Bakıda “Dizayn həftəsi” – Gənc dizaynerlər üçün yeni platforma
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Dizayn həftəsi” başlayıb. Aprelin 27-dən start götürən tədbir artıq ikinci ildir ki, keçirilir.
“Azərbaycan müəllimi” xəbər verir ki, universitetin Dizayn fakültəsinin təşkilatçılığı ilə keçirilən tədbir yaradıcılıq, innovasiya və beynəlxalq əməkdaşlığın təşviqi baxımından mühüm platforma kimi diqqət çəkib.
Bu gün keçirilən açılış mərasiminə dizayn istiqaməti üzrə ixtisasları olan universitetlərin rektorları da qatılıb. Tədbirdə açılış nitqi ilə çıxış edən AzMİU-nun Dizayn fakültəsinin dekanı, dosent Fərid Kərimov tədbirin əhəmiyyətindən danışaraq bildirib ki, “Dizayn həftəsi” tələbələrin yaradıcılıq potensialının üzə çıxarılması, onların yeni ideyalarının dəstəklənməsi və beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi baxımından mühüm rol oynayır.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova çıxışında qeyd edib ki, xalqımızın mədəni həyatında yaradıcılıq hər zaman xüsusi yer tutub və bu zəngin irs cəmiyyətin estetik zövqünün, düşüncə tərzinin formalaşmasında mühüm rol oynayıb. Rektor vurğulayıb ki, Dizayn fakültəsi nisbətən yeni struktur olsa da, qısa müddət ərzində mühüm nailiyyətlər qazanaraq universitetin sürətlə inkişaf edən fakültələrindən birinə çevrilib.
Gülçöhrə Məmmədova bildirib ki, fakültədə formalaşan yaradıcı mühit tələbələrin potensialının üzə çıxarılmasına, onların beynəlxalq səviyyədə rəqabətqabiliyyətli mütəxəssislər kimi yetişməsinə geniş imkan yaradır. O, həmçinin süni intellektin tədris və dizayn sahəsinə tətbiqi məsələsinə toxunaraq qeyd edib ki, bu istiqamət yeni imkanlar açsa da, məsələyə xüsusi məsuliyyət və balanslı yanaşmaq vacibdir. Onun sözlərinə görə, süni intellektdən düzgün istifadə həm təhsilin keyfiyyətinin yüksəlməsinə, həm də yaradıcı yanaşmaların inkişafına mühüm töhfə verəcək.
Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, professor Natiq Əliyev çıxışında AzMİU-nun memarlıq və dizayn sahəsində keyfiyyətli təhsili ilə seçildiyini bildirib. O qeyd edib ki, universitetdə formalaşan güclü akademik mühit və yaradıcı yanaşma tələbələrin peşəkar inkişafında mühüm rol oynayır.
Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev isə çıxışında AzMİU-da dizayn sahəsində tətbiq olunan müasir yanaşmaların öyrənilməsində maraqlı olduqlarını bildirib. O, bu istiqamətdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Tədbirdə həmçinin Odlar Yurdu Universitetinin İdarəetmə Şurasının sədri, professor Samir Vəliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Rəşad Zeynalov çıxış edərək layihənin əhəmiyyətindən bəhs edib, gənclərin yaradıcılıq potensialının inkişafı üçün belə platformaların vacibliyini vurğulayıblar.
Çıxışlardan sonra Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Azərbaycan Rəssamlıq Akademiyası, Naxçıvan Dövlət Universiteti, Odlar Yurdu Universiteti və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi arasında əməkdaşlığa dair memorandumlar imzalanıb.
Memorandumlarda dizayn sahəsi üzrə qarşılıqlı akademik əməkdaşlığın genişləndirilməsi, birgə elmi-tədqiqat və yaradıcılıq layihələrinin həyata keçirilməsi, seminar, təlim, ustad dərsləri və sərgilərin təşkili, inklüziv təhsil imkanlarının inkişaf etdirilməsi, ortaq təşəbbüslərin reallaşdırılması, eləcə də gənclərin peşəkar bacarıqlarının artırılmasına yönəlmiş proqramların icrası nəzərdə tutulur.
Eyni zamanda, sənədlər ali təhsil müəssisələri ilə sosial tərəfdaş qurumlar arasında əlaqələrin möhkəmləndirilməsi, müasir əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlığı və yaradıcı sənaye sahəsində yeni əməkdaşlıq platformalarının formalaşdırılmasına xidmət edir.
Açılış günü proqramına uyğun olaraq qonaq universitetlərin tələbələrinin işlərindən ibarət sərgilər təşkil olunub. Bu sərgilər ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin gücləndirilməsi və gənc dizaynerlərin yaradıcılıq potensialının nümayiş etdirilməsi məqsədi daşıyıb. Bununla yanaşı, universitet-sənaye əməkdaşlığı istiqamətində səmərəli görüşlər və mühüm müzakirələr aparılıb.
Tədbir çərçivəsində bir sıra tərəfdaş universitetlərlə əməkdaşlıq memorandumları da imzalanıb. Bu sənədlər gələcəkdə birgə layihələrin həyata keçirilməsi, beynəlxalq sərgilərin təşkili və tələbələr üçün yeni imkanların yaradılmasını nəzərdə tutur. Sözügedən təşəbbüslər AzMİU-nun qlobal dizayn təhsili şəbəkəsində mövqeyinin daha da möhkəmləndirilməsinə xidmət edir.
Qeyd olunub ki, “Dizayn həftəsi” bu il xüsusi əhəmiyyət daşıyır. Belə ki, “Memarlıq və Şəhərsalma İli” çərçivəsində keçirilən tədbir Bakının ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumu (WUF13) ərəfəsinə təsadüf edir. Bu baxımdan platforma gənclərin yaradıcılıq potensialının üzə çıxarılması, onların müasir dizayn düşüncəsi və dayanıqlı şəhər mühiti anlayışları ilə tanış edilməsi baxımından mühüm rol oynayır.
Foto: Kənan Qafarov



