu təşəbbüsün tələbələr tərəfindən böyük maraqla qarşılanmasından məmnunluğunu bildirib. Bu kimi tədbirlərin gənc memarların inkişafında və ölkənin memarlıq mühitində bilik mübadiləsinin gücləndirilməsində mühüm rol oynadığını vurğulayıb.

Master-klas iştirakçılar üçün dəyərli peşəkar təcrübə kimi yadda qalıb.

Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd tələbələri azmərtəbəli yaşayış məkanlarının şəhərsalma strukturundakı rolu, funksionallığı, landşaftla inteqrasiyası və düzgün material seçiminin əhəmiyyəti barədə məlumatlandırmaqdır.