Məzunlar iş, müəssisələr kadr axtarır: Əmək yarmarkasından REPORTAJ

26 Avqust, 2026 - 12:44
Məzunlar iş, müəssisələr kadr axtarır:

Gəncə-Daşkəsən regionunda ilk dəfə təşkil olunan ixtisaslaşmış əmək yarmarkası peşə təhsili məzunlarını, işaxtaranları və işəgötürənləri bir araya gətirib.

25 avqustda Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində Peşə Təhsili üzrə Dövlət Agentliyi və Dövlət Məşğulluq Agentliyinin birgə əməkdaşlığı ilə Gəncə-Daşkəsən regionu üzrə ixtisaslaşmış əmək yarmarkası keçirilib.

Əmək yarmarkasının keçirilməsində əsas məqsəd peşə təhsili məzunları, işaxtaran və işsiz şəxslərlə işəgötürənlər arasında birbaşa əlaqənin yaradılması, onların aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi, mövcud vakansiyalar və karyera imkanları barədə məlumatlandırılması, eləcə də məzunların məşğulluğunun dəstəklənməsidir.

“Azərbaycan müəllimi” 27 işəgötürən tərəfindən 168 vakant iş yeri təqdim edilən ixtisaslaşmış əmək yarmarkasında olub.

Tədbirin digər mühüm xüsusiyyəti isə onun yalnız bir peşə təhsili müəssisəsinin məzunlarını deyil, Gəncə-Daşkəsən regionunda fəaliyyət göstərən müxtəlif peşə təhsili müəssisələrinin məzunlarını əhatə etməsidir. Gəncə ilə yanaşı, Göygöl, Şəmkir, Goranboy və Naftalanda yerləşən peşə təhsili müəssisələrinin məzunları da yarmarkaya qatılıblar.

Beləliklə, müxtəlif ixtisaslar üzrə hazırlanan gənclərin potensial işəgötürənlərlə birbaşa ünsiyyət qurmasına, vakansiyalarla tanış olmasına və öz bacarıqlarını təqdim etməsinə şərait yaradılıb.

Məzunlar öz bacarıqlarını işəgötürənə real formada təqdim edirlər

Peşə Təhsili üzrə Dövlət Agentliyinin Tərəfdaşlarla iş və kommunikasiya şöbəsinin müdiri Nigar İsmayılzadə əmək yarmarkasının peşə təhsili məzunlarına fokuslanan yeni formatda təşkil edildiyini bildirib.
O qeyd edib ki, tədbirdə 400-dən çox peşə təhsili məzunu iştirak edib. Qurum rəsmisi belə platformaların gələcəkdə də təşkil olunacağını vurğulayıb.

Əmək yarmarkasının formatında müəyyən yeniliklərin tətbiq edildiyini deyən şöbə müdiri master-klasların da təşkil olunduğunu söyləyib. Onun sözlərinə görə, bu, məzunların öz bacarıqlarını yalnız kağız üzərində deyil, praktiki şəkildə nümayiş etdirməsinə imkan verir:

“Master-klaslarda məzunlar öz istedadlarını, öz bacarıqlarını təqdim etməklə işəgötürənlərlə birbaşa əlaqəyə keçirlər, öz bacarıqlarını təqdim edirlər”.

N.İsmayılzadə Əskərovanın sözlərinə görə, peşə təhsilində praktiki hazırlığın gücləndirilməsi məşğulluğun artırılmasına da birbaşa təsir göstərir. Hazırda müxtəlif regionlarda dual təhsil modeli əsasında iş yeri təcrübələrinin təşkil edildiyini deyən şöbə müdiri bunun xüsusilə regionlarda məşğulluğun artırılmasına töhfə verəcəyini qeyd edib:“Bu il dual təhsil modeli əsasında 2500-dən çox iş yerində təcrübə təşkil edilməsi nəzərdə tutulub. Eyni zamanda karyera məsləhətinin təşkili üçün yeni ştat vahidləri artırılıb və karyera mərkəzləri təsis edilib ”.

“Müəssisələrin tələbatına uyğun ixtisaslar üzrə kadr hazırlayırıq”

Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Elmir Cəfərov isə bildirib ki, peşə təhsili müəssisəsinin əsas fəaliyyət istiqamətlərindən biri regionun sənaye müəssisələri üçün tələb olunan ixtisaslı kadrların hazırlanmasıdır.

Mərkəzdə 2026–2027-ci tədris ili üzrə qəbul prosesinin davam etdiyini deyən direktor avqustun 27-də ikinci tur mərhələsinin başlayacağını diqqətə çatdırıb. Onun sözlərinə görə, hazırda mərkəzdə 91 qrup üzrə qəbul elan edilib.

E.Cəfərov bildirir ki, ixtisasların müəyyənləşdirilməsi zamanı müəssisələrin real kadr ehtiyacları nəzərə alınır: “Hazırda sənaye və texnologiyalarda əmək bazarına uyğun olan ixtisaslar elan verilib. Bizim Gəncədə yerləşən müəssisələrlə birbaşa müqavilələrimiz bağlanır və müqavilə əsasında həmin ixtisaslar elan edilir”.
Direktorun sözlərinə görə, mərkəzlə Gəncədə fəaliyyət göstərən müəssisələr arasında birbaşa əlaqələrin olması tələbələrin təhsil müddətində praktiki bacarıqlar qazanmasına və məzun olduqdan sonra işlə təmin olunmasına da imkan yaradır: “ Müəssisələrin tələbatına uyğun ixtisaslar üzrə tələbələr hazırlayırıq və bu tələbələr də müəssisələrdə gedib sonra çalışırlar”.


