Praktika olmadan öyrənmək mümkün deyil - Naxçıvan Tibb Kollecindən REPORTAJ
Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Tibb Kollecində stomatoloji laboratoriya tədrisin əsas ünvanına çevrilib.
“Azərbaycan müəllimi” olaraq yolumuzu saldığımız kollecdə yeni fəaliyyətə başlayan laboratoriya diqqətimizi çəkir. Burada yalnız avadanlıqlar deyil, gələcəyin stomatoloq və tibb işçilərinin arzuları, hədəfləri və zəhməti formalaşır. Müasir tələblərə cavab verən bu laboratoriya tədris prosesinin ən vacib mərhələlərindən biridir ki, bu da kollecin əsas üstünlüklərindən sayılır.
Kollecin müəllimi, həkim-stomatoloq Nətavan Rzayeva stomatologiya sahəsinin həm tibbi, həm də texniki biliklərin vəhdətini tələb etdiyini vurğulayır. Onun sözlərinə görə, bu baxımdan laboratoriya tədris prosesinin ən mühüm hissəsidir: “Burada tələbələr yalnız nəzəri bilikləri təkrarlamır, eyni zamanda gələcək peşə fəaliyyətlərində istifadə edəcəkləri praktik bacarıqları formalaşdırırlar. Laboratoriyamız müasir tələblərə cavab verən avadanlıqlarla təchiz olunub”.
Laboratoriyada tələbələr diş protezlərinin hazırlanması və modelləşdirilməsi, ölçü materialları ilə işləmə, iş konstruksiyalarının yığılması, estetik elementlərin tətbiqi kimi əsas istiqamətlər üzrə praktiki təcrübə qazanırlar. Bu proses zamanı dəqiqlik, texniki incəliklər və gigiyena standartlarına riayət əsas prinsip kimi ön planda saxlanılır.
Həkim qeyd edir ki, laboratoriya mühiti tələbələr üçün sadəcə dərs otağı deyil, həm də yaradıcılıq və inkişaf sahəsidir. Burada onlar materialların xüsusiyyətlərini öyrənir, əl bacarıqlarını təkmilləşdirir, müasir stomatoloji texnologiyalarla tanış olur və peşə etikası prinsiplərini mənimsəyirlər: “Məqsədimiz təkcə texniki vərdişləri öyrətmək deyil. Dəqiqlik, gigiyena və peşə məsuliyyəti kimi keyfiyyətləri də formalaşdırmaqdır. Mənim əsas məqsədim odur ki, tələbələrə həm nəzəri, həm də praktiki bilikləri tam şəkildə çatdırım. Bu baxımdan laboratoriya tədrisin əsas mərhələsidir”.
O, tələbələrinin gələcək bacarıqlarına güvəndiyini və onların peşəkar mütəxəssis kimi formalaşacağına inandığını bildirir.
Ortopedik stomatologiya ixtisası üzrə 3-cü kurs tələbəsi, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Caner Quliyev üçün də laboratoriya tədrisin ayrılmaz hissəsidir. Uşaqlıqdan stomatologiyaya marağı onu bu sahəyə gətirib: “Universitetə qəbul olsam da, bu sahəni daha çox istədiyim üçün buranı seçdim. Sonra stomatologiya üzrə təhsilimi davam etdirəcəyəm. Bunun üçün isə ilk növbədə ortopedik stomatologiyanı dərindən öyrənmək lazımdır”.
Tələbə deyir ki, ortopedik stomatologiya həm incəsənət, həm düşüncə, həm də əl səliqəsi tələb edir: “Bizdə millimetr səhvlər belə ciddi problemlərə səbəb ola bilər. Protez hazırlayanda ölçülərdə 1 mm fərq olanda belə o, damaqda düzgün oturmur. Bunun üçün böyük dəqiqlik lazımdır”.
Caner Quliyev əlavə edir ki, laboratoriya onlara nəzəri biliklərlə yanaşı, praktik bacarıqları da dərindən mənimsəmək imkanı yaradır. Sahənin spesifikliyi praktik təcrübəni zəruri edir: “Sahəmiz elədir ki, praktika olmadan sırf nəzəri şəkildə öyrənmək mümkün deyil. Yeni açılan laboratoriyada işləmək bizə böyük üstünlük verir”.
O, artıq 2-ci kursdan bu sahədə işləməyə başladığını, hazırda xəstələrinin də olduğunu deyir. Gələcək planları isə daha böyükdür. O, ali təhsil aldıqdan sonra magistratura və doktorantura təhsili alaraq həm ixtisasını inkişaf etdirmək, həm də tədris fəaliyyəti ilə məşğul olmaq istəyir.
Eyni zamanda tələbə həmkarlarının hüquqlarını qorumağı da öz məsuliyyəti hesab edən Caner Quliyev il ərzində tədbirlər planı hazırladıqlarını, uzaqdan gələn tələbələrin adaptasiyası üçün ekskursiyalar və müxtəlif layihələr təşkil etdiklərini vurğulayır: “Tələbəni tələbədən başqa heç kim tam başa düşə bilməz”.
“Tibb bacısı (qardaşı) işi” ixtisasının 1-ci kurs tələbəsi Esmira Rüstəmova üçün isə bu təhsil ikinci ali istiqamətdir. Əslən Goranboydan olan Esmira əvvəlcə “Texnologiya müəllimliyi” üzrə təhsil alıb. O, Naxçıvana gələndə tibbə bu qədər həvəslə yanaşacağını düşünməyib: “Düşünürdüm ki, ikinci təhsildir, o qədər həvəsli olmayacağam. Amma bura gəldim, yeni insanlar tanıdım, müəllimlər mənə dəstək oldu. İndi Tələbə Gənclər Təşkilatının sədr müaviniyəm və heç peşman deyiləm”.
Deyir ki, ailəsindən uzaqda olsa da, maraqlı dərs prosesi və praktik məşğələlər onu daha da həvəsləndirir. Xəstəxanalarda keçirilən təcrübələr və insanlara xidmət etmək imkanı onun bu sahəyə bağlılığını artırıb: “Biokimya dərsində bu laboratoriya bizə çox kömək edəcək. Ən yaxşı tərəfi odur ki, başqa yerə getmədən kollecin özündə rahat şəkildə praktik məşğələlər keçə bilirik. Bu da bizə real təcrübə qazandırır”.
Esmira artıq gələcək planlarını da müəyyənləşdirib. Əvvəl davam etdirmək fikri olmasa da, indi təhsilini Türkiyə və ya Almaniyada davam etdirmək istəyir. Onun sözlərinə görə, məhz burada yaradılan mühit və laboratoriya imkanları ona stimul verib.
Naxçıvan Tibb Kollecində yaradılan laboratoriya mühiti göstərir ki, müasir tibbi təhsil artıq yalnız auditoriya ilə məhdudlaşmır. Burada tələbələr real iş mühitinə yaxın şəraitdə öyrənir, səhvlərini vaxtında görür, dəqiqlik və məsuliyyət hissini formalaşdırırlar.
Stomatologiyada bir millimetrlik fərqin belə böyük nəticələrə səbəb ola bildiyi bir sahədə laboratoriya yalnız tədris otağı deyil – peşəkarlığın təməlidir. Bu təməl isə gələcəyin həkim və tibb işçilərinin uğurlu karyerasına açılan qapıdır.



