Bağçaya qəbul necə olacaq? – Valideynlər üçün yeni sistemin detalları
Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi və daha çox uşağın erkən təhsilə cəlb olunması məqsədilə dövlət-özəl əməkdaşlığı çərçivəsində yeni maliyyələşmə modelinin tətbiqi nəzərdə tutulur. Nazirlər Kabinetinin bu ilin iyulunda verdiyi qərarla “Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi Qaydaları” təsdiq edilib. Bu qaydalar hansı ölkələrin təcrübəsinə əsaslanıb? Azərbaycanda bu modeldən gözləntilər nədən ibarətdir?
Yeni model Azərbaycanda təcrübədən keçirilib
Uzağa getmək lazım deyil, bu istiqamətdə Azərbaycanda artıq təcrübə var. Özəl məktəbəqədər təhsil müəssisələri üçün həyata keçirilən qrant müsabiqəsi çərçivəsində birinci il 1300-ə yaxın uşaq, sonrakı 2025/2026-cı tədris ilində isə 4 mindən çox uşaq erkən təhsilə cəlb edilib, ailələrə maliyyə dəstəyi göstərilib. Bununla da özəl məktəbəqədər təhsil müəssisələrinin imkanlarından daha səmərəli istifadə edilməsi məsələləri araşdırılıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetində Təlim Tədris Mərkəzinin müdiri, təhsil mütəxəssisi Xalidə Həmidova “Azərbaycan müəllimi”nə müsahibəsində bildirib ki, həyata keçirilən müsabiqə məhz bu prosesə hazırlıq xarakteri daşıyıb. Onun sözlərinə görə, müsabiqənin gedişinin izlənilməsi ilə yanaşı, valideynlərin prosesə necə daha rahat cəlb olunması və onlara göstəriləcək dəstək mexanizmləri də müzakirə edilib.
Məktəbəqədər təhsilin əhatəliliyin artırılması üçün alternativ modellərin tətbiqi daha məqsədəuyğundur
Onun sözlərinə görə, Azərbaycanda məktəbəqədər yaşlı uşaqların təhsilə cəlb olunma səviyyəsinin uzun müddət aşağı olması alternativ modellərə ehtiyacı artırıb. Bu məqsədlə icma əsaslı qruplar, məktəbəhazırlıq qrupları, 3–5 yaşlı uşaqların prosesə cəlb olunması, günüuzadılmış qayğı mərkəzləri və ailə tipli məktəbəqədər müəssisələr kimi müxtəlif modellər nəzərdən keçirilib.
Xalidə Həmidovanın fikrincə, məktəbəqədər təhsilin əhatə dairəsini yalnız yeni bağçaların tikintisi hesabına artırmaq real və səmərəli yanaşma deyil: “Bir məktəbəqədər təhsil müəssisəsinin qurulması milyonlarla vəsait tələb edir. Bu baxımdan özəl bağçaların prosesə cəlbi vacibdir”.
Dövlət-özəl əməkdaşlığı nəticəsində həm dövlət, həm də ailə büdcəsinə qənaət olacaq
Onun sözlərinə görə, dövlət-özəl əməkdaşlığı həm dövlət büdcəsinə, həm də valideynlərin ailə büdcəsinə qənaət etməyə imkan verə bilər. Eyni zamanda bu mexanizm özəl sektorun inkişafına da əlavə stimul yarada bilər.
Hazırda ölkədə 130 özəl məktəbəqədər təhsil müəssisəsinin olduğu bildirilir. Bu müəssisələrin müəyyən edilmiş tələblərə cavab verən hissəsinin prosesə cəlb olunması yeni bağçaların tikilməsinə olan ehtiyacı müəyyən qədər azalda bilər.
Dövlət dəstəyi valideynin seçim imkanlarını genişləndirəcək?
