Bakıdan gələcəyin şəhərlərinə: Universitetlərimiz WUF13-də nələri nümayiş etdirir?
Bakıda keçirilən WUF13 – BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının əsas platformalarından biri olan “Urban Expo” sərgisində dünyanın müxtəlif ölkələrindən gətirilmiş layihələr, innovativ şəhər həlləri və gələcəyin urban baxışları nümayiş olunur. Nəhəng pavilyonların, rəqəmsal təqdimatların və beynəlxalq stendlərin arasında Azərbaycan universitetlərinin iştirakı da xüsusi diqqət çəkir. Burada onlar həm təhsil müəssisəsi kimi, həm də şəhərlərin gələcəyi haqqında düşünən, layihə hazırlayan və ideya ortaya qoyan akademik mərkəzlər kimi çıxış edirlər.
Sərgidə ən çox maraq doğuran universitet pavilyonlarından biri Bakı Mühəndislik Universitetinə məxsus idi. Stenddə nümayiş olunan iriölçülü maketlər, qeyri-adi memarlıq formaları və tələbələrin əl işi olan konsept layihələr qonaqları pavilyonun qarşısında saxlayırdı. Xüsusilə arı şanından ilhamlanaraq hazırlanmış orqanik memarlıq layihəsi həm estetik görünüşü, həm də dayanıqlı yanaşması ilə seçilirdi.
Universitetin “Memarlıq” ixtisası üzrə II kurs tələbəsi Firuzə Qasımova-Əlizadə deyir ki, layihənin əsas məqsədi təbiətlə uyğunlaşan şəhər məkanı yaratmaqdır: “Bu layihə orqanik memarlıq prinsipləri əsasında hazırlanıb. Burada karbon emissiyasının azaldılması, ekoloji materiallardan istifadə və şəhərsalma planlamasının təbiətlə uyğun qurulması əsas götürülüb”.
Onun sözlərinə görə, layihənin Kəlbəcərdə həyata keçirilməsi üçün ərazinin relyefi və təbii xüsusiyyətləri xüsusi nəzərə alınıb. Modul sistem üzərində qurulan konsept müxtəlif coğrafi şəraitlərə rahat uyğunlaşa bilir: “Tam beton konstruksiyadan istifadə olunmadığı üçün layihənin fərqli relyeflərə adaptasiyası daha asandır”.
BMU tələbələrinin təqdim etdiyi digər layihələr isə Şuşa şəhəri və Cıdır düzü ətrafı üçün nəzərdə tutulub. Stadion, teatr, sərgi və idman mərkəzlərini birləşdirən kompleks layihələrdə landşaftla uyğunluq əsas memarlıq xətti kimi götürülüb. Maketlərdə sıldırım qayaların qarşısında yerləşdirilmiş tikililər, atrium tipli tədbir məkanları və alpinistlər üçün nəzərdə tutulmuş dayanacaq sahələri diqqət çəkən detallardan idi.
Firuzə Qasımova-Əlizadə bildirir ki, layihələrin memarlıq həlli əsasən üçbucaqlı formalar üzərində qurulub və bu yanaşma xüsusi hesablama texnikaları əsasında hazırlanıb.
O bildirir ki, BMU-nun stendində nümayiş etdirilən maketlər printer texnologiyasından istifadə edilmədən universitetin I və II kurs tələbələri tərəfindən hazırlanıb.
“Urban Expo” sərgisində diqqət çəkən universitet pavilyonlarından biri də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə aid idi. Xarici qonaqların, tələbələrin və müxtəlif ölkələrdən gələn nümayəndələrin ən çox toplandığı məkanlardan birinə çevrilən stenddə həm akademik proqramlar, həm də innovativ layihələr təqdim olunurdu.
Universitetin İctimaiyyətlə əlaqələr və marketiq şöbəsinin müdiri Xülya Sabirli bildirib ki, forumda iştirakın əsas məqsədi ADNSU-nun beynəlxalq imkanlarını və müasir təhsil mühitini tanıtmaqdır: “Burada universitetimizin tədris imkanlarını təqdim edir, qonaqlara məlumat xarakterli materiallar və hədiyyələr veririk. Eyni zamanda ikili diplom proqramları, üç dildə təhsil imkanları, elmi-tədqiqat və laboratoriya mühiti haqqında məlumatlandırma aparırıq”.
Pavilyonda xüsusilə xarici vətəndaşların marağı hiss olunurdu. Valideynlər, magistratura təhsili ilə maraqlanan gənclər və xarici tələbə kimi müraciət etmək istəyən şəxslər universitet nümayəndələri ilə uzun söhbətlər aparır, proqramlar haqqında ətraflı məlumat alırdılar.
Universitet nümayəndələrinin sözlərinə görə, ADNSU-da həyata keçirilən beynəlxalq proqramlar da qonaqlarda xüsusi maraq doğurur: “UFAZ və Uorvik Universiteti ilə birgə həyata keçirilən bərpa olunan enerji proqramları böyük diqqət çəkir. Bu ildən etibarən UFAZ-da “Su ehtiyatlarının idarə edilməsi” ixtisası da fəaliyyətə başlayıb”.
Stendin ən canlı hissələrindən biri isə universitetin Startap və TTO Mərkəzinin təqdim etdiyi layihələr idi. Burada tələbələrin hazırladığı texnoloji həllər sərgiyə gələn qonaqların diqqətini xüsusilə cəlb edirdi.
