Bakıda Qazaxıstan universitetlərinin təhsil sərgisi keçirilir
Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi və bir sıra universitetlərinin nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində bu gün Bakı İdman Sarayında təhsil sərgisi təşkil edilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, sərgidə Qazaxıstanın 20-dən çox ali təhsil müəssisəsi iştirak edir. Tədbir çərçivəsində Qazaxıstanda müxtəlif təhsil səviyyələri və ixtisas istiqamətləri üzrə mövcud imkanlar barədə iştirakçılara ətraflı məlumat verilir.
Sərginin əsas məqsədi Qazaxıstan universitetlərini Azərbaycan ictimaiyyətinə tanıtmaq və iki ölkə arasında təhsil sahəsində əməkdaşlığı gücləndirməkdir.
Açılış mərasimində Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev çıxış edərək bildirib ki, Bakıda ilk dəfə Qazaxıstan ilə birgə belə bir sərgi təşkil olunur:
"Mən əminəm ki, bu sərgi Qazaxıstan və Azərbaycan təhsili arasındakı əlaqələrə müsbət təsir göstərəcək".
Daha sonra Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek çıxış edərək ölkəsinin ən nüfuzlu dövlət və özəl universitetlərinin sərgidə təmsil olunduğunu qeyd edib:
"Biz artıq ABŞ, Böyük Britaniya, Cənubi Koreya universitetləri ilə əməkdaşlıq çərçivəsində 47 təhsil və tədqiqat müəssisəsini Qazaxıstana cəlb etməyə nail olmuşuq".
Nazir əlavə edib ki, imzalanmış ikitərəfli sazişə əsasən, gələn il 12 azərbaycanlı tələbə Qazaxıstanda tam təqaüdlə təhsil almaq imkanı qazanacaq.
Məlumat üçün bildirək ki, hazırda Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində Azərbaycan vətəndaşları Qazaxıstanda bakalavriat, magistratura və doktorantura səviyyələrində tam təqaüdlü təhsil almaq imkanına malikdirlər. Hər tədris ili çərçivəsində bu proqram vasitəsilə Azərbaycan vətəndaşları Qazaxıstanın nüfuzlu universitetlərində təhsil almaq hüququ əldə edirlər.
Qeyd edək ki, Qazaxıstan universitetləri ilə yaxından tanış olmaq istəyən şagird və tələbələr sərgidə iştirak edə bilərlər. Sərgidə iştirak ödənişsizdir və tədbir sabah da davam edəcək.



