Bakalavr təhsilində üç semestrli çevik modelə keçid – Türkiyə ali təhsili yenilənir
Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar “CNN Türk” kanalına verdiyi müsahibədə ölkə ali təhsilində yeni dövrün əsas istiqamətlərini ictimaiyyətlə bölüşüb.
“Azərbaycan müəllimi” xəbər verir ki, E.Özvar ali təhsil gündəmi ilə bağlı mühüm dəyərləndirmələr apararaq, bakalavr təhsilində üç semestrli çevik modelə keçid, qəbul planlarının məşğulluq yönümlü şəkildə yenidən tənzimlənməsi, beynəlxalq tələbə sayında Türkiyənin dünyada altıncı yerə yüksəlməsi və ali təhsil məzunlarının məşğulluqda ön plana çıxması kimi məsələlərə toxunub.
Bakalavr təhsilinin üç ilə tamamlanmasına dair görülən işlərə diqqət çəkən E.Özvar bildirib: “Bizim prioritetimiz təhsil müddəti deyil, məzunlarımızın iş imkanıdır. Təhsilin keyfiyyətinə və proqram keyfiyyətlərinə xələl gətirmədən tələbələrimizin iş bazarına daha sürətli keçidini təşviq edəcək çevik bir akademik model üzərində işləyirik".
YÖK sədri növbəti tədris ilinə qədər həyata keçirilməsi planlaşdırılan üç ildə məzun buraxılışı ilə bağlı aparılan işlərin detalları barədə aşağıdakı məlumatları verib: “Türkiyədə qüvvədə olan 2547 saylı Qanunun 44-cü maddəsi bizə üçüncü semestri tətbiq etmək səlahiyyəti verir. Bu sahədə işə başlamışıq. Bir il ərzində 3 semestr modeli nəzərdə tutulur. Bir semestr 14 həftədən ibarətdir. Bu 14 həftəni bir qədər qısaldaraq, lakin tələbənin alacağı kreditləri, yerinə yetirəcəyi layihə və işləri azaltmadan proqramları daha kompakt şəkildə yenidən təşkil edirik. Tədris ili sentyabrda başlayıb iyulda başa çatacaq. Tələbələr yenə 240 AKTS ilə məzun olacaqlar. Yenə 8 semestr təhsil alacaqlar, lakin bu 8 semestri 3 ilə tamamlaya biləcəklər”
“Ali təhsil məzunlarının əmək bazarına qatılma payı 77 faizdir”
E.Özvar universitet məzunlarının məşğulluq göstəriciləri ilə bağlı sualı cavablandırarkən, Türkiyə Statistika Şurasının (TÜİK) 2025-ci ilin üçüncü rübü üzrə məlumatlarına əsasən ali təhsil məzunlarının əmək bazarına qatılma faizinin 77, məşğulluq faizinin isə 70 olduğunu bildirib. Ümumi əmək bazarına qatılma göstəricisinin isə 54 faiz olduğunu qeyd edən YÖK sədri əlavə edib: “Təhsil səviyyəsi yüksəldikcə əmək bazarına qatılma və məşğulluq göstəriciləri də artır”.
“Məşğulluqla əlaqəsi qalmayan ixtisaslar bağlanır”
E.Özvar son üç ildə ali təhsildə ciddi transformasiya prosesinə start verildiyini, məşğulluq yönümlü təhsil modeli qurmaq məqsədilə əmək bazarında qarşılığı qalmayan proqramların bağlandığını, onların yerinə isə rəqəmsal bacarıqlar qazandıran yeni proqramların açıldığını bildirib.
Bu dövrdə məşğulluq imkanları azalan 175 proqramın sistemdən çıxarıldığını, 443 proqramın isə qəbul planlarının azaldıldığını qeyd edən E. Özvar əvəzində açılan süni intellekt və informasiya texnologiyaları, səhiyyə və kənd təsərrüfatında rəqəmsal transformasiya, yaşıl bacarıqlar və sektor tələblərinə əsaslanan yeni proqramların tələbələr tərəfindən böyük maraqla qarşılandığını və keçən il 99%-lik məşğulluq nisbətinə çatdığını vurğulayıb.