E.Cəfərov peşə təhsilinə marağın son illərdə artdığını da vurğulayıb: “Ümumiyyətlə, hazırda gənclərin peşəyə marağı, mən deyərdim ki, öncəki illərə baxdıqda daha da artıb. Peşə təhsilinə olan marağın artması, peşə məktəblərinin yenidən qurulması, emalatxanaların yenidən qurulması peşə təhsilinə marağı daha da artırıb”.

İşəgötürən: Tələbələri praktika keçdikdən sonra işlə təmin edirik

Əmək yarmarkasında işəgötürənlər üçün də yeni kadrlarla birbaşa əlaqə qurmaq imkanı yaranıb.
“AzərAlüminium” MMC-nin nümayəndəsi Bəxtiyar Məmmədov bildirib ki, əmək yarmarkasına bir neçə vakansiya ilə qatılıblar. Bu vakansiyalar avtomatika üzrə mühəndis, elektrik montyoru üzrədir.

B.Məmmədov peşə təhsili müəssisələri ilə əməkdaşlığın şirkət üçün əhəmiyyətli olduğunu vurğulayıb. 
Onun sözlərinə görə, müəssisə ilə peşə məktəbi arasında əməkdaşlıq mövcuddur və tələbələr istehsalat təcrübəsini şirkətdə keçirlər: 
“Bizim peşə məktəbi ilə əmək müqaviləmiz var. Həmin peşə məktəbində təhsil alan tələbələr bizim müəssisədə praktika keçirlər. Eyni zamanda, praktika keçdikdən sonra həmin peşə məktəbinin tələbələrini işlə təmin edirik”.

“Peşə təhsili karyera qurmağa çox kömək edir”

Yarmarkanın digər iştirakçıları – məzunlar üçün isə tədbir yalnız vakansiyalarla tanışlıq deyil, öz ixtisas və bacarıqlarını real işəgötürənlərin qarşısında təqdim etmək imkanıdır.

23 yaşlı Gülcan Məmmədova peşə məktəbində “Operator” ixtisasını bitirib. O, yarmarkada öz ixtisası üzrə vakansiyaya müraciət edib: “Məncə, peşə təhsili karyera qurmağa çox kömək edir”.

Göygöl şəhərində peşə təhsili müəssisəsində “Üzümçülük-şərabçılıq” ixtisasını bitirən 26 yaşlı Aynurə Məmmədova da öz ixtisasına uyğun iş üçün yarmarkaya qatılıb: “Məncə, peşədə qazandığım biliklər işə girməkdə kömək edəcək”.

Peşə təhsilinin əmək bazarına çıxış üçün yaratdığı imkanlardan danışan məzunlardan biri də 23 yaşlı Eltun Muşkiyevdir.

“Sosial media menecmenti” ixtisasını bitirən fiziki məhdudiyyətli gənc Gəncə Peşə Təhsil Mərkəzində iki aylıq kurs da keçib. O, oxuduğu ixtisas üzrə iş tapmaq məqsədilə yarmarkaya müraciət edib: “Məncə, peşə təhsili vakansiya götürənlər üçün maraqlıdır. Heç bir fiziki məhdudiyyətin peşə təhsilini almağa təsiri yoxdur”.

“Geyim üzrə dizayner” ixtisasını bitirən 29 yaşlı Gülnar Səfərova da əmək yarmarkasında öz ixtisası üzrə vakansiyaya müraciət edib: “İnanıram ki, bu əmək yarmarkasında ixtisasım üzrə iş tapacağam”.

17 yaşlı Səkinə İsmayılova isə ikiillik peşə təhsili alıb və “Geyim üzrə dizayner” ixtisasını bitirib: “Bu əmək yarmarkasında peşəmə uyğun iş axtarıram. Amma gələcəkdə mühasibat uçotu və ya bərbərlik istiqamətləri üzrə peşə təhsili almaqla yeni iş imkanları yaratmağı düşünürəm”.

Əmək yarmarkasında yalnız peşə təhsili məzunları deyil, ali təhsillilər də iştirak ediblər

Azərbaycan Dövlət Aqrar Universitetinin məzunu, 24 yaşlı İsmayıl Hüseynov aqronom sahəsi üzrə iş üçün müraciət edib.

O, ali təhsil alan gənclərin əmək bazarına daxil olarkən qarşılaşdıqları əsas çətinliklərdən birinin təcrübə məsələsi olduğunu düşünür: “Məncə, işəgötürənlər ali təhsillilərə diqqət ayırırlar, amma az ayırırlar, çünki təcrübə baxımından bir qədər problem olur. Amma peşə təhsilində çox təcrübə qazandıqları üçün onlara üstünlük verirlər”.

Azərbaycan Texnologiya Universitetinin məzunu Rəşad Məmmədov da əmək yarmarkasında iştirak edənlər arasındadır.

“Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi” ixtisasını bitirən R.Məmmədov əmək yarmarkası barədə sosial mediadan məlumat əldə etdiyini və buna görə tədbirə qatıldığını bildirib: “Öz ixtisasıma uyğun sahələr üzrə müraciət etdim. İndi isə gözləyirəm və ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyəm”.