Bahar Muradova: “Erkən evlilik” ifadəsi leksikonumuzdan çıxmalıdır

4 Noyabr, 2025 - 11:41
Bahar Muradova: “Erkən evlilik” ifadəsi leksikonumuzdan çıxmalıdır

“Erkən evlilik deyilən anlayış əslində uşaq evliliyidir və bu, heç vaxt qəbul oluna bilməz”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bu gün keçirilən brifinqdə səsləndirib.

Komitə sədri bildirib ki, bu istiqamətdə edilən qanunvericilik dəyişiklikləri ilə bütün istisnalar aradan qaldırılıb. Artıq yalnız qanunla müəyyən olunmuş yaşdan sonra bağlanan nikah “rəsmi nikah” hesab edilə bilər:
“Bu yaş həddindən aşağı olduğu hallarda isə söhbət yalnız uşaq evliliyindən gedir və bu, qanun pozuntusu kimi qiymətləndirilir”.

Onun sözlərinə görə, uşaq evliliklərinin qarşısının alınması üçün edilən dəyişikliklər kifayət qədər ciddi hüquqi əsaslar və məsuliyyət mexanizmləri yaradır:

“Təbii ki, bu sahədə qanunvericilik aktlarının tətbiqi zamanı müəyyən çətinliklər və sui-istifadə halları da ola bilər. Amma ən vacibi odur ki, artıq hüquqi baza formalaşıb və bu baza insan hüquqlarının müdafiəsini təmin edir. Əgər hər hansı şəxs belə bir hərəkətə yol verirsə, yəni yetkinlik yaşına çatmayan birini nikaha cəlb etməyə cəhd göstərirsə, bu, cinayət məsuliyyəti yaradır. İnsan həyatı və gələcəyi ilə bağlı qərar vermək heç kimin ixtiyarında olmamalıdır”.

Onun sözlərinə görə, bəzən bu kimi hallar da baş verir:

“Biz bu faktlarla bağlı müvafiq qurumlarla birgə monitorinqlər aparırıq və hər bir hadisəyə hüquqi qiymət verilir. Amma mən düşünürəm ki, cəmiyyətdə artıq bu məsələyə münasibətdə ciddi şüur dəyişikliyi yaranıb. Əvvəllər bu mövzuda təşəbbüslər daha çox mərkəzdən, yəni dövlət orqanlarından gəlirdisə, indi təşəbbüslər aşağıdan, cəmiyyətin özündən gəlir. Bu, çox sevindirici haldır. İnsanlar artıq özləri belə mərasimlərin keçirilməsinə, bu cür halların baş verməsinə qarşı çıxırlar, məlumat verirlər və bu hadisələri ictimailəşdirirlər”.

Komitə sədri qeyd edib ki, cəmiyyətin bu fəal mövqeyi onları çox sevindirir. Bu, o deməkdir ki, artıq insanlar öz hüquqlarını, xüsusilə uşaqların və qadınların hüquqlarını müdafiə etməyə daha həssas yanaşırlar.