“Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində beynəlxalq konfrans keçirilir
Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşkilatçılığı ilə “Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfrans keçirilir.
“Azərbaycan müəllimi” xəbər verir ki, tədbir 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunan “Bakı Şəhərsalma Həftəsi 2026” platformasının əsas tədbirlərindən biridir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən keçirilən Ümumdünya Şəhərsalma Forumu dayanıqlı urbanizasiya sahəsində qlobal dialoq üçün ən mühüm platformalardandır.
Mərasimdə çıxış edən BDU rektoru Elçin Babayev bildirib ki, müasir şəhərlərin davamlı və dayanıqlı inkişafı yalnız infrastruktur və texnoloji həllərlə deyil, ilk növbədə, yüksəkixtisaslı insan kapitalı ilə müəyyən olunur. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı yenidənqurma və “ağıllı şəhər” konsepsiyalarının tətbiqi ölkənin şəhərsalma inkişaf modelini keyfiyyətcə yeni mərhələyə yüksəldir. Bu proses isə uzunmüddətli perspektivdə bu dəyişiklikləri davam etdirəcək peşəkar kadrların hazırlanmasını zəruri edir.
Elçin Babayev diqqətə çatdırıb ki, şəhərsalmada uğursuzluqlar çox vaxt planların yoxluğundan deyil, məhz institusional və insan resurslarının yetərsizliyindən qaynaqlanır. Bu baxımdan universitetlərin rolunun yenidən düşünülməsinin vacibliyini qeyd edən rektor bildirib ki, Bakı Dövlət Universitetində yalnız bilik ötürülmür, eyni zamanda gələcək qərarvericilər, analitiklər və innovatorlar formalaşdırılır. Bununla yanaşı, mövcud təhsil modelində fənlərarası inteqrasiyanın gücləndirilməsinin zəruriliyi xüsusi vurğulanıb. Coğrafiya, ekologiya, iqtisadiyyat, tətbiqi riyaziyyat, sosial elmlər və digər sahələr üzrə mövcud akademik potensialın daha effektiv şəkildə birləşdirilməsi urban problemlərin həlli üçün geniş imkanlar yaradır: “Şəhərlərin gələcəyi ayrı-ayrı ixtisasların deyil, inteqrasiya olunmuş bilik və əməkdaşlığın nəticəsi olacaq. Müasir dövrdə rəqəmsal texnologiyalar, məlumat əsaslı planlaşdırma və simulyasiya modelləri urban inkişafın ayrılmaz hissəsinə çevrilməlidir. Bu istiqamətdə tələbələrin real sektorla əlaqələrinin gücləndirilməsi və praktiki təcrübə imkanlarının artırılması xüsusi əhəmiyyət daşıyır.
İnklüziv, dayanıqlı və bilik əsaslı şəhərlər qurmaq bu gün universitetlərdə atılan addımlardan birbaşa asılıdır”.
Sonda rektor Azərbaycan xalqının zəngin şəhər mədəniyyətinin qorunması və təbliğinin vacibliyini vurğulayaraq, Bakı Dövlət Universitetində fəaliyyət göstərən Mədəni İrsin Tədqiqi Mərkəzinin rəhbəri Musa Marjanlının müəllifi olduğu “Urban Future” kitabını bu istiqamətdə mühüm elmi töhfə kimi qiymətləndirib.
