Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Məzun günü” keçirilib
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Məzun günü” münasibətilə yaddaqalan tədbir keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, məzunların uzunmüddətli zəhmətinin və əldə etdikləri nailiyyətlərin qeyd olunduğu tədbir sevinc dolu anlar, dəyərli qonaqların iştirakı və rəngarəng proqramı ilə yadda qalıb.
Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin Tərəfdaşlarla iş və Kommunikasiya şöbəsinin müdiri Nigar İsmayılzadə, “Auto Azerbaijan” MMC-nin nümayəndəsi Həsən Hüseynzadə və “Code Academy”nin rəsmi nümayəndəsi Tuğrul Kapucuoğlu iştirak ediblər.
Tədbir çərçivəsində dual təhsil proqramı əsasında “Code Academy”də təhsilini uğurla başa vuran tələbələrə sertifikatlar təqdim olunub. Eyni zamanda, alman-dual təhsil proqramı çərçivəsində İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə texnik və Avtomobil mexatronikası üzrə texnik ixtisaslarında təhsil alan məzunlar da sertifikatlarını təhvil alıblar.
Məzunların çıxışları, yaradıcı səhnə nömrələri və musiqi proqramı tədbirə xüsusi rəng qataraq bu əlamətdar günün daha da yaddaqalan olmasını təmin edib.




