Bakıda Türk Dövlətləri Təşkilatının Media Forumu keçirilib

27 Noyabr, 2025 - 16:48
Bakıda Türk Dövlətləri Təşkilatının Media Forumu keçirilib
Bakıda Türk Dövlətləri Təşkilatının Media Forumu keçirilib
Bakıda Türk Dövlətləri Təşkilatının Media Forumu keçirilib

Noyabrın 27-də Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Media Forumu çərçivəsində “Müasir dövrdə artan qlobal informasiya təhdidlərinə qarşı dayanıqlı və preventiv addımlar: Türk dövlətlərinin media ekosistemi nümunəsində” mövzusuna həsr olunmuş panel sessiya təşkil edilib.

"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadən xəbər verir ki, türkdilli dövlətlərin media və kommunikasiya sahəsində əməkdaşlığını möhkəmləndirmək məqsədilə keçirilən forumun panel müzakirəsinə “AnewZ” beynəlxalq televiziya kanalının icraçı direktoru Rüfət Həmzəyev moderatorluq edib.

Paneldə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli bildirib ki, media yarandığı gündən təhdidlər və təqiblərlə birgə formalaşıb. Medianın peşəkarlığı bu təhdidlər şəraitində böyüməsi və sağ qalmasıdır. O qeyd edib ki, süni intellekt əsaslı feyk xəbərlərin çoxalması medianın fəaliyyətində təhdidedici amillərdən biridir.

N.Məmmədli diqqətə çatdırıb ki, son illər ölkəmizin informasiya məkanına olan çoxsaylı təhdidlərin qarşısını almaq üçün hüquqi müstəvidə işlər yekunlaşıb: “Media haqqında” Qanun informasiya məkanının qorunması üçün hüquqi qalxan rolunu oynayır. Biz bunun ilkin təzahürlərini görürük. İnsanların texnoloji bilikləri artdıqca və media savadlılığı yüksəldikcə onların təbliğatın təsirinə düşməsinin qarşısı alınır. Biz cəmiyyətin media savadlılığının artırılmasına xüsusi önəm veririk ki, yalan, feyk xəbərlərin təsirinə düşməsin. İnsanlar medianın məlumatına etibar etməlidirlər. Biz dünyada bu sahədə ciddi problemlər görürük. Media özünəinamı geri qaytarmalıdır. Eyni zamanda, yeniliklərə açıq olmalıdır”, - deyə o əlavə edib.

Qazaxıstan Respublikasının “Xabar” Agentliyinin sədrinin müavini Dauletxan Jiyenkulov bildirib ki, dezinformasiyanın yayılmasının əsas məqsədi cəmiyyətdə formalaşan fikir və rəylərə təsir göstərmək, ictimai qavrayışı manipulyasiya etməkdir.

“Feyk məlumatlarla bağlı konkret bir misal çəkmək istəyirəm. Bu yaxınlarda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ABŞ-a səfər edib və orada ABŞ tərəfi ilə, o cümlədən Prezident Donald Trampla çox vacib sənədlər imzalayıb. Biz hər saat operativ şəkildə məlumat yayırdıq. Lakin təxminən 3-4 saat sonra sosial şəbəkələrdə bizim adımızdan yayılan saxta məlumatlar ortaya çıxmağa başladı. Ardınca ölkə başçısının Rusiyaya səfəri oldu və eyni şəkildə yenidən feyk xəbərlərin yayılmasının şahidi olduq. Bu, ilkin mənbədən götürülmüş məlumatların necə saxtalaşdırıldığına dair açıq bir nümunədir”, - deyə Dauletxan Jiyenkulov qeyd edib.

O sonda əlavə edib ki, ümumiyyətlə, dezinformasiya olduqca təhlükəli bir vəziyyətdir və dövlətlərin informasiya təhlükəsizliyinə, ictimai sabitliyinə və qərarvermə proseslərinə ciddi təsir göstərir.

Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyinin İnformasiya siyasəti departamentinin baş mütəxəssisi Zarina Kalmuratovanın fikrincə, media savadlılığı düzgün məlumatı yanlışdan ayırmaqla məhdudlaşmır. Buraya, həmçinin biz nəyi yayırıq, tənqid əsasında düşünə bilirikmi, məlumatı bizə təqdim edilən şəkildə uduruq, yoxsa başqa tərəfdən yanaşırıq kimi məsələlər də daxildir. İnformasiyanı həzm etməyi bacarmaq lazımdır. O bildirib ki, bu gün rəqəmsal media savadlılığı, süni intellektin təsiri və informasiya təhlükəsizliyi xüsusi önəm daşıyır. Məhz buna görə də TDT-nin işçi qrupu media savadlılığının artırılmasını öz fəaliyyət planına daxil edib. Bu addım heç də təsadüfi deyil və müasir informasiya mühitinin çağırışlarına cavab verir.

