Bakı, yoxsa region: Abituriyentlər universitet seçərkən nələrə diqqət edirlər? – REPORTAJ
Mingəçevir Dövlət Universitetində fəaliyyət göstərən ödənişsiz Məsləhət Mərkəzində abituriyentlər yalnız ixtisas kodlaşdırmır, gələcək təhsil və karyera yollarını da mütəxəssislərlə birlikdə dəyərləndirirlər.
Ali məktəbə qəbul imtahanında toplanan bal abituriyentin qarşısında müəyyən imkanlar açır. Lakin həmin imkanlardan necə istifadə ediləcəyi, hansı ixtisasın və universitetin seçiləcəyi bəzən imtahanın özündən də çətin qərara çevrilir. Çünki ixtisas seçimi sadəcə elektron ərizədə kodların ardıcıllıqla yazılması deyil. Abituriyent faktiki olaraq gələcək peşəsini, növbəti dörd ilini keçirəcəyi təhsil mühitini və bir çox hallarda yaşayacağı şəhəri seçir.
Xüsusilə orta bal intervalında nəticə əldə edən gənclər arzuladıqları ixtisasla real qəbul ehtimalı arasında düzgün balans qurmalıdırlar. Yanlış seçim ardıcıllığı arzulanan ixtisasdan kənarda qalmaq, hətta bəzi hallarda tələbə adını qazana bilməmək riski yarada bilər.
Digər tərəfdən, qərarlar bəzən kifayət qədər məlumat əldə edilmədən verilir. Abituriyent paytaxtda oxumaq istəyir, lakin seçdiyi ixtisasın məzmununu tam bilmir. Valideyn isə yaşayış, yataqxana, gündəlik xərclər və universitetin imkanları barədə məlumatsız ola bilər. Bəzən ailənin arzusu ilə gəncin istəyi də üst-üstə düşmür.
“Azərbaycan müəllimi” olaraq bu sualların cavabının necə axtarıldığını görmək üçün Mingəçevir Dövlət Universitetindəki Məsləhət Mərkəzinə üz tutduq.
Buraya təkcə Mingəçevirdən deyil, Ucar, Yevlax, Bərdə, Ağdaş, Göyçay və Zərdabdan, eləcə də bu rayonların kəndlərindən valideyn və abituriyentlər müraciət edirlər. Mərkəzdə müəllimlər və komissiya üzvləri abituriyentin balını, maraq göstərdiyi ixtisasları və gələcək planlarını nəzərə alaraq seçim ardıcıllığının hazırlanmasına kömək edir, müxtəlif ali məktəblərin imkanları, yaşayış xərcləri, tələbə həyatı və karyera perspektivləri barədə məlumat verirlər.
Diqqətçəkən məqamlardan biri də müraciət edən hər bir abituriyentin Mingəçevir Dövlət Universitetinə yönləndirilməməsidir. Məqsəd gəncin nəticəsinə və istəyinə uyğun əsaslandırılmış qərar verməsinə kömək etməkdir.
“Abituriyentin balından əvvəl onun nə istədiyini anlamağa çalışırıq”
Mərkəzdə abituriyentlərlə çalışan Şükran Xudaverdiyev bildirir ki, yalnız keçid ballarına baxmaq düzgün yanaşma deyil:“İlk sualımız adətən “neçə bal toplamısan?” olmur. Abituriyentdən nə ilə maraqlandığını, özünü hansı sahədə gördüyünü soruşuruq. Çünki dörd il sevmədiyi bir ixtisası oxumaq onun həm motivasiyasına, həm də gələcək peşə həyatına təsir edə bilər. Sonra nəticəsinə uyğun real imkanları birlikdə dəyərləndiririk. Arzu ilə reallıq arasında düzgün balans yaratmaq lazımdır”.
Onun sözlərinə görə, bəzi gənclər ixtisasın adını eşidib seçim etmək istəyirlər, lakin hansı fənlərin tədris olunacağını və məzun olduqdan sonra harada işləyə biləcəklərini bilmirlər. Buna görə məsləhət zamanı peşənin perspektivləri də izah edilir.
İxtisas seçimi- məsuliyyətli mərhələ
Müəllim Günel Kərimli ixtisas kodlaşdırmasının son dərəcə məsuliyyətli mərhələ olduğunu deyir: “Abituriyent bəzən ixtisasları düzgün müəyyənləşdirir, amma ardıcıllığı doğru qurmur. Hansı ixtisası daha çox istədiyini, hansı seçimlərin daha real olduğunu nəzərə almadan kodlaşdırma aparmaq sonradan peşmanlıq yarada bilər. Biz ardıcıllığın məntiqini izah etməyə çalışırıq”.