ADNSU-nun II kurs tələbəsi İsmayıl Hacıyev forumda “AID-1” adlı dördayaqlı robotu təqdim edir. Robotun maketi və ekranda nümayiş etdirilən simulyasiyalar stendə yaxınlaşanların marağına səbəb olurdu.
İsmayıl Hacıyev deyir ki, layihə neft və qaz sektorunda təhlükəli ərazilərdə insan əməyini azaltmaq məqsədi daşıyır: “Robot təhlükəli ərazilərdə rutin tapşırıqları avtonom şəkildə yerinə yetirmək üçün hazırlanıb. Süni intellekt, kompüter görməsi texnologiyası və 360 dərəcə maneə aşkarlayan sensorlarla təchiz olunub”.
Onun sözlərinə görə, layihənin əsas üstünlüklərindən biri robotun hərəkəti əvvəlcədən sərt kodlarla deyil, süni intellekt vasitəsilə öyrənməsidir: “Biz əvvəlcə robotun 3D modelini hazırlayırıq, sonra onu xüsusi simulyasiya platformalarına ötürürük. Robot virtual mühitdə hərəkət etməyi özü öyrənir”.
Forumda ADNSU tərəfindən təqdim olunan digər startap isə suyun ekoloji üsulla təmizlənməsinə həsr olunub. Layihədə ənənəvi xlor əvəzinə azot əsaslı təmizləmə sistemi təklif edilir. Günəş panelləri ilə çalışan sistem həm enerji baxımından səmərəli, həm də ekoloji cəhətdən daha təhlükəsiz həll kimi təqdim olunur.
“Urban Expo” sərgisində iştirak edən universitetlər arasında Bakı Dövlət Universitetinin pavilyonu daha çox elmi-tədqiqat istiqamətli təqdimatları ilə seçilirdi. Burada şəhərlərin gələcəyi ilə bağlı həm nəzəri yanaşmalar, həm də urbanizasiya, ekoloji dayanıqlılıq və rəqəmsal transformasiya sahəsində aparılan multidisiplinar araşdırmalar nümayiş etdirilirdi. Stendə yaxınlaşan qonaqlar monitorlarda təqdim olunan layihələrlə tanış olur, universitet nümayəndələri ilə uzun müzakirələr aparırdılar.
BDU-nun Xarici tələbələrlə iş şöbəsinin müdiri Nigar Seyidli bildirir ki, forum çərçivəsində universitetin əsas məqsədi urban inkişafla bağlı elmi potensialını beynəlxalq auditoriyaya təqdim etməkdir: “Ekspozisiyada şəhər mühitinin dayanıqlı inkişafı, ekoloji tarazlığın qorunması, iqlim dəyişikliklərinə adaptasiya, innovativ texnologiyaların tətbiqi və inklüziv inkişaf modelləri istiqamətində həyata keçirilən elmi layihələri təqdim edirik”.
Onun sözlərinə görə, universitetin təqdim etdiyi materiallarda əsas diqqət müasir şəhərlərin qarşılaşdığı çağırışlara və insan mərkəzli inkişaf modellərinə yönəlib: “Ağıllı şəhər konsepsiyaları, rəqəmsal transformasiya imkanları və dayanıqlı urban inkişafla bağlı multidisiplinar tədqiqat nəticələri sərgidə böyük maraq doğurur”.
BDU pavilyonunda universitetin müxtəlif fakültələri və elmi mərkəzləri tərəfindən həyata keçirilən beynəlxalq layihələr, tərəfdaşlıq proqramları və onların praktiki tətbiq imkanları da nümayiş etdirilir. Forum iştirakçıları arasında xüsusilə xarici tələbələrin və beynəlxalq nümayəndələrin stendə marağı hiss olunurdu.
Nigar Seyidli deyir ki, universitetin Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı proqramı çərçivəsində təhsil alan xarici tələbələri də WUF13 tədbirlərinə fəal şəkildə qoşulublar: “Tələbələr həm könüllü fəaliyyət göstərirlər, həm də müxtəlif təlimlərdə iştirak edirlər. Bu onların beynəlxalq təcrübə qazanması baxımından çox önəmlidir”.
Forum çərçivəsində BDU-nun xarici tələbələri “Yaşıl evlər, yaşıl eyvanlar: dayanıqlı şəhərlər üçün hidroponik həllər” adlı xüsusi təlimdə də iştirak ediblər. Təlim zamanı iştirakçılar hidroponik sistemlərin müasir şəhər mühitində tətbiqi və dayanıqlı urbanizasiya strategiyalarında texnologiyaların rolu ilə bağlı məlumat əldə ediblər.
BDU nümayəndələrinin sözlərinə görə, forum universitetin beynəlxalq əlaqələrinin genişlənməsi baxımından da mühüm platformaya çevrilib. Xüsusilə Afrika ölkələrindən olan iştirakçılar universitetin stendinə yaxınlaşaraq qəbul qaydaları, təqaüd imkanları və təhsil şəraiti ilə maraqlanıblar.
“Hazırda qəbul prosesi aktiv mərhələdədir. Müraciət etmək istəyən tələbələrə lazımi dəstəyi göstərir və onları maraqlandıran sualları cavablandırırıq”, – deyə Nigar Seyidli bildirir.
WUF13 çərçivəsində universitetlərin pavilyonlarında nümayiş etdirilən bu layihələr göstərir ki, Azərbaycan universitetləri artıq innovasiya, texnologiya və tətbiqi həllərlə də qlobal platformalarda görünməyə başlayır.



