Bacarıqlarını real istehsalatda göstərdilər - Tələbələrin məhsulları qiymətləndirildi – REPORTAJ

22 Aprel, 2026 - 15:00
Bacarıqlarını real istehsalatda göstərdilər

İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində “Qənnadıçı-şirniyyatçı” ixtisası üzrə istehsalat təlimi modulu çərçivəsində səriştə qiymətləndirilməsi keçirilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, qiymətləndirmə prosesində işəgötürən müəssisənin nümayəndəsinin iştirakı ilə tələbələrin praktiki bacarıqları real istehsalat tələblərinə uyğun obyektiv və peşəkar şəkildə dəyərləndirilib. Qiymətləndirmədə 13 tələbə iştirak edib. 

Bəs qiymətləndirmə komissiyası tələbələrin fəaliyyətində nəyi qiymətləndirib? 

Məhsulların təqdimatı, gigiyenik normalara riayət, texnoloji ardıcıllığın qorunması və yaradıcılıq yanaşması müsbət cəhətlər kimi qeyd olunub. Komissiya üzvlərinin fikrincə, tələbələr istehsalat mühitinə hazır olmaqla yanaşı, artıq bazar tələblərinə cavab verən məhsullar hazırlamaq qabiliyyətinə malikdirlər.

Səriştə qiymətləndirməsindən sonra öz bacarıqlarımıza daha çox güvənməyə başladıq

Tələbələrdən biri – “Qənnadıçı-şirniyyatçı” ixtisası üzrə təhsil alan Kəmalə Qurbanova qatıldığı səriştə qiymətləndirməsinə real iş şəraiti kimi baxır: “Bu qiymətləndirmə bizə real iş şəraitini yaşatdı. Tapşırıqları yerinə yetirərkən həm məsuliyyət hiss etdik, həm də öz bacarıqlarımıza daha çox güvənməyə başladıq. Bu təcrübə gələcək iş həyatımız üçün çox önəmlidir.”

“Bu qiymətləndirmə yaradıcılıq və məhsul müxtəlifliyi üzrə düşünmə qabiliyyətlərini ortaya qoyub”

İstehsalat təlimi ustası Ayan Novruzlu “Azərbaycan müəllimi”nə bildirib ki, hər tələbə iki çeşiddə qənnadı məmulatı hazırlayıb: “Tələbələrimizin hazırladığı ümumilikdə 26 adda məhsul qiymətləndirildi. Məhsullar milli şirniyyatlar, peçenye növləri, qənnadı məmulatlar, souslu desertlər kimi müxtəlif istiqamətləri əhatə etdi”. 

İstehsalat təlimi ustasının fikrincə, bu qiymətləndirmə tələbələrin yalnız texniki bacarıqlarını deyil, eyni zamanda yaradıcılıq və məhsul müxtəlifliyi üzrə düşünmə qabiliyyətlərini də ortaya qoyub.

Peşə təhsilində səriştə əsaslı yanaşma gələcəyin peşəkar və sahibkar gənclərinin yetişdirilməsində əsas rol oynayır.

İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində Baş usta Tacəddin İbadov bildirib ki, səriştə qiymətləndirilməsi, sadəcə bir imtahan deyil, bu, tələbənin ixtisas üzrə bilik, bacarıq və peşə davranışlarının kompleks şəkildə ölçüldüyü praktik prosesdir: “Dünya təcrübəsinə nəzər salsaq, xüsusilə Almaniyanın dual peşə təhsili modeli, Finlandiya və İsveçrə kimi ölkələrin tətbiq etdiyi səriştə əsaslı qiymətləndirmə sistemləri göstərir ki, uğurlu kadr hazırlığının əsasında məhz praktiki bacarıqların obyektiv qiymətləndirilməsi dayanır. Bu yanaşma bizdə də tətbiq olunaraq tələbələrin real istehsalat mühitinə adaptasiyasını sürətləndirir. İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində “Qənnadıçı-şirniyyatçı” ixtisası səriştə qiymətləndirilməsi bir daha göstərdi ki, müasir peşə təhsili artıq yalnız nəzəri biliklərin ötürülməsi ilə kifayətlənmir. Bu proses tələbələrin real iş mühitinə uyğun bacarıqlarının formalaşdırılması, onların əmək bazarına hazır kadr kimi çıxış etməsi baxımından mühüm əhəmiyyət daşıyır”.

İşəgötürən: “Bizim üçün əsas məsələ işə qəbul etdiyimiz şəxslərin real iş mühitinə hazır olmasıdır

Qiymətləndirmə prosesində işəgötürən də iştirak edib. “Yeganə Dad” şirniyyat evinin rəhbəri Yeganə Novruzova qiymətləndirmədə tələbələrin fəaliyyətini məhz bu prizmadan qiymətləndirib. O, “Azərbaycan müəllimi”nə açıqlamasında iştirakçısı olduğu prosesin düzgün işçi seçimində faydalı olduğunu vurğulayıb: “Bizim üçün əsas məsələ işə qəbul etdiyimiz şəxslərin real iş mühitinə hazır olmasıdır. Bu cür səriştə qiymətləndirməsi tələbələrin praktiki bacarıqlarını açıq şəkildə göstərir və biz işəgötürənlər üçün düzgün seçim etməyə imkan yaradır”.

Tələbələrin bacarıqlarını yüksək qiymətləndirən işəgötürən qeyd edib ki, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin tələbləri istehsalata hazır kadr kimi gəlirlər: “Gördüklərimiz ondan xəbər verir ki, gənclər artıq istehsalata inteqrasiya oluna biləcək səviyyədədirlər”.

Tələbələr artıq iş başında

Qiymətləndirməni uğurla tamamlayan tələbələr 6 müxtəlif müəssisədə real iş mühitində təcrübəyə yönləndirilib. Bunu onların əmək bazarına inteqrasiyasında mühüm addım hesab edən mütəxəssislərin fikrincə, səriştə qiymətləndirilməsinin əsas məqsədi də məhz tələbəni istehsalat təcrübəsinə hazırlamaqdır.

Tələbələrin 3-ü sahibkardır

Mərkəzin baş ustası Tacəddin İbadov “Azərbaycan müəllimi”nə deyib ki, 13 tələbədən 3-ü sahibkarlıq fəaliyyəti ilə məşğuldur: “Onlar öz ixtisasları üzrə müstəqil fəaliyyət göstərirlər. Bu fakt bir daha sübut edir ki, peşə təhsili yalnız işçi qüvvəsi hazırlamır, eyni zamanda gələcəyin sahibkarlarını yetişdirir. Müasir əmək bazarında ixtisaslı kadr çatışmazlığı fonunda peşə təhsilinin rolu getdikcə artır. Praktik bacarıqlara əsaslanan bu təhsil modeli həm işəgötürənlərin tələblərinə cavab verir, həm də gənclərin öz bizneslərini qurmasına zəmin yaradır”.

Nəticə etibarilə, səriştə əsaslı qiymətləndirmə sistemi peşə təhsilinin keyfiyyətini artırmaqla yanaşı, ölkə iqtisadiyyatı üçün rəqabətqabiliyyətli, peşəkar və təşəbbüskar insan resurslarının formalaşmasına xidmət edir. Bu isə həm bugünün, həm də sabahın uğurlu əmək bazarının əsasını təşkil edir.