Onun fikrincə, mütəxəssisin işi abituriyentin yerinə qərar vermək deyil, bütün məlumatları təqdim edib qərarı onun özünün verməsinə şərait yaratmaqdır.
“Elə abituriyentlər olur ki, onun üçün əsas meyar yalnız Bakıda təhsil almaqdır”
Müəllim Güney Məmmədova sosial və iqtisadi amillərin də nəzərə alınmalı olduğunu vurğulayır:“Elə abituriyentlər olur ki, onun üçün əsas meyar yalnız Bakıda təhsil almaqdır. Soruşuruq ki, seçdiyin ixtisas səni həqiqətən maraqlandırır, yoxsa əsas məqsəd paytaxta getməkdir? Dörd il ərzində kirayə, nəqliyyat, qidalanma və digər xərclər də ailə üçün ciddi məsələdir. Əgər eyni və ya yaxın istiqamətdə regionda təhsil almaq imkanı varsa, bunu da alternativ kimi göstəririk. Son qərar yenə abituriyentin və ailənindir”.

O hesab edir ki, region universitetlərinə münasibətdə hələ də stereotiplər qalır. Halbuki tələbənin özünüinkişafı, xarici dil öyrənməsi və beynəlxalq proqramlarda iştirakı onun şəxsi fəallığından da ciddi şəkildə asılıdır.
“Bəzən valideynin düşündüyü peşə ilə gəncin istəyi fərqli olur”
Mikayıl Mikayıllı isə bir müəllim olaraq valideyn amilinə diqqət çəkir:“Valideyn təbii olaraq övladı üçün ən yaxşısını istəyir. Amma bəzən valideynin düşündüyü peşə ilə gəncin istəyi fərqli olur. Valideynin həyat təcrübəsi vacibdir, ancaq həmin ixtisas üzrə dörd il oxuyacaq və gələcəkdə işləyəcək şəxs abituriyentin özüdür”.
“Bizim üçün ən yaxşı nəticə odur ki…”
Mütəxəssis Jalə Qasımova hesab edir ki, abituriyent mərkəzdən sadəcə hazır kodlaşdırılmış siyahı ilə deyil, niyə həmin seçimləri etdiyini anlayaraq ayrılmalıdır:“Gənc bilməlidir ki, niyə bir ixtisası digərindən əvvəl yazır, həmin ixtisas ona hansı bilik və bacarıqları qazandıracaq. Bizim üçün ən yaxşı nəticə odur ki, abituriyent söhbətin sonunda “mən qərarımı niyə verdiyimi bilirəm” deyə bilsin”.
“Mingəçevir Dövlət Universitetini seçimlərim arasında ön sırada görürəm”
Mərkəzdə rastlaşdığımız abituriyentlərin seçimləri də bir-birindən fərqlənirdi. Mingəçevir şəhərində yaşayan Nurlan İsmayılov məktəb illərindən texnologiya və mühəndisliyə maraq göstərib. Hazırladığı LEGO modelləri və robot layihələri ilə “SAF -STEAM” kimi yarışlarda iştirak edib və uğur qazanıb. İndi isə ali təhsilini doğma şəhərində davam etdirmək istəyir: “Özümü texnologiya istiqamətində inkişaf etdirmək istəyirəm. Məktəb vaxtından robototexnika və layihələrlə məşğul olmuşam. Düşünürəm ki, doğma şəhərimdə təhsil alaraq da yeni layihələr üzərində işləyə bilərəm. Buna görə Mingəçevir Dövlət Universitetini seçimlərim arasında ön sırada görürəm”.
577,6 balla BDU seçimi
Abituriyent Zərifə Abdurrahmanova 577,6 bal toplayıb. O, Yevlax rayonunun Əkşəm kəndindən Mingəçevirə gələrək ixtisas seçimini mütəxəssislərlə birgə dəqiqləşdirib. Zərifənin seçimi Bakı Dövlət Universitetidir:“Yüksək bal toplamaq bütün sualların avtomatik həll olunması demək deyil. Hansı ixtisası hansı ardıcıllıqla yazmaq, alternativləri necə müəyyənləşdirmək məsələsində tərəddüdlərimiz vardı. Burada həmin sualları mütəxəssislərlə müzakirə etdim və seçimimi daha əmin şəkildə etdim”.
Onun verdiyi qərar mərkəzin konkret universitetə yönəltməkdən daha çox, fərdi seçimin düzgün qurulmasına dəstək verdiyini göstərir.
