Sumqayıtda təmayül siniflərində bir gün - REPORTAJ
Azərbaycan təhsilində tətbiq edilən yeni təmayül tədris modeli X və XI sinif şagirdlərinin maraq və qabiliyyətlərinə uyğun olaraq məktəb daxilində gücləndirilmiş ali məktəbə hazırlıq keçməsini hədəfləyən bir təhsil layihəsidir. Yeni təmayül tədris modeli layihəsinin əsas məqsədi şagirdlərin əlavə hazırlıq kurslarına, repetitorlara ehtiyac duymadan məktəbdə təşkil olunan intensiv dərslər vasitəsilə ali təhsil müəssisələrinə qəbul olmasını təmin etməkdir.
Sinifdə qızğın müzakirə başlayır
“Azərbaycan müəllimi” olaraq təmayül tədris modeli tətbiq olunan siniflərdə dərsin necə keçdiyini yaxından müşahidə etmək məqsədilə Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbin X ç1 sinfinə daxil oluruq. Azərbaycan dili və ədəbiyyat müəllimi Şəbnəm Yusifova diqqətə çatdırır ki, sinif rəhbəri olduğu bu sinifdə 20 şagird var və onların hamısı 3-cü ixtisas qrupuna hazırlaşır. Bu səbəbdən dərslər humanitar fənlər üzrə aparılır: “Bütün dərslər qoşa keçilir, yəni ədəbiyyat – iki 45 dəqiqə, Azərbaycan dili – iki 45 dəqiqə və s. Adətən birinci dərs daha çox sual-cavaba, keçilmiş mövzunun təkrarlanmasına, möhkəmləndirilməsinə, 2-ci dərs isə yeni mövzunun izahına həsr olunur. Onu da qeyd edim ki, digər təmayül siniflərdə Azərbaycan dilinin tədrisinə həftədə 5 saat, humanitar təmayüllü sinifdə isə 7 saat, ədəbiyyat fənninə isə 6 saat ayrılır”.
Dərsin gedişinə mane olmamaq üçün arxada boş partaların birində əyləşərək müşahidələrimizi aparırıq. Mövzu dilçiliyin ən maraqlı bölmələrindən biri olan fonetikanın təkrarına həsr olunub. Müəllim suallar verir, lövhədə yazaraq izah edir, istiqamətləndirir, onları sərbəst düşünməyə və fikirlərini aydın ifadə etməyə sövq edir. Lövhədə çəkilən sxemlər və izahlar, şagirdlərin müzakirələri mövzunu daha da yaddaqalan edir. Şagirdlər sözlərin fonetik təhlilini aparır, hərf və səs tərkibini araşdırırlar, sözləri hecalara ayırır və ən çətin mövzulardan biri olan vurğunu tapmaq üçün yarışırlar. Şəbnəm müəllimin hər sözünü diqqətlə dinləyən və suallarını cavablandıran şagirdlərin gözlərindəki öyrənmək həvəsi və ana dilinə olan sevgi aydın görünür. Dərs boyunca fonetika mövzusunun bütün əsas istiqamətləri təkrar edilir. Şagirdlərin hər biri fəallıq nümayiş etdirir, xüsusilə Nailə Məcidzadə və Maya Quliyeva Şəbnəm müəllimin onlara ünvanlanmış bütün suallarını doğru cavablandırırlar. Şagirdlərinin cavablarından məmnun qalan müəllimin təqdir dolu təbəssümü onları daha da ruhlandırır.
Fonetikanın bütün istiqamətlərini təkrarladıqdan sonra Şəbnəm müəllim yeni dərsin - leksikanın izahına başlayır. Müəllim lövhəyə fərqli sözlər, frazeoloji birləşmələr yazaraq şagirdlərə müraciət edir. Sinifdə qızğın müzakirə başlayır.
Müşahidə edirik ki, bu üsul şagirdlərin söz ehtiyatını artırır. Eyni sözün fərqli variantlarını tapmaq uşaqlar üçün bir növ intellektual yarışa çevrilir.
