AzTU tələbələri yeni dron layihəsi hazırlayıb
Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnika və texnologiya fakültəsinin Müdafiə sistemləri və texnoloji inteqrasiya kafedrasında yeni dron layihəsi hazırlanıb.
Universitetdən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, kafedranın professoru Əsəd Rüstəmovun elmi rəhbərliyi ilə M364A2 qrupunun tələbələrinin hazırladığı dron layihəsi müasir FPV texnologiyalarına əsaslanır və real vaxt rejimində görüntü ötürülməsi, yüksək manevr qabiliyyəti, uçuşun sabit idarə olunması və modulyar quruluşu ilə fərqlənir. Dronun konstruksiyasında aerodinamik dayanıqlıq, elektron idarəetmə sistemlərinin uyğunluğu, enerji sərfiyyatının səmərəli təşkili və proqram təminatının düzgün tənzimlənməsi əsas götürülüb.
Hazırlanan FPV dron uzunmüddətli uçuş imkanları, məsafədən idarəetmə qabiliyyəti, çevik hərəkət trayektoriyası və müxtəlif texniki tapşırıqlara uyğunlaşdırıla bilən quruluşu ilə seçilir. Layihədə istifadə olunan komponentlər tələbələrə pilotsuz uçuş aparatlarının mexaniki, elektron və proqram təminatı hissələrinin qarşılıqlı iş prinsipini praktiki şəkildə öyrənməyə imkan verir.
Bundan əlavə, layihə radioelektron mübarizə vasitələri ixtisası üzrə təhsil alan tələbələrin peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu cür layihələr tələbələrin nəzəri biliklərini möhkəmləndirməsinə, texniki və mühəndislik bacarıqlarını inkişaf etdirməsinə, konstruktiv və analitik təfəkkürünün formalaşmasına, eləcə də müdafiə sənayesi sahəsində praktiki təcrübə qazanmasına şərait yaradır.




