AzTU qlobal istiləşmə üzrə 14-cü beynəlxalq konfransa ev sahibliyi edəcək

2 İyul, 2026 - 11:38
AzTU qlobal istiləşmə üzrə 14-cü beynəlxalq konfransa ev sahibliyi edəcək

2–4 sentyabr tarixlərində Azərbaycan Texniki Universitetində (AzTU) 14-cü Qlobal İstiləşmə üzrə Beynəlxalq Konfrans (GCGW-2026) keçiriləcək.

Bu barədə "Azərbaycan müəllimi"nə AzTU-dan məlumat verilib.

Konfrans qlobal istiləşmə, iqlim dəyişiklikləri, enerji, ətraf mühit və dayanıqlı inkişaf sahələrində fəaliyyət göstərən alimləri, tədqiqatçıları və mütəxəssisləri bir araya gətirəcək.

Multidissiplinar beynəlxalq elmi platforma olan GCGW-2026 qlobal istiləşmənin təsirləri, bərpa olunan enerji, hidrogen texnologiyaları, enerji siyasəti, karbon emissiyalarının azaldılması, enerji səmərəliliyi, ekosistemlərin qorunması, süni intellektin enerji sektorunda tətbiqi və digər aktual istiqamətlər üzrə elmi müzakirələrin aparılmasına imkan yaradacaq.

Konfransa qəbul edilərək təqdim olunan məqalələr konfrans materiallarında dərc olunacaq. Seçilmiş yüksəkkeyfiyyətli elmi işlərin genişləndirilmiş versiyalarının isə beynəlxalq elmi jurnalların xüsusi buraxılışlarında nəşri nəzərdə tutulur.

Ətraflı məlumat və qeydiyyat üçün: https://aztuconference.aztu.edu.az/conference_detail/35