“Azərbaycan məktəbi” müəllifləri fəal olmağa çağırıb
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin “Azərbaycan məktəbi” jurnalının 2026-cı il üçün 3-cü (ümumilikdə 716-cı) sayı işıq üzü görüb.
"Azərbaycan müəllimi" xəbər verir ki, jurnalın baş redaktoru Arzu Soltan yeni sayla bağlı müraciətində PISA 2025 nəticələrinin təhsil siyasətinin və əvvəlki islahatların nəticələrinin təhlili üçün mühüm göstərici olduğunu qeyd edib. Baş redaktor “Azərbaycan məktəbi” jurnalının bu istiqamətdə aparılan elmi və analitik təhlilləri işıqlandırmağa davam etdiyini bildirərək müəllifləri təhsil sahəsindəki proseslərin araşdırılmasında fəal olmağa çağırıb.
Jurnalın bu sayında Aqşin Əliyev, Ramil Məmmədov, Saad Həsənova, Solmaz Cahangirova, Aydan Məmmadzadə, Aysel Allahverdiyeva, Aytac Fətəliyeva, Sudabə Eyubova, Günel Qurbanova, Fidan Sarmaslı, Şahin Ağazadə, Emil Qasımov, Selma Yel, Fazilet Kılıç, Kemal Faruk Bakır, Halil Ziya Özcan, Jalə Mehrəliyeva, Səmra Sultan, Xalidə Əmirova, Şəhla Novruzovanın müəllifi olduqları müxtəlif aktual məqalələr dərc olunub.
Yeni sayda təhsil idarəçiliyi, rəqəmsal idarəetmə, müəllim hazırlığı, inklüziv təhsil, riyaziyyat və xarici dillərin tədrisi, məktəblərdə psixoloji xidmət, eləcə də distant təhsil kimi aktual istiqamətlərə həsr olunmuş elmi məqalələr yer alıb.
Nömrənin ilk məqaləsində Azərbaycan təhsilində Çin dilinin distant tədrisinin nəzəri və praktik aspektləri araşdırılır. Tədqiqatda 2019-cu ildən həyata keçirilən distant Çin dili kurslarının təşkili, tədris modeli, kurikulum və dərslik seçimi, öyrənmə səviyyələri, eləcə də rəqəmsal və texnoloji səriştələrin tədris prosesinə təsiri təhlil olunur.
Növbəti məqalələrdə dövlət idarəçiliyi yönlü bakalavr ixtisaslarının dövlət qurumlarında karyera imkanları ilə uyğunluğu, ali təhsil müəssisələrində rəqəmsal idarəetmənin qiymətləndirilməsi və müasir qiymətləndirmə modelləri, ali təhsildə insan resurslarının idarə olunması və rəqəmsal kompetensiyaların inteqrasiyası kimi mövzulara diqqət yetirilir.
Jurnalın yeni sayında inklüziv təhsilin ali təhsil proqramlarında yeri və tədrisi ilə bağlı araşdırma da təqdim olunur. Həmçinin həndəsi anlayışların mənimsənilməsində psixoloji və mədəni amillər, riyaziyyatın tədrisi metodikasının müasir inkişaf istiqamətləri araşdırılır.
Xarici dillərin tədrisinə dair məqalələrdə isə orta məktəb ingilis dili müəllimlərinin yeni ingilis dili imtahanlarına münasibətləri və mədəniyyətlərarası ünsiyyətin xarici dil tədrisinə inteqrasiyası məsələləri təhlil edilir. Jurnalın yeni sayı məktəblərdə psixoloji xidmətin təşkili ilə bağlı mövcud problemlər və onların aradan qaldırılması yollarına həsr olunmuş tədqiqatla tamamlanır.
“Azərbaycan məktəbi” jurnalının 2026-cı il üzrə 3-cü sayında yer alan məqalələrlə jurnalın rəsmi internet səhifəsində tanış olmaq mümkündür.




