32 ildən sonra Cəbrayıla qayıdan məktəb – Horovludan REPORTAJ

4 Mart, 2026 - 09:50
32 ildən sonra Cəbrayıla qayıdan məktəb

Bu gün yenilənən, həyatın çətinliklərini görmüş, yurd-yuvasız qalan sakinlərinə qucaq açan Cəbrayıldayıq. Sayılı günlərdən sonra Cəbrayıl doğma sakinləri ilə yaz fəslini qarşılayır. Əslində elə bu gün də yaz havası kimidir. Günəşli, bir az da səsli-küylü.

Bura gəliş səbəbimiz ötən ilin 25 dekabrında Cəbrayılda fəaliyyətə başlayan, buranın sayca ikinci təhsil müəssisəsi olan Horovlu kənd tam orta ümumtəhsil məktəbi ilə bağlıdır.

624 şagird yerlik məktəb binasında hazırda 92 şagird və 17 müəllim tədris prosesinə cəlb olunub.

“Azərbaycan müəllimi" 32 ildən sonra fəaliyyətini bərpa edən Horovlu kənd tam orta məktəbində bir müəllimin dərsindən hazırladığı reportajı təqdim edir.

“Bizim müəllimi gördünüz?”

Horovlu məktəbindən dönüb baxanda sıra ilə inci kimi düzülmüş evlər görünür. Geniş həyətlər, qapıdan çıxan formalı məktəblilər, onları yola salan valideynləri, yolboyu bir-birini salamlayan şagird və müəllimlər kəndin tez oyanan sakinləridir. Məktəbin həyətində şagirdlərə "dərsə gecikməyin!", "diqqətli olun!", "bir-birinizi gözləyin", – deyən müəllimləri salamlayırıq.

Dərsin başlamasına bir neçə dəqiqə var. Dəhlizdə qiymətləndirmələrlə bağlı müəllimlər müzakirələr edir, şagirdlərin nəticələri haqqında məlumatları ötürürlər.

Müəllimlərini qapıda gözləmək deyəsən bəzi şagirdlərdə vərdişdir. Qapıda gözləyən şagirdlərdən biri "Bizim müəllimi gördünüz? Gəlirdi?", – deyə sual verir. Cavabında müəllimlərini tanımadığımızı deyirik. Yenidən ünvanlanan sual isə "Aybəniz müəllimi deyirəm, tanımırsınız?", – olur.

Dəhlizdə şagirdlərlə salamlaşıb sinfə addımlayan deyəsən elə Aybəniz müəllimdir.

Horovluda işləyən ilk müəllimlərdən biri

Onunla salamlaşıb, sinifdə dərs prosesini izləmək istədiyimizi bildiririk. Məmnuniyyətlə razılaşır. Amma hələ dərsin başlamasına 5 dəqiqə qaldığını da xatırladır. Bu müddət ərzində onunla söhbətə davam edirik.

Aybəniz İsmayılova 1992-ci ildə Ağdamda anadan olub. O dövr yaşanan hadisələrlə əlaqədar ailəsi ilə doğma yurdundan didərgin düşüb.

Mingəçevir şəhərində məskunlaşan ailənin övladı Aybəniz orta təhsilini buradakı 12 nömrəli tam orta məktəbdə alıb.
Təhsilini daha sonra Azərbaycan Müəllimlər İnstitutunda (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) “İngilis dili müəllimliyi” ixtisası üzrə davam etdirib.

Aybəniz müəllim bir müddət Lerikdə işləyib. Hazırda isə işğaldan azad olunmuş Horovlu kənd tam orta məktəbinin müəllimidir.
O, bünövrəsi işğaldan azad olunandan sonra qoyulan bu təhsil ocağında işləyən ilk müəllimlər sırasında olmasının sevincindən danışır.

"Əsas məqsədimiz şagirdlərimizə tədris etdiyimiz fənni sevdirmək, onlarda ünsiyyət bacarığını formalaşdırmaqdır. Burada fəaliyyət göstərmək mənim üçün təkcə iş deyil, həmçinin mənəvi borcdur".

“Müəllim, bu dəfə sonuncudur”

Saatına baxır, "vaxtdır", - deyir. Sinif otağına daxil oluruq, otaq səliqəlidir. Hər bir partanın üzərində üçrəngli bayrağımız var.

