Uşaqlar kitabların sehrinə düşdülər – Festivaldan reportaj
Ötən həftə Bakıda uşaqların kitab sevgisini bayrama çevirdiyi ən böyük tədbirlərdən biri - V Uşaq Kitab Festivalı baş tutdu. Mədəniyyət Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Nəşriyyatlar Assosiasiyası İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən və 5 gün davam edən festival artıq regionun ən böyük uşaq kitab layihələrindən biri kimi növbəti dəfə diqqətləri öz üzərinə çəkməyi bacardı.
Bakı İdman Sarayında keçirilən festivaldakı maraqlı anların şahidi olmaq, ziyarətçilərin təəssüratlarını öyrənmək üçün biz də fotoqrafımız Kənan Qafarovla bu geniş məkanı gəzdik.
Onu da xüsusi qeyd edək ki, Bakı İdman Sarayının qarşısında böyük izdiham var idi. Müəllimlər şagirdləri ilə, valideynlər isə övladlarının əlindən tutaraq festivalın keçirildiyi məkanına üz tuturlar. Burada hər bir stend yeni bir dünyaya açılan qapı, hər bir kitab isə uşaqların xəyal gücünü genişləndirən bir yol yoldaşı idi. Uşaqlar müəlliflərlə görüşür, nağıl qəhrəmanları ilə şəkil çəkdirir, yeni kitablar seçir və ən əsası, oxumağın sevincini yaşayırdılar.
Uşaqların kitabları əllərində tutub vərəqləməsi tam fərqli bir təsir yaradır
Uşaq Kitab Festivalına Bakı sakini Şəfa Xəlilova qızı Nilay Xəlilzadə ilə birlikdə gəlib. Nilay Bakıdakı 275 nömrəli tam orta ümumtəhsil məktəbinin 3-cü sinif şagirdidir. Aldığı kitabları bizə göstərir. Onları özü seçdiyi üçün çox sevindiyini deyir. Kitabların rəngarəngliyi və maraqlı mövzuları onun diqqətini çəkib. Nilayda kitaba marağı isə ona dərs deyən ibtidai sinif müəllimi Xatirə Tağıyeva yaradıb. Elə Xatirə müəllim və sinif yoldaşları ilə birlikdə bu festivala qatılıb.
Anası Şəfa Xəlilova bildirir ki, qızının kitablarla maraqlanması onu çox sevindirir. Onun sözlərinə görə, Nilayın belə bir festivalda öz istəyi ilə kitab seçməsi və oxumağa həvəs göstərməsi gələcək inkişafı üçün çox önəmlidir. Ana hesab edir ki, bu cür tədbirlər uşaqlarda oxu mədəniyyətini daha da gücləndirir.
Bakıdakı 31 nömrəli tam orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi Rübabə Abbaova dərs dediyi şagirdləri ilə birlikdə Uşaq Kitab Festivalına qatılıb. Şagirdləri festivalda müxtəlif nəşrlərlə tanış olub, sevdikləri mövzulara uyğun kitablar seçərək həm alış-veriş edib, həm də oxu mədəniyyəti ilə bağlı yeni təcrübə qazanıblar.
Rübabə Abbaova bir müəllim kimi belə festivalların təhsil prosesini tamamlayan çox vacib bir vasitə olduğunu bildirir.
Onun sözlərinə görə, uşaqların kitabları əllərində tutub vərəqləməsi, müəlliflərlə və nəşrlərlə birbaşa tanış olması tam fərqli bir təsir yaradır. O qeyd edir ki, şagirdlərin sərbəst şəkildə kitab seçməsi onların fərdi maraqlarını üzə çıxarır və oxu vərdişlərinin formalaşmasına ciddi təsir göstərir. Bəzi uşaqlar macəra kitablarına, nağıllara, digərləri isə ensiklopedik və öyrədici nəşrlərə üstünlük verir ki, bu da müəllim olaraq onların maraq dairəsini daha yaxından tanımaq imkanı yaradır.
Məkanın bir hissəsində uşaqlar üçün maraqlı interaktiv oyun nüşayiş olunurdu. Həmin guşəyə yaxınlaşırıq. Uşaqların sual-cavab formatında olan oyunlarda necə maraqla və həvəslə iştirak etmələrini görürük. Mikrafonumuzu görən bir uşaq yaxınlaşıb festival sevincini bizimlə paylaşır. Balaca müsahibimiz Bakıdakı 31 nömrəli tam orta ümumtəhsil məktəbinin 3-cü sinif şagirdi NurFatimə Məmmədlidir.