Qərarına təsir edən əsas məsələlərdən biri beynəlxalq imkanlardır
Abituriyent Alagöz Məmmədova 518,6 balla ali təhsilini Mingəçevir Dövlət Universitetində almaq istəyir. Qərarına təsir edən əsas məsələlərdən biri beynəlxalq imkanlardır:“Universitetin tələbələrinin xarici universitetlərdə bir semestr təhsil almaq imkanlarının olması mənim üçün maraqlıdır. Universitet həyatını yalnız auditoriya dərsləri ilə məhdudlaşdırmaq istəmirəm. Təhsil müddətində mübadilə proqramlarından və layihələrdən istifadə etmək istəyirəm”.
“İnkişaf yalnız hansı şəhərdə oxumağından asılı deyil”
Abituriyent Xədicə Quliyeva 549 balla I ixtisas qrupu üzrə seçim edir və o da Mingəçevirdə ali təhsil almaq arzusundadır: “İnkişaf yalnız hansı şəhərdə oxumağından asılı deyil. Əgər insan özü üzərində işləyirsə, xarici dil öyrənirsə, layihələrdə iştirak edirsə, region universitetində də inkişaf edə bilər. Sadəcə başqa şəhərə getmək naminə seçim etmək istəmirəm”.
Valideyn də düzgün seçim prosesinin iştirakçısıdır
Mərkəzə müraciət edən valideynlərin sualları yalnız keçid balları ilə məhdudlaşmır. Təhsil haqqı, yaşayış, yataqxana, universitet mühiti və gələcək iş imkanları da müzakirə olunur.
Sevinc Məmmədova hesab edir ki, ailələr yalnız öz təcrübələrinə və yaxın çevrənin fikirlərinə əsaslanmamalıdırlar:“Valideyn övladına dəstək olmalıdır, amma mütəxəssis məsləhəti də vacibdir. Bizim bilmədiyimiz qaydalar, keçid göstəriciləri və seçim mexanizmləri var. Bəzən bir tanışın dediyi sözlə uşağın gələcək ixtisası müəyyənləşdirilir. Belə mühüm qərarda peşəkar insanlardan məlumat almaq lazımdır”.
Valideyn Nurlana Xabarova isə mərkəzdəki söhbətlərin övladının qərarına təsir etdiyini deyir: “Biz bura gələndə müəyyən fikrimiz var idi. Amma müəllimlərlə söhbətdən sonra bəzi məsələlərə başqa tərəfdən baxdıq. Övladım da suallarını verdi, universitet və ixtisaslarla bağlı məlumat aldı. Ən vacibi odur ki, son qərarı daha məlumatlı şəkildə verdi”.
Şəhər seçmək, yoxsa gələcək seçmək?
Mərkəzdən bir məqam xüsusilə bizim diqqətimizi çəkdi: Tərəddüd yalnız “hara balım çatır?” sualından yaranmır. “Mən nə olmaq istəyirəm?”, “Bu ixtisası həqiqətən sevirəmmi?”, “Universitet mənə hansı imkanları verəcək?” sualları da qərarın ayrılmaz hissəsidir.
Paytaxtda təhsil almaq istəyi yanlış deyil. Eyni şəkildə, regionda qalmaq da imkanların məhdudlaşması demək deyil. Əsas məsələ şəhərin adı naminə ixtisasdan imtina etməmək, yaxud yalnız rahatlıq naminə gələcək peşə maraqlarını arxa plana keçirməməkdir.
Mingəçevir Dövlət Universitetindəki Məsləhət Mərkəzində müşahidə etdiyimiz mənzərə belə idi: eyni otaqda biri Bakı Dövlət Universitetini, digəri Mingəçevir Dövlət Universitetini seçərək ayrılır. Bir abituriyent üçün əsas meyar beynəlxalq mübadilə imkanıdır, digəri doğma şəhərində qalaraq özünü inkişaf etdirmək istəyir. Başqasının qərarında isə ailənin maddi imkanları, ixtisasa marağı və gələcək planları birlikdə rol oynayır.
Düzgün seçim də məhz budur – hamı üçün eyni universiteti və eyni yolu müəyyənləşdirmək deyil, hər bir gəncin öz nəticəsinə, maraqlarına, imkanlarına və gələcək məqsədlərinə uyğun yolu tapmasına kömək etmək.
İxtisas seçiminin başa çatmasına iki gün qalır. Qarşıdakı qısa müddətdə veriləcək qərar abituriyentin yalnız tələbə biletində yazılacaq ixtisasın adını deyil, qarşıdakı illərdə formalaşacaq peşə həyatının istiqamətini də müəyyənləşdirəcək.