“Şagirdlərin həvəsli və məsuliyyətli olması məni çox sevindirir”
Dəhlizdə zəng səsi eşidilir və Azərbaycan dili dərsi başa çatır. Dərsin sonunda Şəbnəm müəllimlə həmsöhbət oluruq. O, məlumat verir ki, Sumqayıt şəhər 29 nömrəli tam orta məktəbdə fəaliyyət göstərsə də, bu tədris ilindən müsahibədən keçərək ilk dəfə yeni təmayül tədris modeli layihəsinin tətbiqinə başlanan 36 nömrəli tam orta məktəbdə müddətli əsaslarla işləməyə başlayıb: “Sinif rəhbəri olduğum üçün valideynlərlə mütəmadi əlaqədəyəm və onlar tədris ili başlamazdan əvvəl çox suallar verirdilər: şagirdlər hazırlaşa biləcəklərmi, müəllimlər dərsləri necə keçəcəklər, sinifdə neçə şagird olacaq və s. Artıq siniflər komplektləşib, şagird və valideynlər rahatdırlar, artıq onlarda bu modelin yaxşı olmasına əminlik yaranıb. Həm zaman, həm də maddi tərəfdən bu model şagirdlər üçün çox sərfəlidir. Dərsləri məşğələ, hazırlıq kimi keçirik. Şagirdlər həm buraxılış imtahanına, həm ali məktəbə hazırlaşırlar. Mövzu izah olunur, sonra evə testlər verilir, vaxt varsa testləri işləməyə sinifdə başlayırıq. Gələn dərsdə testlər yoxlanılır, mətn üzərində işləyirik, növbəti dərs yeni bir mövzu keçirik. Şagirdlər hazırda keçiriləcək sınaq buraxılış imtahanına hazırdırlar. Əsas məqsədimiz odur ki, hər növbəti sınaqda şagirdlər daha yüksək nəticə göstərsinlər”.
Şəbnəm Yusifova vurğulayır ki, şagirdlərin hamısı öyrənmək üçün burada toplanıblar: “Xoşuma gələn məqamlardan biri də odur ki, şagirdlər lazım olan vəsaitləri, test kitabçalarını tez bir zamanda əldə etdilər və həvəslə işləyirlər. 3-cü qrup olduqları üçün şagirdlərə qrammatikanı mükəmməl bilmək lazımdır. Davamiyyət də təmayül siniflərdə çox yaxşıdır. Çünki şagirdlər başa düşür ki, bu hazırlıqdır və bir dəfə gecikdinsə, əlavə izah üçün gərək digər 19 şagirdin vaxtından kəsməliyik. Şagirdlərin həvəsli və məsuliyyətli olması məni çox sevindirir. Hətta bir-birlərinin testlərini yoxlayır, səhvlərini izah edirlər”.
“Müəllimlərimiz yetəri qədər üzərimizdə çalışırlar”
Tənəffüs zamanı sinifdə qalan şagirdlərə yaxınlaşıb onların da yeni təmayül tədris modeli haqqında fikirlərini öyrənirik. Zərin Məmmədzadə bildirir ki, X sinfə qədər Sumqayıt şəhər 4 nömrəli tam orta məktəbdə təhsil alıb. O, bu ildən 36 nömrəli tam orta məktəbdə yeni təmayül tədris modeli layihəsinin tətbiq ediləcəyi barədə məlumat alıb və təhsilini burada davam etməyə qərar verib: “Mənim məqsədim odur ki, iki ilə çox yaxşı nəticələr toplayım və ali məktəbə yüksək balla qəbul olum. Burada saat 3-ə kimi dərslər keçilir, başa düşmədiyimiz mövzuları isə müəllimlərimiz əlavə dərslərdə yenidən izah edirlər. Onların hamısı seçilmiş müəllimlərdir, dərsləri çox yaxşı, aydın şəkildə başa salırlar. Arzum ingilis dili müəllimi olmaqdır. Jurnalistika, tərcüməçilik ixtisaslarına da maraq göstərirəm. Ali məktəbi bitirdikdən sonra magistr təhsilimi xarici universitetlərin birində almaq istərdim. Məncə, insan qarşısına bir çox məqsədlər qoymalıdır ki, uğur qazana bilsin”.