Deyir ki, müəllimi və sinif yoldaşları ilə birlikdə Uşaq Kitab Festivalında iştirak etməkdən çox məmnundur.Buraya daxil olan kimi rəngarəng kitablar və müxtəlif stendlər onun diqqətini çəkib.
NurFatimə xüsusilə interaktiv oyun zonasında iştirak etdiyini və orada kitablarla bağlı maraqlı tapşırıqlar işlədiyini bildirir.Onun sözlərinə görə, bu cür oyunlar oxumağı daha da əyləncəli edir.
“Çalışırıq ki, belə gözəl layihələrdən geri qalmayaq”
Uşaq Kitab Festivalında diqqətimizi cəlb edən maraqlı məqamlardan biri də paytaxtın orta ümumtəhsil müəssisələri ilə yanaşı, Bakıətrafı kəndlərdən gələn məktəblilərin fəal iştirakı idi. Mərdəkandan, Maştağadan, Bülbülədən, Zirədən, Kürdəxanıdan və digər kəndlərdən gələn şagirdlər, onların müəllim və valideynləri olduqca məmnun görünürdülər.
Hökməli qəsəbə tam orta məktəbin ibtidai sinif müəllimi Gülnur Qəniyeva festivalda dərs dediyi şagirdləri ilə birlikdə iştirak edir.Gülnur müəllim uşaqlarla birgə festivalın müxtəlif stendlərini gəzərək onların kitablarla tanış olmasına şərait yaradır, şagirdlərinin marağını və sevincini böyük məmnunluqla izləyirdi.
Müəllim festival haqqında fikirlərini bölüşərək deyir ki, bu cür tədbirlər uşaqların inkişafında,onların kitaba sevgilərinin və mütaliəyə marağının formalaşmasında mühüm rol oynayır:“Uşaqlar burada böyük həvəslə iştirak edirlər. Kitablarla tanış olur, müəlliflərlə görüşür, yeni biliklər əldə edirlər. Bu da onların dünyagörüşünü genişləndirir və oxumağa maraqlarını artırır”.
Gülnur müəllim qeyd edir ki, məktəbləri paytaxtdan bir qədər uzaqda yerləşsə də, belə tədbirlərdən kənarda qalmaq istəmirlər: “Biz çalışırıq ki, belə gözəl layihələrdən geri qalmayaq. Şagirdlərimizi mütləq şəkildə bu cür festivallara gətiririk ki, onlar həm maariflənsin, həm də fərqli bir mühit görsünlər. Bu, onların sosial, eyni zamanda intellektual inkişafı üçün çox vacibdir”.
Bir valideyn bizə yaxınlaşır. Öyrənirik ki, Ayşa Hüseynova oğlu Murad Hüseynovla burada iştirak edir. Murad Hökməli qəsəbə tam orta məktəbinin şagirdidir. Ayşa bir valideyn olaraq belə bir gözəl təşəbbüsə görə festivalın təşkilatçılarına öz minnətdarlığını bildirir: “Bu cür tədbirlər uşaqlarda kitab oxumağı bir “vəzifə” kimi yox, zövq və maraq kimi formalaşdırır. Şagirdlərin festivaldan sevinc hissi ilə ayrılması, aldıqları kitabları səbirsizliklə oxumaq istəmələri onun üçün ən böyük motivasiyadır”.
“Festivalın regionun ən böyük beynəlxalq uşaq kitab sərgisinə çevrilməsini arzu edirik”
Bir-birindən maraqlı stendlərə baş çəkməyə davam edirik. Azərbaycan Nəşriyyatlar Assosiasiyası İctimai Birliyinin sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqi uşaqların və müəllimlərin əhatəsində görürük. Şəmil müəllimin fikirlərini öyrənirik. Qeyd edir ki, beş ildir Azərbaycan Nəşriyyatları Assosiasiyasının təşkilatçılığı ilə Uşaq Kitab Festivalı keçirilir: “Bu illər ərzində əsas məqsədimiz Azərbaycan kitabını, Azərbaycan dilində uşaq ədəbiyyatını tanıtmaq, sevdirmək və qorumaq olub. Çünki uşaqlar üçün yazılan kitablar nə qədər zəngin olarsa, onların nitqi, dünyagörüşü, oxu mədəniyyəti və ümumilikdə ədəbiyyata marağı da bir o qədər inkişaf edər.Festivalda uşaqlara təqdim olunan kitablar həm yerli müəlliflərin əsərləri, həm də Azərbaycan dilinə tərcümə olunmuş uşaq ədəbiyyatı nümunələridir.