Keçib arxa sıralardan birində əyləşirik. Müəllim isə "Good morning, children"a aldığı "good morning, teacher" cavabından sonra şagirdlərlə sual-cavaba başlayır.

Lövhədə fəsilləri, havanın vəziyyətini göstərən müxtəlif rəsmlər var.

Pıçıltı ilə danışan şagirdlər arabir arxa sıraya baxır, yenidən lövhəyə dönürlər.

Müəllim isə fəsilləri, cümlələri ingilis dilində səsləndirir, şagirdlər tərcümə edirlər. Bir neçə dəfə təkrardan sonra şagirdlər lövhəyə çıxırlar.

İngilis dilində tərcüməni çatdırmayıb birbaşa digər cümlələrə keçən şagirdlər də var. Bu, Aybəniz müəllimin gözündən yayınmır.

"Yusif, diqqətlə qulaq as, arada ötürmələr etmə", – deyərək davam edir.

Bu şagirdə sinfin enerji mənbəyidir desək, tam yerinə düşər. Bir dəqiqə sakit dayanmır. Amma qəribə şəkildə gözlərinin içi gülür.

Müəllimin onun adını çəkməsindən sonra sakitcə "müəllim, bu dəfə sonuncudur", – deyir. Aybəniz müəllim isə gülərək "Yusif, sən yaxşı uşaqsan, sadəcə enerjin məndən çoxdur", – cavabı ilə qarşılıq verir.

Mən şagirdlərimə inanıram

Dərsə çıxan şagirdlər “countable” və “uncountable” (sayıla bilən və sayıla bilməyən isimlər) seçib yazırlar.

İlk oğlanlar çağırılır:
- Yusif Həmzəyev və Vüqar Bəhramov lövhəyə.
- Ay müəllim, yenə mən? Axı keçən dərs çıxdım – söylənə-söylənə ayağa qalxan Yusif astaca qızlara "kömək edərsiniz" deməyi də yaddan çıxarmır.
Sonra sıra ilə növbəti şagirdlər çağırılır:
- Zəhra Abbasova, Səma Quliyeva.

Qızlar dərsə hazırlıqlıdırlar. Müəllimin "what is today?", "how many seasons?", "what is spring?", "what is stormy?", "what is sunny?" və bu kimi digər suallarının cavabları bir-birinin ardınca gəlir.

Dərs müddətində Aybəniz müəllim ingilis dilində danışır, çətinlik yarandıqda şagirdlərə yenidən başa salır, mövzuları təkrarladır.

Dərsə qısa ara verir. Üzünü mənə tutaraq "Şagirdlərin təhsili bizim gələcəyimizdir. Bünövrə sağlam olduqda onlarla uğurlu addımlar atmaq olur. Bünövrə təkcə dərs prosesi deyil, həmçinin valideynlərlə qurulan düzgün münasibətdir, əlaqədir. Əks halda nə uğurlu şagird, nə də uğurlu hədəflərdən danışmaq olar. Mən şagirdlərimə inanıram", – deyir həmsöhbətimiz.

Bir zəng səsi ilə dəhlizi bürüyən şən səslər

Təbii ki, dəcəllik edən şagirdlər sinifdəki səs-küyün səbəbkarıdırlar. Aybəniz müəllim də həmin şagirdlərə işarə edərək "görürsünüz, necə də enerjilidirlər", – deyib dərsə davam edir.

Adətən dərs boyu qızlar sakit olur, oğlanlar isə "qaynayır". Hələ dərs vaxtı araya salıb futbol oynamağı planlaşdıran, qapıçının kimliyinə qədər müəyyən edən sinif oğlanları kimi. Zəng vurulur.

"Please, please", – deyə-deyə yol istəyən "futbolçular" tələsirlər. Qazandıqları bir dəqiqəni belə "qənimət" hesab edirlər.

Aybəniz müəllim gülərək, "qalib olun", – deyib sinifdən çıxır.

Bir zəng səsi bütün dəhlizi, həyəti şən səslərlə doldurur. Bu səs gələcəyin səsidir, Horovlunun səsidir.