Azyaşlılar hansı hallarda cinayət məsuliyyəti daşıyır? – Qanun nə deyir?

14 İyul, 2026 - 13:32
Azyaşlılar hansı hallarda cinayət məsuliyyəti daşıyır? – Qanun nə deyir?

Yetkinlik yaşına çatmayan şəxslərin törətdikləri əməllərə görə cinayət məsuliyyəti daşıması hüquq sisteminin ən həssas sahələrindən biridir. Bu kateqoriyaya aid işlərə baxılarkən yalnız törədilmiş əmələ deyil, həm də azyaşlının yaşı, psixoloji vəziyyəti, tərbiyə mühiti və gələcəkdə cəmiyyətə yenidən inteqrasiya imkanları nəzərə alınır. Məhz buna görə qanunvericilik yetkinlik yaşına çatmayanlarla bağlı cinayət məsuliyyətinə cəlb edilmə, müəyyən hallarda cinayət məsuliyyətindən azad edilmə və şərti olaraq vaxtından əvvəl cəzadan azad olunma kimi məsələləri ayrıca tənzimləyir. Bəs hansı hallarda azyaşlı cinayət məsuliyyətinə cəlb olunur, hansı şərtlərlə məsuliyyətdən və ya cəzanın qalan hissəsini çəkməkdən azad edilə bilər? 

“Azərbaycan müəllimi” mövzu ilə bağlı hüquqi məqamları araşdırıb.

 

Cərimənin məbləği 600 manatı ötə bilməz

 Əvvəlcə məlumat üçün qeyd etməliyik ki, ölkəmizdə yetkinlik yaşına çatmayanların cinayət məsuliyyətinə cəlb edilməsi və digər müddəalar Cinayət Məcəlləsinin (CM) 14-cü fəslində öz əksini tapır.

Belə ki, yetkinlik yaşına çatmayanların cinayət məsuliyyəti məcəllənin 84-cü maddəsi ilə tənzimlənir. Bu maddəyə görə, cinayət törədərkən 14 yaşı tamam olmuş, lakin 18 yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Belə şəxslər cinayət törətdikdə onlara cəza təyin edilə və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər.

Cəzanın növləri isə məcəllənin 85-ci maddəsində öz əksini tapır. Maddədə göstərilir ki, yetkinlik yaşına çatmayanlara cərimə, ictimai işlər, islah işləri azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrumetmə kimi cəzalar təyin edilir.

Cərimə yalnız müstəqil qazancı və ya cəzanın ödənilməsinə yönəldilə bilən əmlakı olan şəxslərə təyin edilir. Bu cərimə 600 manatadək miqdarda olur.

 

İctimai işlər gündə 3 saatdan çox ola bilməz

 İctimai işlər 80 saatdan 320 saatadək müddətə təyin olunur. Bu cəza məhkumun bacardığı, asudə vaxtlarda yerinə yetirdiyi işlərdən ibarətdir. Bu cəza növünün icra müddəti 15 yaşınadək şəxslər üçün gündə 2 saatdan, 15 yaşdan 16 yaşadək şəxslər üçün isə 3 saatdan çox ola bilməz.

İslah işləri 2 aydan 1 ilədək müddətə təyin edilir. Bu zaman məhkumun qazancından məhkəmənin hökmü ilə müəyyən edilmiş miqdarda, 5 faizdən 20 faizə qədər pul dövlət nəfinə tutulur.

 

Azyaşlılar necə il azadlıqdan məhrum edilə bilərlər?

 Azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara 2 aydan 2 ilədək müddətə təyin edilir. Azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara 10 ildən çox olmayan müddətə təyin edilir. Yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar cəzalarını ümumi rejimli tərbiyə müəssisələrində, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş oğlanlar isə möhkəm rejimli tərbiyə müəssisələrində çəkirlər.

 Cəza necə təyin edilir?

 

Yetkinlik yaşına çatmayanlara müvafiq cəzanın tətbiq edilməsi məcəllənin 86-cı maddəsi ilə tənzimlənir. Belə ki, yetkinlik yaşına çatmayan şəxsə cəza təyin edərkən məhkəmə həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır.

 Hansı tərbiyəvi xarakterli məcburi tədbirlər var?