Sevindirici haldır ki, son beş ildə uşaq kitabı sahəsində ciddi canlanma yaranıb. Nəşriyyatların nəzdində yeni uşaq kitab markaları formalaşıb, təxminən 10-a yaxın yeni uşaq brendi meydana gəlib. Onlarla gənc müəllif bu sahəyə maraq göstərməyə başlayıb. Nəşriyyatlar bir assosiasiya daxilində birləşsələr də, eyni zamanda sağlam rəqabət mühitində çalışırlar. Bu da yeni kitabların, yeni ideyaların, yeni dizayn və nəşr yanaşmalarının ortaya çıxmasına səbəb olur”.
Şəmil müəllimdən onu da öyrənirik ki, festivalın keçirildiyi müddət ərzində uşaqların həm əylənməsi, həm də dünyagörüşünün inkişafı üçün müxtəlif tematik- milli geyim, peşələr, dünya ölkələri,nağıl qəhrəmanları günləri, və digər maraqlı proqramlar həyata keçirilir. Məsələn, milli geyimlər günündə iştirakçıların milli geyimlərlə gəlməsi tövsiyə olunur. Nağıl qəhrəmanları günündə isə nəşriyyatlar öz kitablarındakı qəhrəmanları geyim və obraz şəklində təqdim edirlər. Dünya ölkələri günü üçün isə hər nəşriyyata Azərbaycanla dost, ədəbi-mədəni əlaqələri olan ölkələrdən biri təqdim olunur və həmin ölkənin mədəniyyəti uşaqlara tanıdılır. Festival çərçivəsində keçirilən tədbirlərə nağıl saatları, musiqili proqramlar, teatr tamaşaları, səhnəciklər, əyləncə saatları, uşaqlar üçün intellektual yarışlar, istedadların üzə çıxarılmasına yönəlmiş müxtəlif fəaliyyətlər daxildir. Bütün bunlar festivalın sadəcə kitab sərgisi deyil, əsl uşaq bayramı xarakteri daşımasına imkan yaradır.
Şəmil müəllimin sözlərinə görə, keçən il festivalda təxminən 50 minə yaxın uşaq iştirak edib. Bu il isə hədəf sayı 100 min uşağa çatırmaqdır.
Həmsöhbətimiz bu festivala xüsusi hazırlaşdıqlarını məktəblilərə 100 minə yaxın kitab daxılı hədiyyə olunduğunu söyləyir: “Biz bu daxılları uşaqlara bir neçə ay əvvəldən təqdim edirik və onları kitaba pul yığmağa təşviq edirik. Uşaqlar bu gün festivala həmin daxıllarla gəlib, nəşriyyatlar da onlara və valideynlərinə təxminən 50 faizə yaxın endirimlər təqdim edirlər. Bu, həm oxu mədəniyyətini, həm də uşaqlarda kitaba sahib çıxmaq vərdişini formalaşdıran gözəl bir təşəbbüsdür.
Bizim arzumuz budur ki, yaxın gələcəkdə bu festival regionun ən böyük beynəlxalq uşaq kitab sərgisinə çevrilsin. Çünki Qafqazda və ümumilikdə region ölkələrində məhz bu formatda ixtisaslaşmış uşaq kitab festivalı demək olar ki, yoxdur. Bu baxımdan bizim festival bir ilkdir. Beş il ərzində sübut etdik ki, bu layihəni beynəlxalq səviyyəyə çıxarmaq və regionun ən böyük uşaq kitab sərgisinə çevirmək mümkündür”.
“Bəhram əminin kitabları”
Stendlərdən birinin qarşısındakı qələbəlik gözümüzdən qaçmır. Yaxınlaşanda “Bəhram əminin kitabları” stendinin qarşısında Əməkdar artist, bir-birindən maraqlı uşaq kitablarının müəllifi, naşir Bəhram Bağırzadənin uşaqlarla səmimi söhbətinə şahid oluruq. Bəhram müəllim böyük məmnuniyyətlə bizimlə festival haqqında təəssüratlarını bölüşür. O, festivalın uşaqların inkişafı və cəmiyyətin gələcəyi baxımından mühüm əhəmiyyət daşıdığını bildirir. Qeyd edir ki, ölkəmizdə beynəlxalq səviyyəli müxtəlif tədbirlərin keçirilməsi Azərbaycanın inkişafının və gələcəyə verdiyi önəmin göstəricisidir:“Belə nüfuzlu tədbirlər onu göstərir ki, dövlətimiz, xalqımız inkişaf edir”.