Yeni mexanizmin əsas üstünlüklərindən biri valideynlərə daha çox seçim imkanı yaratmaqdır. Bütün ailələrin övladlarını özəl bağçaya göndərmək üçün eyni maliyyə imkanına malik olmadığını nəzərə alsaq, dövlət dəstəyi ilə özəl məktəbəqədər təhsil müəssisələrindən istifadə imkanının yaradılması əlavə seçim imkanı deməkdir. Mütəxəssisin fikrincə, bu imkan sayəsində bir qrup valideyn dövlət bağçasına üstünlük verə, digər qrup dövlət dəstəyi hesabına özəl bağçadan yararlana, maddi imkanı olan valideynlər isə övladının təhsil xərclərini özləri ödəyə bilərlər: “Layihə çərçivəsində özəl bağçanın xidmət haqqının 70 faizini dövlət ödəyəcək. Bakı şəhərində aylıq ödənişin 350 manatı, rayonlarda isə 250 manatı keçməməsi şərti ilə maliyyələşmənin həyata keçirilməsi planlaşdırılıb”.
Xalidə Həmidova hesab edir ki, bu mexanizm yalnız valideynlər üçün deyil, dövlət üçün də iqtisadi baxımdan faydalıdır: “Bağçaların tikilməsi çox baha başa gəldiyindən dövlət bu modeli tətbiq etməklə həm öz büdcəsinə, həm də vətəndaşın büdcəsinə qənaət edir”.
Mütəxəssisin fikrincə, yeni modelin tətbiqi özəl sektorun, yəni biznesin inkişafına da töhfə verəcək: “Dövlət dəstəyindən yalnız müəyyən tələblərə cavab verən özəl məktəbəqədər təhsil müəssisələri yararlana biləcək. Bunun üçün müəssisənin lisenziyaya malik olması əsas şərtlərdən biri kimi müəyyənləşdirilib. Nəticədə, uzun müddət fəaliyyət göstərməsi müəssisəyə avtomatik olaraq layihədə iştirak hüququ verməyəcək. Lisenziyası olmayan bağçalar hətta illərdir fəaliyyət göstərsələr belə, dövlət dəstəyi mexanizminə cəlb edilə bilməyəcəklər”.
Ancaq lisenziyanın mövcudluğu da kifayət etməyəcək: “Müəssisələrin fəaliyyətinin müəyyən edilmiş normativlərə uyğunluğu monitorinq ediləcək. Bu mexanizm özəl bağçaların dövlət tərəfindən müəyyənləşdirilən standartlara uyğunlaşmasına da stimul verə bilər. Belə bir dəstək nəticəsində lisenziyası olmayan bağçalar da lisenziya almağa çalışacaqlar. Artıq onlar dövlətin müəyyən etdiyi tələblərə uyğunlaşmağa, normativləri yerinə yetirməyə məcbur olacaqlar. Bu da öz növbəsində həmin müəssisələrin özlərinin də inkişafına ciddi dəstək verəcək”.
Qiymətləri sonradan dəyişdirə bilməyəcəklər
Layihə çərçivəsində qiymət artımının qarşısının alınması üçün də konkret mexanizmlər müəyyənləşdirilib: “Qaydalara görə, özəl məktəbəqədər təhsil müəssisəsi layihəyə müraciət edərkən xidmət haqqını əvvəlcədən göstərməlidir. Daha sonra həmin qiymətin layihə müddətində dəyişdirilməsinə yol verilməyəcək.
Bağça dövlətlə birillik müqavilə bağlayacaq və müqavilədə göstərilən sayda uşağı qəbul etməklə yanaşı, əvvəlcədən müəyyənləşdirilmiş xidmət haqqı ilə bağlı öhdəliyə əməl etməli olacaq”.
Qəbul elektron sistem vasitəsilə aparılacaq
Maraqlıdır, seçim necə gedəcək? Valideynlərin uşağı istənilən özəl bağçaya yerləşdirib bunun üçün dövlət dəstəyi alması mümkün olacaq, yoxsa yalnız dövlətin təklif etdiyi özəl müəssisələri seçə biləcəklər?
