Bakı Slavyan Universitetinin "Məzun günü" tədbiri keçirilib
İyunun 30-da Bakı İdman Sarayında Bakı Slavyan Universitetinin (BSU) 2025/2026-cı il buraxılış ilinin tələbələri və magistrantları üçün "Məzun günü" tədbiri keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə BSU-nun rektoru Anar Nağıyev, Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynova, millət vəkilləri, media nümayəndələri, universitetin professor-müəllim heyəti, məzunların valideynləri, universitetin əməkdaşlıq etdiyi qurumların nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən BSU-nun rektoru Anar Nağıyev məzunları həyatlarının ən əlamətdar günlərindən biri münasibətilə təbrik edərək, onların qazandıqları bilik və bacarıqların Azərbaycanın gələcək inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. O bildirib ki, ölkədə təhsilin inkişafına göstərilən dövlət qayğısı, ali təhsil sistemində həyata keçirilən islahatlar və innovativ yanaşmalar universitetlərin yeni inkişaf mərhələsinə qədəm qoymasına geniş imkanlar yaradıb.
Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, YAP sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynova məzunları təbrik edərək onlara gələcək həyat və fəaliyyətlərində uğurlar arzulayıblar.
Daha sonra BSU-nun tərəfdaşlıq etdiyi xarici universitetlərin rektorlarının "Məzun günü" münasibətilə ünvanladıqları videomüraciətlər nümayiş etdirilib.
Tədbirdə çıxış edən Filologiya fakültəsinin məzun tələbəsi Fidan Heydərova və Sosial elmlər və regionşünaslıq fakültəsinin məzun tələbəsi Ayımgül Rıspayeva da məzunluq təəssüratlarını bölüşərək universitetdə keçirdikləri illərdən, qazandıqları bilik və təcrübələrdən bəhs edib, müəllimlərinə və universitet rəhbərliyinə təşəkkürlərini ifadə ediblər.
Tədbir çərçivəsində universitetin fakültələrinin bayraqlarının təqdimatı keçirilib, "Ən yüksək orta müvəffəqiyyət göstəriciləri", "İlin tələbəsi", "Ən yaxşı müəllim" nominasiyaları üzrə fərqlənən məzunlara və müəllimlərə mükafatlar təqdim edilib.
Tədbirdə həmçinin universitetin məzunlarının ifasında BSU-nun himni səsləndirilib.
"Məzun günü"nün rəsmi hissəsi məzunların ənənəvi paradı və papaqatma mərasimi ilə başa çatıb.
Tədbir konsert proqramı ilə davam edib.