“Özəl universitetlərinin qəbul planları da tənzimlənəcək”
Qəbul planlarının məşğulluq göstəricilərinə əsasən yenidən müəyyənləşdirildiyini bildirən E.Özvar, dövlət universitetlərində tətbiq edilən bu tənzimləmənin bu ildən etibarən özəl universitetlərə də şamil ediləcəyini açıqlayıb. Qəbul planları azaldılacaq bəzi ixtisasları isə belə sadalayıb: “Tibb, stomatologiya, əczaçılıq, hüquq, kommunikasiya, psixologiya, memarlıq və pedaqoji fakültələr”.
“Beynəlxalq tələbə sayı 378 minə çatıb”
E.Özvar beynəlxalq tələbə qəbulu sahəsində Türkiyənin qlobal miqyasda mühüm mövqeyə yüksəldiyini bildirərək, 198 ölkədən gələn 378 min beynəlxalq tələbə ilə Türkiyənin bu il Fransanı geridə qoyaraq dünyada altıncı yerə yüksəldiyini deyib. Beynəlxalq tələbələrin 96 faizdən çoxunun öz vəsaitləri hesabına təhsil aldığını qeyd edən YÖK sədri onların Türkiyə iqtisadiyyatına illik təxminən 3,5 milyard dollar töhfə verdiyini, lakin bu sahəni yalnız iqtisadi baxımdan deyil, həm də elmi diplomatiya və mədəni qarşılıqlı əlaqənin strateji elementi kimi dəyərləndirdiklərini vurğulayıb.
“Uzunmüddətli və icbari təcrübə tətbiq olunacaq”
Regional inkişaf universitetləri və Mütəşəkkil Sənaye Zonaları çərçivəsində fəaliyyət göstərən peşə məktəbləri vasitəsilə praktik, tətbiq yönümlü təhsilin gücləndirildiyini bildirən E.Özvar, bu məktəblərin məzunlarının məşğulluq göstəricilərinin 80 faizdən yuxarı olduğunu söyləyib. O, bu modelin bütün Türkiyə üzrə genişləndirildiyini, sənaye ilə əməkdaşlığın gücləndirilməsinin hədəfləndiyini və Ali Təhsil Şurası olaraq prosesə maliyyə dəstəyi göstərildiyini qeyd edib.
O, tələbələrin iş dünyasına daha güclü hazırlanması məqsədilə uzunmüddətli və məcburi icbarı təcrübə proqramının tətbiq ediləcəyini bildirərək deyib: “Ən azı bir semestr davam edəcək icbarı təcrübə ilə tələbələrimiz praktikaya daha çox cəlb olunacaq, onların məzun kimi əmək bazarına keçidləri asanlaşacaq”.
“Təhsilin keyfiyyətinə heç bir şübhə yoxdur”
Türkiyə Ali Təhsil Şurasının əsas məqsədlərindən birinin universitetlərin təhsil, tədris, elmi araşdırma və sosial məsuliyyət sahələrində göstərdikləri xidmətləri ən yüksək səviyyəyə çatdırmaq olduğunu bildirən E.Özvar deyib: “Verdiyimiz təhsilin keyfiyyətinə heç bir şübhə yoxdur. Bütün universitetlərimizdəki proqramların səriştələri və təlim nəticələri Avropa standartlarına uyğundur. Türkiyədə əldə edilən istənilən diplom Avropada və dünyanın istənilən yerində keçərlidir. Bu keyfiyyətin daha da yüksəldilməsi lazım olan tərəfləri var və bizim səylərimiz də bu istiqamətdədir”.
“Tələbələrin 57 faizi əyani təhsildədir”
Türkiyənin son 20 ildə ali təhsildə əlçatanlıq və imkanlar baxımından böyük irəliləyiş əldə etdiyini qeyd edən E. Özvar bildirib: “Bu gün Türkiyədə 208 universitet, 186 mindən çox müəllim heyəti və 6 milyondan artıq ali təhsil tələbəsi var. Bu güc artımı Çin və Hindistanla müqayisə edilə biləcək səviyyəyə çatıb”.
E.Özvar ali təhsil sistemində ümumilikdə 6 milyon 482 min 197 tələbənin olduğunu, onların 3 milyon 696 min 554 nəfərinin əyani təhsildə oxuduğunu, bunlardan təxminən 2,5 milyonunun bakalavr, 1,1 milyonunun isə magistr bakalavr tələbəsi olduğunu açıqlayıb. Açıq təhsildə isə təxminən 2 milyon 785 min tələbənin olduğunu bildirən YÖK sədri, əyani təhsildə oxuyanların ümumi tələbələr arasındakı payının 57 faiz təşkil etdiyini vurğulayıb.