“Qırğızıstanda feyk məlumatlardan qorunmaq haqqında qanun var. Bu sənəd artıq üç ildir qüvvədədir. İnformasiya agentliyi hansısa şəxsin şərəf və ləyaqətini pozursa, onlar aidiyyəti üzrə səlahiyyətli quruma müraciət edə bilərlər. Bizim həmin məlumatı iki ay ərzinədək bloklamaq səlahiyyətimiz var, əgər bu agentlik dövlətdə qeydiyyatdan keçibsə. Amma feysbuk, instaqram kimi sosial şəbəkələrdən söhbət gedirsə, bizim bu sahədə mexanizmimiz yoxdur”, - deyə Zarina Kalmuratova əlavə edib.

Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir deyib ki, bəzən saxta xəbərlər və manipulyativ məlumatlar yalnız gündəlik informasiya axınında deyil, hətta müxtəlif “komplo nəzəriyyələrinin” yazılmasında da istifadə olunur. Bu gün informasiya dövrü elə bir mərhələyə gəlib çatıb ki, artıq peyk və kosmik texnologiyalar media ekosisteminin ayrılmaz hissəsinə çevrilib.

“Siz çox yaxşı media ekosistemi qura, yüksək peşəkar jurnalistlər yetişdirə bilərsiniz, lakin əgər kosmosda, yəni, peyk texnologiyalarında mövcud deyilsinizsə, təəssüf ki, Yer üzərində də tam güclü informasiya mövqeyinə sahib ola bilməzsiniz. Hazırkı şəraitdə peyk texnologiyalarının media sahəsinə təsiri son dərəcə böyükdür. Bu gün süni intellekt texnologiyaları ilə peyk infrastrukturunun inkişafı eyni səviyyədə irəliləyir. Əgər biz kosmos müstəvisində rəqabət qabiliyyətinə sahib deyiliksə, yayımladığımız xəbərlər də, qurduğumuz bağlantılar da öz əhəmiyyətini itirə bilər. Bu böyük dəyişikliyə uyğunlaşmaq üçün, ilk növbədə, yerli potensialın gücləndirilməsi əsas şərtdir”, - deyə Alptekin Cihangir İşbilir vurğulayıb.

Müşavirin sözlərinə görə, media hər bir ölkə üçün son dərəcə strateji sahədir. Dövlətlərin fikirlərini, mövqelərini, dünyaya mesajlarını çatdıran məhz mediadır. Buna görə də həm texnoloji, həm peşəkar, həm də institusional baxımdan güclü media ekosistemi formalaşdırmaq milli təhlükəsizlik məsələsinə çevrilib.

Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər nazirinin müavini Mustafa Lakadamyalı isə fikirlərini bu cür ifadə edib: “Bizim dövlətimiz 40 ildir mövcuddur və müxtəlif təşkilatlarda təmsil olunmuşuq. Tarixə nəzər salsaq deyə bilərik ki, yanlış informasiya, əslində, hər birimizin üzləşdiyi problemə çevrilib. Təşkilata üzv olduqdan sonra özümüzü daha güclü hiss etdik. Biz bu təşkilat vasitəsilə daha güclü ola bilərik. Türk dünyası üçün çox işlər görə bilərik. Biz hələ istədiyimiz səviyyəyə çatmamışıq”.

Müzakirələr zamanı iştirakçılar qlobal informasiya risklərinin sürətlə artması, dezinformasiya kampaniyalarının sərhədləri aşan şəkildə yayılması fonunda Türk dövlətlərinin media ekosistemində dayanıqlılığın gücləndirilməsinin strateji zərurətə çevrildiyini vurğulayıblar. Qeyd olunub ki, müasir informasiya mühitində məlumatın etibarlılığının qiymətləndirilməsi, tənqidi düşünmə və analitik bacarıqların artırılması, rəqəmsal media tendensiyalarının operativ şəkildə mənimsənilməsi, eləcə də Türk dövlətləri üzrə davamlı və təhlükəsiz media ekosisteminin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır.

Diqqətə çatdırılıb ki, ortaq tarixi-mədəni bağlara malik Türk dövlətləri arasında media sahəsində əməkdaşlığın dərinləşdirilməsi, vahid media standartlarının formalaşdırılması və qarşılıqlı təcrübə mübadiləsinin təşviqi müasir çağırışlara adekvat reaksiya verilməsi baxımından xüsusilə vacibdir.