Xalidə Həmidova deyir ki, qəbul prosesi elə indiki kimi olacaq: “Dövlət məktəbəqədər təhsil müəssisələrində olduğu kimi, qəbul yenə də elektron sistem üzərindən həyata keçiriləcək. Hazırda valideyn elektron sistemdə qeydiyyatdan keçir, seçdiyi müəssisədə yer olmadıqda növbəyə dayanır. Məsələn, bağçada bütün yerlər doludursa, uşaq növbəyə alınacaq və yer boşaldıqda qəbul növbəlilik prinsipi əsasında həyata keçiriləcək. Sistem boş yerlər əsasında uşağın müvafiq özəl məktəbəqədər təhsil müəssisəsinə yönləndirilməsinə imkan verəcək”.
Niyə 10 ay?
Layihənin 10 ay davam etməsi, yay aylarında iki aylıq fasilənin olması nəzərdə tutulur. Xalidə Həmidovanın fikrincə, bunun əsas səbəblərindən biri özəl bağçaların yayda fəaliyyətini dayandırmasıdır: “Yay aylarında özəl bağçaların böyük hissəsi fəaliyyətini dayandırır. Çünki valideynlərin əksəriyyəti həmin dövrdə uşaqları ilə birlikdə istirahətə gedir və bağçalarda uşaqların sayı kəskin azalır. Məsələn, 100 yerlik bir özəl bağçada yayda cəmi 3–5 uşaq qalır. O qədər az sayda uşağa görə həmin böyük bağçanı saxlamaq çox çətindir. Buna görə də bağçalar yay aylarında bağlanır. Belə vəziyyətdə işıq, qaz, su, icarə və digər xərclərin davam etməsi müəssisələr üçün əlavə maliyyə yükü yaradır”.
Xalidə Həmidova təklif edir ki, İnkişaf mərkəzləri də prosesə cəlb olunsunlar: “Məktəbəqədər təhsilin əhatəliliyinin hesablanması ilə bağlı digər problem isə inkişaf və tədris mərkəzlərində təhsil alan uşaqların statistikaya tam şəkildə daxil edilməməsidir. Məktəbəqədər yaşlı uşaqların bir hissəsi müxtəlif inkişaf mərkəzlərindən erkən təhsilə cəlb olunublar. Lakin bu uşaqların erkən təhsilə cəlb olunanların statistikasında nəzərə alınmaması real mənzərənin tam görünməsinə imkan vermir. İnkişaf mərkəzlərini də statistikaya daxil etsək, məlum olacaq ki, azı 90 faiz uşaq təhsil alır”.
Onun sözlərinə görə, inkişaf və tədris mərkəzlərinin də müəyyən qaydalar əsasında lisenziyalaşdırılması və fəaliyyətlərinin nəzarətə götürülməsi bu sahədə real statistikanın formalaşmasına kömək edə bilər: “Bu müəssisələrdə fəaliyyət göstərən icma əsaslı qrupların, günuzadılmış qayğı mərkəzlərinin və məktəbəhazırlıq qruplarının da statistikaya daxil edilməsi məktəbəqədər təhsilin real əhatə səviyyəsini daha düzgün göstərməyə imkan verə bilər”.
Bütün yollar bir məqsədə aparır - hər uşaq erkən təhsilə cəlb edilsin
Məktəbəqədər təhsilin əhatə səviyyəsinin artırılması üçün yalnız yeni bağçaların tikilməsi deyil, mövcud infrastrukturdan daha səmərəli istifadə, özəl sektorun prosesə cəlb olunması və alternativ modellərin genişləndirilməsi vacib hesab olunur.
Xalidə Həmidova hesab edir ki, dövlətin özəl bağçalara maliyyə dəstəyi göstərməsi və valideynlər üçün seçim imkanının yaradılması yalnız bir layihə kimi deyil, həm də erkən təhsilin əlçatanlığının artırılması istiqamətində mühüm addım kimi qiymətləndirilə bilər.
Beləliklə, dövlət-özəl əməkdaşlığı, alternativ məktəbəqədər təhsil modelləri və elektron qəbul mexanizminin birgə tətbiqi daha çox uşağın erkən təhsilə cəlb olunmasına, valideynlərin maliyyə yükünün azalmasına və özəl məktəbəqədər təhsil sektorunda keyfiyyət və nəzarətin gücləndirilməsinə şərait yarada bilər.




