"YAY FEST 2026”: Yeni biliklər, səmimi dostluqlar və rəngarəng anlar – REPORTAJ

4 Avqust, 2026 - 15:24
"YAY FEST 2026”: Yeni biliklər, səmimi dostluqlar və rəngarəng anlar

Səhərin ilk şəfəqləri paytaxt Bakını bürüyən zaman şəhərin müxtəlif yerlərindən gələn enerjili və təşəbbüskar gənclər metronun "Gənclik" stansiyası yaxınlığında toplanmağa başladılar. Üzlərindəki təbəssüm, gözlərindəki maraq və həyəcan qarşıda onları gözləyən beş günün unudulmaz keçəcəyindən xəbər verirdi. “YAY FEST 2026”-nın “Müasir şəhərlər və texnologiya” düşərgəsinin ilk macərasına start verən avtobusların qapıları açıldıqda, sadəcə sərnişinlər deyil, həm də yeni dostluqların təməli bu nəqliyyat vasitələrinə daxil oldu.


Yolun ilk dəqiqələrindən etibarən avtobuslarda səmimi bir ünsiyyət mühiti formalaşdı. Azərbaycanın fərqli bölgələrindən, müxtəlif ali və orta ixtisas təhsili müəssisələrindən bir araya gələn gənclər eyni məqsəd -öyrənmək, əylənmək və inkişaf etmək ətrafında birləşmişdilər.Yolboyu davam edən fikir mübadilələri, düşərgə proqramı haqqında ehtimallar və təəssüratlar Şamaxıya doğru uzanan yolu sanki daha da qısaldırdı.


Nəhayət, avtobus karvanı Şamaxının gözoxşayan təbiəti ilə əhatələnmiş düşərgə ərazisinə çatdı.Səfərin ilk dəqiqələrindən təşkilatçı heyətin peşəkarlığı hiss olunurdu.Əraziyə daxil olmazdan əvvəl bütün təhlükəsizlik prosedurları yüksək səviyyədə həyata keçirildi, iştirakçılar növbəli şəkildə qeydiyyatdan keçdilər.


Çadırlara yerləşməzdən öncə təşkilatçılar tərəfindən geniş məlumatlandırma sessiyası təşkil olunmuşdu. Düşərgənin daxili intizam qaydaları, təhlükəsizlik tələbləri və beşgünlük zəngin proqram haqqında detallı məlumatlar gənclərin diqqətinə çatdırıldı. Məhz bu ilk saatlardan etibarən iştirakçılar arasında nizam-intizamla yanaşı, qarşılıqlı əməkdaşlıq və güclü bir komanda ruhunun təməli qoyuldu.


Düşərgənin ilk gününə xüsusi rəng qatan, gənclərin əhval-ruhiyyəsini qaldıran əsas amillərdən biri canlı musiqi oldu.Hələ Bakıdan Şamaxıya doğru uzanan yolda səslənən ritmik və doğma mahnılar uzun yolun yorğunluğunu iştirakçılara tamamilə unutdurmuşdu. Gənclər birgə ifalara qoşulur, alqışlarla musiqiçilərə dəstək olurdular.
Şamaxıda, düşərgənin asudə vaxtı zamanı isə bu musiqi coşqusu daha da böyümüşdü. Musiqiçilərin canlı ifaları düşərgə ərazisini əsl incəsənət meydançasına çevirirdi.Tar, kaman və digər alətlərin ətrafında toplaşan gənclər bir ağızdan sevilən mahnıları oxuyur, günün yorğunluğunu xoş ovqatla geridə qoyurdular.Təkcə dəvətli musiqiçilər deyil, iştirakçı gənclər də öz musiqi istedadlarını nümayiş etdirməkdən çəkinmirdilər. Öz aralarında ifalar edən, oxuyan gənclər asudə vaxtlarını həm səmərəli, həm də əyləncəli keçirirdilər. Musiqinin insanları birləşdirən sehri festivalın ilk gününü daha emosional və yaddaqalan etdi.


Axşam saatlarında düşərgə ərazisində xüsusi həyəcan hökm sürürdü.“YAYFEST 2026”-nın rəsmi açılış mərasimi keçirildi. Tədbirdə çıxış edən qonaqlar və təşkilatçılar gənclərin şəxsi inkişafının, milli-mənəvi dəyərlərə bağlılığın, komanda işinin və müasir dünyada fəal vətəndaş mövqeyinin vacibliyini xüsusi vurğuladılar. Rəsmi hissənin ardından təqdim olunan möhtəşəm musiqi proqramı gənclər tərəfindən böyük coşqu və alqışlarla qarşılandı.
Gözəl şam yeməyindən sonra başlayan sərbəst vaxt gənclərə düşərgənin füsunkar mühitini kəşf etmək üçün gözəl şərait yaratdı. Səmanın ulduzlarla bəzəndiyi gecədə, düşərgənin müxtəlif guşələrində səmimi söhbətlər quruldu, gələcək planlar müzakirə olundu və yüzlərlə xatirə şəkli çəkildi. Artıq ilk günün həyəcanı yerini gələcək günlərin gözəl gözləntilərinə buraxırdı.
Xülasə,“YAYFEST 2026”-nın 4-cü düşərgəsinin ilk günü həm yüksək təşkilatçılıq səviyyəsi, həm də gənclər arasında yaranan səmimi dostluq, əməkdaşlıq və komanda ruhu ilə yadda qaldı.Həmin gün  qarşıdakı dörd gün ərzində yaşanacaq böyük macəraların və unudulmaz xatirələrin unudulmaz təməli oldu.

"YAY FEST 2026”: Yeni biliklər, səmimi dostluqlar və rəngarəng anlar
"YAY FEST 2026”: Yeni biliklər, səmimi dostluqlar və rəngarəng anlar
"YAY FEST 2026”: Yeni biliklər, səmimi dostluqlar və rəngarəng anlar
"YAY FEST 2026”: Yeni biliklər, səmimi dostluqlar və rəngarəng anlar
"YAY FEST 2026”: Yeni biliklər, səmimi dostluqlar və rəngarəng anlar
"YAY FEST 2026”: Yeni biliklər, səmimi dostluqlar və rəngarəng anlar
"YAY FEST 2026”: Yeni biliklər, səmimi dostluqlar və rəngarəng anlar