Mətbəxdə öyrənilən peşə: Tələbələrlə bir gün - REPORTAJ
Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində 1 illik tədris müddəti üzrə ilk və texniki peşə təhsili səviyyələrində oxuyan ümumilikdə 154 tələbə müxtəlif müəssisələrdə təcrübəyə başlayıb. Onların bir qismi 21 aprel–21 iyun 2026-cı il tarixlərini əhatə edən bu mərhələdə Naxçıvan MR Maliyyə Nazirliyi, “Atəşgah Sığorta” ASC-nin Naxçıvan filialı, Naxçıvan MR Dövlət Arxiv İdarəsi, “Naxçıvan Dəmir Yolları” MMC, “Ləzzət Biskvit və Şokolad Fabriki” MMC, “Nəqşicahan” restoranı, eləcə də müxtəlif dövlət bağçaları, qadın gözəllik salonları və bərbərxanalarda təcrübə keçirlər.
“Azərbaycan müəllimi” 16 nəfərdən ibarət “Aşpaz” ixtisas qrupunun tələbələri ilə bir günlük praktikada olub.
Səhər saatlarında Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzinin təşkil etdiyi istehsalat təcrübəsini izləmək üçün “Nəqşicahan” restoranına yollanıram.
Restoranın mətbəxinə daxil olan kimi tamam fərqli bir atmosfer hiss olunur. Qaynayan qazanlar, sobadan gələn istilik, xəmirin ətri, tərəvəzlərin doğranma səsi… Hər kəs öz işinin başındadır. Tələbələr milli yeməklərin hazırlanmasını öyrənir və prosesin hər detalında iştirak edirlər.
Mətbəxdə ilk diqqətimi çəkən əlbəttə ki, müəllim Zəminə Hacıyeva olur. O həm tələbələri izləyir, həm də eyni anda onlara istiqamət verirdi. Onunla söhbət edərkən bu sahəyə necə bağlı olduğunu hiss etmək çətin deyil:
“Bir ildir ki, burada dərs deyirəm. 8 ildən çox restoranlarda şef aşbaz işləmişəm. Burada aşbazlığın sirlərini öyrədirik. Çalışıram ki, öz bildiklərimi tələbələrə doğru öyrədim. İstər məclis üçün yeməklərin hazırlanması, istərsə də az miqdarda olan yeməklər üçün reseptlər verirəm. Tələbələr çox aktivdir, maraqları çoxdur. Praktikada da can atırlar ki, nəsə öyrənsinlər. Restoranda işləyənlərə də tez-tez suallar verirlər, restorana məxsus yeməkləri öyrənməyə çalışırlar. Bizim peşədə gözəllik və dad vəhdət daşıyır. Tələbələrə məhz milli mətbəximiz öyrədilir. Hər bir tələbə müxtəlif rayonlardan gəlib burda oxuyurlar. Bitirib öz rayonlarında da, təbii ki milli mətbəximizi təbliğ edəcəklər”.
Onunla söhbətləşdiyim müddətdə tələbələrin işinə baxıram. Həqiqətən də, hər biri öyrənməyə çalışır, ustalara suallar verir, detallara diqqət edir. Çünki bu, sadəcə dərs deyil, canlı təcrübədir.
Bir tələbə olduqca aktivdir. Mətbəxin hər tərəfində ona rast gəlmək olur. Tələbəni peçin qarşısında saxlayıb söhbətləşirəm. Nuray Zeynalova əlində xəmir olsa da, suallarıma səmimi cavab verir:
“Orta məktəbdə oxuyanda peşə məktəbindən qonaqlar gəlib, ixtisaslar haqqında məlumat verdilər. Mənim də uşaqlıqdan aşbazlığa marağım olduğuna görə bu peşəni seçdim. Əslində bizim mərkəzdə də praktiki dərslər keçirilir. Orda da yeməklər hazırlayırdıq. Bilmədiyimiz şeyləri müəllimdən soruşub öyrənirdik. Mənim nənəm aşbaz olub. 13-14 yaşımdan yemək hazırlamağa başlamışam, mənə o yemək bişirməyi öyrədirdi, indi isə müəllimlərimiz öyrədir. Milli mətbəxdən plovları bişirməyi xoşlayıram. Praktikada sobadan başladım, pizza, pidə, çörək hazırlamağı öyrəndim, indi də o biri yeməkləri öyrənirəm”.
“Hamı deyir ki, bişirdiyim yeməklər dadlıdır”, - deyir Nuray. Gələcək planları isə çoxdur:
“Xəyalım var ki, özüm üçün bir kafe açım. Bitirəndə təcrübə toplamaq üçün bir müddət işləyəcəyəm, sonra xəyalım olan işi quracağam”.
Mətbəxin digər tərəfində Fatma Mehdizadə ilə rastlaşıram. O həm işini görür, həm də fikirlərini bölüşür. Deyir ki, nazirliyin sosial şəbəkələrdə peşə məktəblərinə qəbulla bağlı paylaşımını görüb və qeydiyyatdan keçib:
“Əslində qəbul olacağıma inanmırdım. Aşbazlığı nəzəri cəhətdən də öyrənirik. İndi praktikamız başlayıb, burada daha ətraflı öyrədilir. Burada yeni-yeni yemək növləri öyrənirik. Bizim görmədiyimiz yeməklər də var ki, burda imkan yaradılıb o yeməklərin hazırlanma qaydasını öyrənək”.
Onun həyat hekayəsi isə bu təhsilin yalnız gənclər üçün olmadığını göstərir:
“Məktəbi 20 ildir bitirmişəm, amma aşbazlığa olan həvəsim məni peşə məktəbinə gətirib. Şirniyyatlar bişirməyi də bacarıram. İstəyirdim ki, sahəm üzrə diplomum olsun və daha yaxşı öyrənim. Oxumağın yaşı yoxdur, imkan varsa oxumaq lazımdır. Gələcəkdə hər hansı müəssisədə aşbaz işləmək istəyərəm. Həm də özümə aid müəssisə açıb orda yoldaşlarımı da toplamaq istəyirəm. Həm də o vaxt qürurla deyə biləcəyəm ki, mən peşə məktəbini bitirmişəm”.
Qadınlarla yanaşı, kişilərin də aşbazlığa meylinin olduğu görünür. Sakitcə tələbə İsa Əliyevin yanına yaxınlaşıram. O, kabab şişlərini hazırlayır, həm də söhbət edir. Culfa rayon Bənənyar kəndində yaşasa da, hər gün təhsil üçün şəhərə gəlib gedir:
“Dostlarım dedi ki, peşə məktəbinə get. Evdə yemək bişirməyi xoşlayıram. Bir müddət kəndimizdə dönərxana işlətmişəm. Bu sahədə gələcəkdə də davam etmək fikrim var. Dolmaları yaxşı bişirirəm. Evdə də deyirlər, İsa yemək bişir yeyək. Praktikada indi kabab bişirməyi öyrənirəm. Kabab düzülməsi, donması, bişirmə dərəcəsi hamısını bizə öyrədirlər”.
Daha çox təcrübələrinə mane olmamaq üçün restorandan ayrılıram. Mətbəxdə keçirdiyim bu bir gün mənə bir daha göstərdi ki, burada sadəcə yemək bişirilmir. Burada peşə öyrənilir, gələcək qurulur. Hər bir tələbənin əlində bıçaq, qaşıqla yanaşı həm də bir ümid, bir məqsəd var.



