Bakıda Peşə Təhsil Mərkəzinə yeni direktor təyin edilib
Səbinə Hacıyeva İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə təhsil Mərkəzinə direktor təyin edilib.
Bu barədə "Azərbaycan müəllimi"nə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
Səbinə Rasim qızı Hacıyeva Bakı Slavyan Universitetində “Rus dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə bakalavr təhsili alıb, daha sonra isə Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda “Orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə əlavə təhsil alıb.
S. Hacıyeva əmək fəaliyyətinə 2001-ci ildən etibarən peşə təhsili sistemində başlayıb. O, müxtəlif illərdə “Dövlət Dəmir Yolu Liseyi”ndə laborant, rus dili fənni üzrə dərnək rəhbəri və Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifələrində çalışıb. Daha sonra “Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi”ndə tədris şöbəsinin müdir müavini, “Bakı Kompüter Peşə Liseyi”ndə dərs hissə müdiri, “Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi”ndə isə tədris-istehsalat işləri üzrə direktor müavini vəzifələrində fəaliyyət göstərib.
S. Hacıyeva 7 yanvar 2025-ci il tarixində “Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi”nin tədris və təlim işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib, daha sonra həmin mərkəzin direktoru vəzifəsinin icrası ona həvalə olunub.
28 iyul 2026-cı il tarixindən Səbinə Hacıyeva İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə təhsil Mərkəzinə direktor təyin olunub.




