AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar
4–9 oktyabr tarixlərində Qazaxıstan Respublikasının Aktau şəhərində Ş.Yesenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetində Xəzəryanı ölkələrin Universitetləri və Elmi-Tədqiqat Mərkəzləri Assosiasiyasının təşkilatçılığı ilə “Xəzər Oyunları” (Caspian Games) beynəlxalq idman tədbiri keçirilib.
Azərbaycan, Qazaxıstan, Rusiya, İran və Türkmənistanın ali təhsil müəssisələrini təmsil edən idmançıların qatıldığı yarışda Azərbaycan Texniki Universitetinin (AzTU) nümayəndə heyəti də iştirak edib. Boks müəllimi İsgəndər Rizayevin rəhbərliyi ilə AzTU-nun 7 tələbəsi yarışda mübarizə aparıb.
Bu barədə universitetdən "Azərbaycan müəllimi"nə məlumat verilib. Bildirilib ki, AzTU tələbələri Murad Mehtili, Asiman Allahyarlı, Ayan Allahverdiyeva, Leyla Ələkbərova, Vüsal Cəlilov, Əlabbas Abdullayev və Aqşin Əlizadə Azərbaycanı və universiteti uğurla təmsil ediblər.
Yüngül atletika, voleybol, futzal, basketbol, üzgüçülük, karate-do, boks, şahmat və kibersport növləri üzrə keçirilən yarışda AzTU tələbələri bir qızıl, iki bürünc medal qazanıblar:
Aqşin Əlizadə — şahmat üzrə 1-ci yer (qızıl medal);
Ayan Allahverdiyeva — şahmat üzrə 3-cü yer (bürünc medal);
Asiman Allahyarlı — boks üzrə 74 kq çəki dərəcəsində 3-cü yer (bürünc medal).




