AzTU peşə məktəbi ilə əməkdaşlıq edəcək
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, memorandumun imzalanması mərasimində AzTU-nun rektoru Vilayət Vəliyev, Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Orxan Rəhimov, eləcə də hər iki tərəfin nümayəndələri iştirak ediblər.
Bildirilib ki, memorandum çərçivəsində təhsil, elm və istehsalat sahələrində əməkdaşlığın genişləndirilməsi, əmək bazarının tələblərinə uyğun yüksəkixtisaslı kadrların hazırlanması və qarşılıqlı maraq doğuran istiqamətlər üzrə birgə fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd olunub ki, bu əməkdaşlıq ölkənin nəqliyyat sektorunun intellektual potensialının gücləndirilməsinə, peşə və ali təhsil arasında əlaqələrin möhkəmləndirilməsinə, həmçinin kadr hazırlığı sisteminin müasir tələblərə və vahid standartlara uyğun təkmilləşdirilməsinə mühüm töhfə verəcək.