Digər şagird Turan Yusublu bu orta ümumtəhsil müəssisəsinə Sumqayıt şəhər 35 nömrəli tam orta məktəbdən gəlib. Bu tədris modeli haqqında ona həmin məktəbdəki sinif rəhbəri məlumat verib: “Mən repetitor yanına getməmək üçün bu məktəbə yerdəyişmə etdim. Məktəb yaşadığım yerdən uzaq olsa da, tədris məni çox qane edir. Tədris ilinə yeni başlasaq da, dərslərimiz çox maraqlı gedir, müəllimlərimiz yetəri qədər üzərimizdə çalışırlar. Düşünürəm ki, tək müəllimlər deyil, biz də dərslərimizdə məsuliyyətli olmalıyıq, uğurlu nəticə əldə etmək üçün məqsədyönlü şəkildə hazırlaşmalıyıq. Mən gələcəkdə Polis Akademiyasında təhsil almağı düşünürəm və ümid edirəm ki, yüksək nəticə ilə istədiyim ali məktəbə qəbul olacağam”.
“Əsas olan odur ki, onlar hadisələrin səbəb və nəticə əlaqələrini anlasınlar”
Şagirdlərlə söhbətimiz bitir. Növbəti tarix dərsi başlayır. Arxa partada yerimizi alırıq və maraqla prosesi izləyirik.
Tarix dərsi Qədim Şərq sivilizasiyalarının, xüsusilə İpək Yolunun vətəni, fəlsəfənin və böyük ixtiraların beşiyi olan Qədim Çin dövlətinin siyasi, iqtisadi və mədəni irsinin tədqiqinə həsr olunub. Müəllim əlindəki markerlə lövhəyə yaxınlaşır. Şagirdlərin vizual qavrayışını artırmaq üçün sxemlər çəkərək dərsi izah edir və eyni zamanda şagirdlərə suallar ünvanlayır. Dərs zamanı şagirdlərin analitik təfəkkürünün formalaşdırılması məqsədilə qədim idarəetmə qanunlarına dair müzakirələr təşkil olunur. Şagirdlər tarixi mənbələrə istinad edərək, Qədim Çində icad olunmuş kompas, kağız və barıtın bəşəriyyətin gələcək inkişafına təsirini elmi şəkildə əsaslandırırlar, Çin mədəniyyəti və elmi barədə sualları cavablandırırlar.
Dərsdən sonra tarix müəllimi Vüsalə Ağaverdiyeva ilə də söhbət edirik. Öyrənirik ki, 10 illik pedaqoji staja malik Vüsalə müəllim müddətsiz əsaslarla Sumqayıt şəhər 32 nömrəli tam orta məktəbdə fəaliyyət göstərir. Bu il müsahibədən keçərək 36 nömrəli tam orta məktəbin təmayül siniflərində müddətli əsaslarla tədrisə başlayıb. Qeyd edir ki, işlədiyi məktəbdə əvvəl də təmayül siniflər olub və 2 il həmin siniflərdə dərs deyib: “Bu məktəbdə yeni başlasaq da görürəm ki, uşaqların öyrənməyə həvəsi böyükdür. Bu şagirdlər məktəbdən çıxdıqdan sonra repetitor yanına getmirlər, bütün hazırlıq prosesi məktəbdə baş verir. Onlar əlavə vaxt itirmirlər. Tarix dərsində birinci dərs mövzunun izahına, daha sonra testlərin yoxlanılmasına və sual-cavaba həsr olunur. Mənim üçün əsas məqsəd şagirdlərə illəri və adları əzbərlətmək deyil. Əsas olan odur ki, onlar hadisələrin səbəb və nəticə əlaqələrini anlasınlar, tənqidi təfəkkürləri inkişaf etsin. Şagirdlərdən razıyam, dərslərdə çox fəaldırlar. Mən X ç2 və X ç1 siniflərində dərs keçirəm”.
Zəngin çalınması ilə dərs başa çatır. Şagirdlər dərhal dağılışmırlar. Əksinə, bir-iki sual daha vermək üçün müəllimin masasına yaxınlaşırlar.
Yaxşı dərsin əsl göstəricisi elə budur: dərs bitir, lakin maraq davam edir. Dərsdən çıxarkən bir daha əmin oluruq ki, düzgün metodika və sevgi ilə keçilən hər bir dərs şagirdlərin gələcəyinə qoyulan ən böyük sərmayədir.




