AzMİU-da tələbələr üçün beynəlxalq tematik vörkşop keçirilib
Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində, Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Le Corbi” şirkətinin, Memarlıq və Dizayn fakültələrinin birgə təşkilatçılığı ilə workshop təşkil olunub.
Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, Workshopda AzMİU-nun Memarlıq və Dizayn fakültələrinin memarlıq, dizayn, qrafik və media dizaynı ixtisasları üzrə təhsil alan tələbələri iştirak ediblər. Tədbir çərçivəsində şəhər mühitinin formalaşdırılması, davamlı şəhər inkişafı, müasir urbanistika yanaşmaları və dizayn həlləri ətrafında geniş müzakirələr aparılıb. Tələbələr nəzəri biliklərini praktik yanaşmalarla birləşdirərək öz ideya və konseptlərini təqdim edib, beynəlxalq şəhərsalma gündəliyində yer alan aktual mövzular üzrə fikir mübadiləsi aparıblar.
Workshop gənc memar və dizaynerlərin yaradıcı potensialının üzə çıxarılması, peşəkar düşüncə tərzinin formalaşdırılması, həmçinin tələbələrin beynəlxalq miqyaslı şəhərsalma proseslərinə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyıb.
Qeyd edək ki, bu kimi təşəbbüslər AzMİU-da müasir memarlıq və dizayn təhsilinin beynəlxalq şəhərsalma gündəliyi ilə əlaqələndirilməsi, tələbələrin qlobal proseslərə fəal şəkildə cəlb olunması və WUF13 kimi nüfuzlu platformalara hazırlıq baxımından mühüm rol oynayır.



