Bahar Muradova: WUF13 şəhər siyasətlərində uşaq maraqlarının güclənməsinə töhfə verəcək
“Gəlin birlikdə elə şəhərlər,elə ictimai məkanlar quraq ki, orada hər ev uşaqların səsləri ilə dolu, hər kəs üçün yaşanıla bilən və dinc olsun!” .
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası – WUF13 çərçivəsində keçirilən “Uşaqlar və gənclər dəyirmi masası”nda deyib.
Bahar Muradova gənclərin və uşaqların təhlükəsiz, inklüziv və dayanıqlı şəhər mühitində yaşamasının əhəmiyyətindən danışıb. O, dəyirmi masanı uşaqların və gənclərin təhlükəsiz, inklüziv və inkişafyönümlü şəhər mühitində yaşamaq hüquqlarının, qərarvermə proseslərində iştirakının təmin olunması istiqamətində mühüm müzakirə platforması kimi qiymətləndirib.
Dövlət Komitəsinin sədri Azərbaycanda uşaqların müdafiəsinin, təhlükəsiz və inklüziv mühitdə inkişafının təmin edilməsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi qəbul olunmuş strategiya və normativ-hüquqi mexanizmlərdə öz əksini tapdığını qeyd edib.
B.Muradova, uşaqlar üçün yaradılan əlverişli mühitin bütövlükdə cəmiyyətin rifahına xidmət etdiyini deyib və WUF13 çərçivəsində keçirilən müzakirələrin gələcək şəhər siyasətlərində uşaq hüquq və maraqlarının daha güclü nəzərə alınmasına töhfə verəcəyinə inamını ifadə edib.