Bəhram Bağırzadə xüsusilə uşaqlarda kitaba sevgi hissinin formalaşdırılmasında valideynlərin roluna diqqət çəkərək bunun ən doğru yolunun ailədən başladığını söyləyir: “Əgər ata-ana kitab oxuyursa, uşaq da onlardan nümunə götürəcək, kitab oxumağa marağı olacaq.Təhsilli valideyn övladına ən yaxşı nümunədir. Uşağa yalnız “oxu” deməklə olmur, sən özün də mütaliə etməlisən.Kitab oxumaq, mütaliə ilə məşğul olmaq uşaqların dünyagörüşünün, düşüncə tərzinin və mənəvi inkişafının formalaşmasında mühüm rol oynayır. Oxuyan uşaq daha savadlı, daha düşüncəli böyüyür. Kitab uşağın təxəyyülünü inkişaf etdirir, nitqini zənginləşdirir, həyata baxışını dəyişir. Biz uşaqları kitaba nə qədər yaxınlaşdırsaq, gələcəyimiz də bir o qədər güclü olar”.
Əməkdar artistin sözlərinə görə, müasir dövrdə texnologiyanın inkişafı uşaqları kitablardan uzaqlaşdırsa da, kitabın düzgün təqdimatı və keyfiyyətli məzmun onların diqqətini yenidən mütaliəyə yönəldə bilər: “Bu gün uşaqlar daha çox telefon, planşet və kompüterlə maraqlanırlar. Ona görə kitab həm məzmun, həm də dizayn baxımından cəlbedici olmalıdır. İllüstrasiya, çap keyfiyyəti və mətn bir-birini tamamlamalıdır. Müasir uşağın diqqətini çəkmək üçün kitab da müasir formada təqdim edilməlidir”.
“Uşaq ədəbiyyatının və nəşriyyatların artması sevindirici haldır”
Festivalda yazıçı, şair, Zahid Xəlillə rastlaşırıq. Uşaq ədəbiyyatımızın təbliğatçısı kitabın uşağın dünyagörüşünü formalaşdıran əsas vasitə olduğunu xüsusi vurğulayır. Zahid müəllimin fikrincə, belə tədbirlər uşaqları kitaba daha yaxın edir, onlarda oxuma marağını gücləndirir və sözə, ədəbiyyata sevgi yaradır “Uşaq Kitab Festivalı yalnız kitabların təqdim olunduğu bir məkan deyil, həm də uşaqların canlı ünsiyyət qurduğu, yazıçılarla tanış olduğu, suallar verdiyi və yeni ideyalar qazandığı bir mühitdir. Bu cür görüşlərdən sonra uşaqların kitaba münasibəti nəzərəçarpacaq dərəcədə dəyişir, onların marağı və sualları daha da artır, düşüncə dairəsi genişlənir”.
Şair qeyd edir ki, müasir dövrdə internetin geniş yayıldığı bir zamanda uşaqları kitaba cəlb etmək daha çətindir. Buna görə də kitablar həm məzmun, həm də tərtibat baxımından müasir olmalıdır. Kitab uşağın diqqətini cəlb etməli, onun yaşına uyğun, maraqlı və düşündürücü olmalıdır. Əgər kitab uşağın gündəlik həyatına yaxın mövzularda yazılırsa, o, internetdən geri qalmır, əksinə, uşağın inkişafına daha güclü təsir göstərir.
Zahid Xəlil həmçinin bildirir ki, uşaq ədəbiyyatının və nəşriyyatlarının artması sevindirici haldır. Bu, ölkədə kitab mədəniyyətinin inkişaf etdiyini göstərir və uşaqlar üçün daha çox seçim imkanı yaradır: “Nəticə olaraq, kitab festivalları uşaqlarda kitaba sevgi formalaşdırır, onların düşüncə və dünyagörüşünü genişləndirir, oxuma mədəniyyətini inkişaf etdirir. Bu cür tədbirlər gələcək nəsillərin daha bilikli, yaradıcı və düşüncəli yetişməsinə mühüm töhfə verir”.