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov bildirib ki, hazırda dünya əhalisinin yarısından çoxu şəhərlərdə yaşayır və urbanizasiya prosesi sürətlə davam etməkdədir. BMT-nin proqnozlarına əsasən, 2050-ci ilə qədər dünya əhalisinin təxminən 70 faizinin şəhərlərdə yaşayacağı gözlənilir. Bu proses iqtisadi artım, innovasiya və sosial inkişaf üçün mühüm imkanlar yaratmaqla yanaşı, mənzil və torpaq fondu, ictimai xidmətlərin əlçatanlığı, həmçinin ekoloji dayanıqlıq üzərində artan təzyiqləri formalaşdırır: “İnsan kapitalının gücləndirilməsi yeni şəhər gündəliyinin və dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsinin əsas komponentlərindən birinə çevrilib. Bu baxımdan universitetlərin və tədqiqat institutlarının rolu əhəmiyyətlidir. Ali təhsil müəssisələri yalnız akademik təhsil verən qurumlar deyil, həm də müvafiq siyasətin hazırlanması, innovasiya və tədqiqat proseslərinin əsas ocaqlarıdır. Bu kontekstdə dövlət qurumları ilə akademik dairələr arasında əməkdaşlıq şəhər idarəçiliyi sistemlərinin qurulması üçün mühüm əhəmiyyət kəsb edir. Ümumdünya Şəhərsalma Forumu kimi platformalar bilik mübadiləsi və beynəlxalq əməkdaşlıq üçün mühüm imkanlar yaradır. Forumda qəbul ediləcək qərarlar şəhərlərin və icmaların gələcəyi ilə bağlı qlobal müzakirələrə töhfə vermək üçün mühüm bir fürsətdir. Dayanıqlı urbanizasiya yalnız investisiya və infrastruktur deyil, həm də institusional öyrənmə və uzunmüddətli insan kapitalı inkişafını tələb edir”.
Elm və təhsil nazirinin müavini İdris İsayev isə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ərəfəsində belə bir konfransın keçirilməsinin mühüm əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, dünyada urbanizasiya proseslərinin sürətlənməsi müxtəlif qlobal çağırışlar və problemlər yaradır. Hazırda şəhərsalma təkcə memarlıq məsələsi deyil, iqtisadi, sosial, iqtisadi, ekoloji, humanitar məsələdir: “Təhsil infrastrukturumuz müasirləşdirilib, məzmunumuzun keyfiyyəti artırılıb, beynəlxalq rəqabətlilik artırılıb. Təhsilə diqqət və qayğı təbii ki, yüksək səviyyədədir. Əgər biz ölkənin davamlı, dayanıqlı inkişafını təmin etmək istəyiriksə, ilk növbədə insan kapitalına diqqət yetirməliyik. Təhsil sistemimiz bu proseslərin önündə dayanmalıdır. Bu istiqamətdə yeni ixtisaslar, proqramlar təsdiq edilir, tələbə qəbulu planları artırılır. Məqsəd ondan ibarətdir ki, şəhərlərimizin dayanıqlı və davamlı inkişafı üçün tələb olunan ixtisaslara, kvalifikasiyalara uyğun kadr hazırlığı təmin edilsin. Ümid edirəm ki, bundan sonra da bizim şəhərlərimizin inkişafında təhsil müəssisələri tərəfindən yetişdiriləcək kadrlar öz töhfəsini verə biləcək”.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, şəhərsalma eyni zamanda gələcəyə baxış deməkdir. Gələcəyin şəhərləri yalnız bu günün tələbatını deyil, gələcək nəsillərin təhlükəsiz və ekoloji cəhətdən sağlam mühitdə yaşamasını da təmin etməlidir. Məhz buna görə “dayanıqlı inkişaf” anlayışı ön plana çıxır və davamlı inkişaf edən şəhər modellərinin qurulması vacib sayılır.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsinin Azərbaycanın dövlətçilik ənənələrinin və ölkənin beynəlxalq nüfuzunun nəticəsi olduğunu deyib: “Bu hər birimiz üçün qürurverici hadisədir. Hesab edirəm ki, bugünkü konfransda da gələcək inkişafla bağlı mühüm məsələlər müzakirə olunacaq, mövcud boşluqların aradan qaldırılması üçün yeni yanaşmalar və təkliflər irəli sürüləcək”.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova vurğulayıb ki, şəhərlərin qurulması yalnız urbanistlərin, memarların və ya inşaatçıların fəaliyyəti ilə məhdudlaşmır. Bu prosesdə ekoloqların, mühəndislərin, siyasətçilərin, sosioloqların və digər sahələrin mütəxəssislərinin xüsusi rolu var: “Universitetlərin qarşısında duran əsas vəzifələrdən biri interdisiplinar proqramların yaradılması və daha genişprofilli mütəxəssislərin hazırlanmasıdır. Elmi tədqiqatlarda əməkdaşlıq və inteqrasiya mühüm nəticələr verə bilər. Memarlıq ekologiya, şəhərsalma sosiologiya, konstruktiv dayanıqlıq tətbiqi riyaziyyatla birgə araşdırılmalıdır. İT texnologiyaları isə demək olar ki, bütün sahələrdə və istiqamətlərdə tətbiq olunmalı və öz töhfəsini verməlidir”.
Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi İqor Qarafuliç bildirib ki, Azərbaycanda inkişaf məsələlərinin geniş və ciddi şəkildə müzakirə olunması diqqətçəkən məqamlardandır: “WUF 13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq dialoq platforması kimi rolunu daha da gücləndirir. Artıq forumda iştirak üçün 32 mindən çox insan qeydiyyatdan keçib. Bu tədbir yalnız şəhərsalma məsələlərinin deyil, həm də mənzil təminatı, əlçatanlıq və planlaşdırma kimi qlobal çağırışların müzakirəsi baxımından mühüm platformadır. Dünyada münaqişələrin artdığı bir dövrdə Azərbaycanın belə bir beynəlxalq dialoqa ev sahibliyi etməsi çox əhəmiyyətlidir”.
Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, ADA Universitetinin dövlət və xarici əlaqələr üzrə prorektoru Fariz İsmayılzadə isə diqqətə çatdırıb ki, WUF13 yalnız şəhərsalma, ekologiya və ətraf mühit məsələlərinin müzakirəsi platforması deyil, Azərbaycanın beynəlxalq diplomatik şəbəkəsinin genişlənməsi baxımından da əhəmiyyətlidir: “Şəhərsalma və Qarabağın yenidən qurulması regionda davamlı sülhün möhkəmləndirilməsi üçün mühüm amillərdən biridir. Qarabağın yenidən qurulması üzrə Azərbaycan təcrübəsi dünyada unikal model kimi dəyərləndirilə bilər. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu proses Qarabağın yaşıl zona və dayanıqlı inkişaf məkanına çevrilməsini hədəfləyir”.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev şəhərsalma problemlərinin multidisiplinar xarakter daşıdığını və bütün elmi istiqamətlərin birgə iştirakını tələb etdiyini deyib: “Müasir şəhərsalma prosesləri rəqəmsallaşma və süni intellekt texnologiyalarının tətbiqi olmadan mümkün deyil. Prezident İlham Əliyev tərəfindən “ağıllı şəhər” konsepsiyası strateji hədəf kimi müəyyən edilib və bu istiqamətdə mühüm işlər görülür. Lakin bu proses yalnız xarici texnologiyaların tətbiqi ilə deyil, milli kadr potensialının hazırlanması ilə mümkün ola bilər. Bunun üçün elmi-tədqiqat institutlarının və ixtisaslaşmış qurumların yaradılması da nəzərdən keçirilə bilər”.
Konfrans zamanı BDU ilə AZMİU arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Memorandumun əsas məqsədi tərəflər arasında elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi, innovativ yanaşmaların təşviqi, eləcə də tədris prosesinin təkmilləşdirilməsidir. Sənəd çərçivəsində memarlıq, şəhərsalma və mühəndislik sahələrində birgə layihələrin həyata keçirilməsi, konfrans və seminarların təşkili, beynəlxalq əməkdaşlıq imkanlarının artırılması nəzərdə tutulur.
Konfrans öz işini panel sessiyaları ilə davam etdirir.



