AzTU Qazaxıstanın ali təhsil müəssisələri ilə əməkdaşlığı genişləndirir
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru professor Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Qazaxıstana səfəri Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında formalaşmaqda olan strateji əməkdaşlığın elmi, texnoloji və insan kapitalı komponentlərinin gücləndirilməsinə yönəlib.
“Azərbaycan müəllimi” xəbər verir ki, səfər proqramı Qazaxıstanın elm, texnologiya və sənaye potensialının cəmləşdiyi Öskemen, Karaqanda və Astana şəhərlərində yerləşən aparıcı texniki və tədqiqat universitetlərini əhatə edib. Səfər zamanı həmçinin sənaye müəssisələri ilə genişmiqyaslı əməkdaşlıq perspektivləri də müzakirə olunub.
Bu baxımdan səfər Azərbaycanla Mərkəzi Asiya arasında formalaşan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun dörd əsas sütununun – nəqliyyat-logistika dəhlizi, yaşıl enerji dəhlizi, rəqəmsal dəhliz və bilik dəhlizinin – elmi əsaslarının və dayanıqlı insan kapitalı ekosisteminin formalaşdırılmasına töhfə vermək məqsədi daşıyıb.
Səfərin ilk mərhələsində nümayəndə heyəti Öskemen (Ust-Kamenoqorsk) şəhərində nəqliyyat texnologiyaları və yüksək texnoloji metallurgiya üzrə universitet-sənaye klasteri formalaşdıran D. Serikbayev adına Şərqi Qazaxıstan Texniki Universitetində olub. Görüşlər zamanı nəqliyyat mühəndisliyi və ağıllı nəqliyyat sistemləri üzrə əməkdaşlıq imkanları, xüsusilə Çin Xalq Respublikası tərəfindən yaradılmış və müasir nəqliyyat texnologiyalarının tətbiqini təmin edən “LUBAN Emalatxanası” modelinin AzTU-da birgə qurulması perspektivləri müzakirə olunub.
Bununla yanaşı, tərəflər müasir metallurgiya, yeni materiallar, nəqliyyat texnologiyaları və rəqəmsal mühəndislik istiqamətlərində ortaq tədqiqatların həyata keçirilməsi imkanlarını nəzərdən keçiriblər. Universitetin qabaqcıl laboratoriyaları və sənaye ilə inteqrasiya modeli AzTU nümayəndə heyətində böyük maraq doğurub.
Karaqanda şəhəri Qazaxstanın metallurgiya, enerji kimi sahələri istiqamətində sənaye, loqistika və dayanıqlı inkişaf ekosistemini birləşdirən mərkəzi regionudur. Karaqanda şəhərində E.A. Buketov adına Karaqanda Milli Tədqiqat Universiteti, A. Saqinov adına Karaqanda Texniki Universiteti və Karaqanda Sənaye Universitetində keçirilən görüşlər zamanı metallurgiya və yeni materiallar, logistika, nəqliyyat və yaşıl enerji texnologiyaları və dayanıqlı inkişaf sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.
Tərəflər mühəndis hazırlığının müasir sənaye tələblərinə uyğunlaşdırılması, sənaye müəssisələri ilə birgə innovasiya layihələrinin hazırlanması, logistika və nəqliyyat texnologiyalarının inkişafı, yaşıl iqtisadiyyat və enerji keçidi istiqamətində ortaq fəaliyyət imkanlarını yüksək qiymətləndiriblər.
Görüşlər zamanı universitetlərin innovasiya infrastrukturu, tədqiqat laboratoriyaları və sənaye tərəfdaşlığı modelləri ilə tanışlıq həyata keçirilib və gələcək əməkdaşlığın konkret istiqamətləri müəyyənləşdirilib.
Astana süni intellekt, kibertəhlükəsizlik və digər rəqəmsal gələcək texnologiyalarının inkişafı, bu istiqamətdə universitet-sənaye klasterinin formalaşdığı yerdir.
Səfərin yekun mərhələsində nümayəndə heyəti Qazaxıstanın və bütövlükdə Mərkəzi Asiyanın ən nüfuzlu ali təhsil müəssisələri sırasında yer alan L.N. Qumilyov adına Avrasiya Milli Universiteti, Nazarbayev Universiteti və Astana İT Universitetində görüşlər keçirib.
Müzakirələrin əsas mövzularını yaşıl enerji texnologiyaları, süni intellekt, böyük verilənlər, kibertəhlükəsizlik, bulud texnologiyaları, maliyyə texnologiyaları, biomühəndislik, robototexnika və rəqəmsal transformasiya istiqamətləri təşkil edib.
Xüsusi olaraq süni intellekt və verilənlərin təhlili sahələrində birgə tədqiqatların aparılması, innovasiya ekosistemlərinin inteqrasiyası, texnologiya transferi və beynəlxalq konsorsium layihələrində birgə iştirak imkanları nəzərdən keçirilib.
Qeyd edək ki, bu səfər AzTU nümayəndə heyətinin Qazaxıstanın elm, innovasiya və yüksək texnologiyalar paytaxtı hesab olunan Almatı şəhərinə həyata keçirilmiş əvvəlki səfərin məntiqi davamı olub. Beləliklə, AzTU qısa müddət ərzində Qazaxıstanın əsas elm, təhsil və sənaye mərkəzləri olan Almatı, Öskemen, Karaqanda və Astananı əhatə edən geniş əməkdaşlıq platformasının formalaşdırılmasına nail olub.
Bu çərçivədə tərəflər qeyd olunan prioritet istiqamətlər üzrə birgə elmi-tədqiqat və innovasiya layihələrinin hazırlanması, universitetlərarası ortaq tədqiqat qruplarının yaradılması, professor-müəllim heyətinin, doktorant, magistrant və gənc tədqiqatçıların qarşılıqlı mübadiləsi, beynəlxalq elmi konfransların, forumların və yay məktəblərinin təşkili, eləcə də ikili diplom proqramlarının, birgə dissertasiya rəhbərliklərinin həyata keçirilməsi istiqamətində əməkdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər.
Bu tərəfdaşlıq Orta Dəhliz boyunca yerləşən ölkələrin universitetləri, tədqiqat mərkəzləri və sənaye müəssisələri arasında bilik, texnologiya və insan kapitalının hərəkətliliyini gücləndirməklə regionun qlobal innovasiya xəritəsində mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verəcək.
Qeyd edək ki, AzTU rektorunun rəhbərlik etdiyi nümayəndə heyətində Sənaye Dizaynı və Texnologiyaları İnstitutunun direktoru Manafəddin Namazov və Müdafiə Texnologiyaları və Kibertəhlükəsizlik İnstitutunun direktoru Rahid Ələkbərli təmsil olunub.