Festival yalnız kitab sərgisi deyil, həm də interaktiv öyrənmə və inkişaf platformasıdır
Uşaq Kitab Festivalının layihə rəhbəri, “Ağıllı Bala” nəşriyyatının direktoru, uşaq yazıçısı Fatimə Alxaz da tədbirdən ziyarətçilər qədər məmnundur. Onun sözlərinə görə, müasir dövrdə uşaqların böyük hissəsi müasir informasiya texnologiyalarına - telefona, planşetə daha çox bağlıdır. Bu isə onların kitabla təmasını azaldır. Məhz buna görə festival ideyası uşaqları kitaba yaxınlaşdırmaq və oxumağı maraqlı bir prosesə çevirmək məqsədi ilə yaranıb: “Artıq beş ildir ki, təşkil olunan festivalın əsas məqsədi uşaqlarda kitaba sevgi yaratmaq, onları mütaliəyə cəlb etmək və kitabı əyləncəli bir dünyaya çevirməkdir. Biz düşündük ki, uşaqlar niyə telefona, kompüterə bu qədər bağlanır? Çünki orada əyləncə var. Biz də elə bir mühit yaratdıq ki, uşaqlar kitabın içində də eyni əyləncəni, hətta daha zəngin təcrübəni tapsınlar”.
Fatimə Alxazın sözlərinə görə, festival yalnız kitab sərgisi deyil, həm də interaktiv öyrənmə və inkişaf platformasıdır.Burada uşaqlar müxtəlif oyunlar, yaradıcı fəaliyyətlər, səhnəciklər və tematik guşələr vasitəsilə kitabla canlı şəkildə təmasda olurlar. Bu interaktiv yanaşma onların həm təfəkkürünün, həm də təxəyyülünün inkişafına xidmət edir.
Ən gözəl hədiyyə kitabdır
Şairə Elnarə Cahanın stendinə yaxınlaşırıq. Şairə öz kitablarını uşaqlara təqdim edir. Kiçik oxucular böyük maraqla kitablarla tanış olur, müəlliflə söhbət edir, imza almaq üçün növbəyə dayanırlar. Səmimi bir kitab ab-havası hökm sürür.
Şairənin festivalla bağlı fikirlərini öyrənirik. Qeyd edir ki, bu cür tədbirlər uşaqlarda kitab sevgisinin formalaşması və milli-mənəvi dəyərlərin aşılanması baxımından çox önəmlidir:“Uşaq Kitab Festivalı çox gözəl bir təşəbbüsdür. Burada uşaqlarla birbaşa ünsiyyət qurmaq, onların maraqlarını görmək və kitab sevgisini daha da artırmaq imkanı yaranır”.
O, yaradıcılığında əsasən vətənpərvərlik, sağlam həyat tərzi, ailə dəyərləri, məktəbə sevgi və müəllimə hörmət kimi mövzulara üstünlük verdiyini vurğulayır:“Əsərlərimdə bu dəyərləri uşaqlara çatdırmağa çalışıram. İstəyirəm ki, onlar həm oxusunlar, həm öyrənsinlər, həm də milli dəyərlərimizi sevsinlər.”
Şairə bildirir ki, nağıllarında və şeirlərində uşaqlar üçün sadə, anlaşılan və yaşlarına uyğun dil seçməyə çalışır. Onun fikrincə, bu yanaşma uşaqların kitaba marağını daha da artırır.
Reportaj hazırladığımı bir neçə dəqiqəlik unudub mən də kitab almağa qərar verirəm. Ailəmdəki uşaqları sevindirmək üçün kitabın ən gözəl hədiyyə olduğunu düşünərək şairədən bir neçə kitab alıram. Düşünürəm ki, bu həm uşaqlar üçün gözəl bir sürpriz, həm də onları mütaliəyə həvəsləndirmək üçün kiçik, amma mənalı bir addımdır.
Beləcə, festivaldakı bir günümüz sona çatır. Məkanın hər küncündə uşaq səsi, kitab səhifələrinin xışıltısı və bir-birinə qarışan rəngarəng obrazların təsiri altında oranı tərk edirik. Festivalın səsli-küylü, rəngli və eyni zamanda maarifləndirici atmosferi bir daha təsdiqləyir ki, kitab sevgisi kiçik addımlarla başlayır və böyük gələcəklərə yol açır.
Foto: Kənan Qafarov