 

Məcəllənin 87-ci maddəsində göstərilir ki, yetkinlik yaşına çatmayan şəxsə onun əməli nəticəsində vurulmuş ziyanın və bu CM-də nəzərdə tutulmuş cinayətləri təkrar törətməyin nəticələri izah edilərək xəbərdarlıq edilir. Bəzi hallarda valideynlərin və ya onları əvəz edən şəxslərin, yaxud müvafiq icra hakimiyyəti orqanının üzərinə yetkinlik yaşına çatmayan məhkuma tərbiyəvi təsir göstərmək davranışına nəzarət etmək vəzifəsi qoyulur. Şəxsin əmlak vəziyyəti və müvafiq əmək vərdişlərinə malik olması nəzərə alınaraq onun üzərinə vurulmuş ziyanı aradan qaldırmaq öhdəliyi qoyulur.

Bəzi hallarda məhkumun müəyyən yerlərə getməməsi, asudə vaxtdan istifadənin müəyyən formalarını, o cümlədən mexaniki nəqliyyat vasitələrinin idarə olunmaması, günün müəyyən vaxtlarından sonra evdən kənarda olmaması, müvafiq dövlət orqanının icazəsi olmadan başqa ərazilərə getməməsi kimi tədbirlər də nəzərdə tutula bilər. Yetkinlik yaşına çatmayan şəxsə həmçinin təhsilini davam etdirmək və ya müvafiq icra hakimiyyəti orqanının köməyi ilə işə düzəlmək vəzifəsi də müəyyən edilə bilər. Bu tədbirlərdən başqa asudə vaxtın məhdudlaşdırılması və şəxsin davranışına xüsusi tələblərin qoyulması digər tədbirləri də nəzərdə tuta bilər.

 

Eyni vaxtda bir neçə məcburi tədbir tətbiq edilə bilər

 

Məcəllənin 88-ci maddəsinə görə, yetkinlik yaşına çatmayan ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət etdikdə onun islah olunması mümkün hesab edilərsə, cinayət məsuliyyətindən azad edilə bilər. Yetkinlik yaşına çatmayanlara xəbərdarlıq, valideynlərin nəzarətinə vermək, vurulmuş ziyanın aradan qaldırılması, asudə vaxtını məhdudlaşdırmaq və davranışı ilə bağlı xüsusi tələblər müəyyən etmək kimi tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Qeyd olunur ki, şəxsə eyni vaxtda bir neçə tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Şəxs tərbiyəvi xarakterli məcburi tədbirləri yerinə yetirmədikdə müvafiq dövlət orqanının təqdimatı əsasında həmin tədbirlər ləğv edilir. Bununla da materiallar şəxsin cinayət məsuliyyətinə cəlb olunması üçün məhkəməyə göndərilir.

 Bu hallarda cəzadan azad edilirlər

 

Məcəllənin 89-cu maddəsinə görə, az ağır cinayət etməyə görə məhkum edilmiş yetkinlik yaşına çatmayan şəxs tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilməklə cəzadan azad oluna bilər. Belə ki, məhkəmə məhkum olunmuş şəxsin xüsusi təlim-tərbiyə müəssisəsində və ya tibbi-tərbiyə müəssisəsində yerləşdirilməsi ilə cəzanın məqsədinə nail olmağı mümkün hesab edərsə, cəzadan azad edilə bilər. Bu halda yetkinlik yaşına çatmayan şəxs göstərilən müəssisədə 18 yaşa çatana qədər, lakin 3 ildən artıq olmamaq şərti ilə saxlanılır. Məhkum islah olunduqda xüsusi təlim-tərbiyə müəssisəsinin və ya tibbi-tərbiyə müəssisəsinin müdiriyyətinin və uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın birgə təqdimatına əsasən vaxtından əvvəl buraxılması haqqında qərar qəbul edilə bilər.

 Vaxtından əvvəl cəzadan azad olmaq üçün bunlara əməl edilməlidir

 

CM-nin 90-cı maddəsinə görə, islah işlərinə, azadlığın məhdudlaşdırılmasına və ya azadlıqdan məhrum etməyə məhkum edilmiş yetkinlik yaşına çatmayanlar barəsində cəzadan şərti olaraq vaxtından əvvəl azad edilə bilərlər. Belə ki, məhkum az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə bir hissəsini çəkdikdən, ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını çəkdikdən, xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini çəkdikdən sonra  şərti olaraq vaxtından əvvəl cəzadan azad edilə bilər.

Həmçinin az ağır cinayət törətməyə görə müəyyən müddətə azadlıqdan məhrum edilən şəxsin cəzasını çəkdiyi dövrdə davranışı nəzərə alınaraq, məhkəmə cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edə bilər. Bu halda şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Şəxsin qalan cəzasının daha yüngül cəza ilə əvəz edilməsi, müddətin ən azı dörddə bir hissəsi çəkildikdən sonra tətbiq edilə bilər.