"Bu sahədə özümü daha uğurlu hesab edirəm" - Bank işini müəllimliyə dəyişdi

21 İyul, 2026 - 15:19
"Bu sahədə özümü daha uğurlu hesab edirəm"

Builki müəllimlərin işə qəbulu müsabiqəsində Lənkəran-Astara regionu üzrə yüksək nəticə göstərən müəllimlərdən biri də Sevda Məmmədovadır. MİQ-də 96,25 bal toplayan müəllim yalnız yüksək göstəricisi ilə deyil, həm də bu peşəyə gələnədək keçdiyi həyat yolu ilə diqqət çəkir.

"Azərbaycan müəllimi" qəzetinin müsahibi olan Sevda Məmmədova Lənkəran şəhərində anadan olub. O, 2020-ci ildə 54 bal toplayaraq Separadi kənd tam orta məktəbində tarix müəllimi kimi fəaliyyətə başlayıb. Maraqlıdır ki, müəllimlik fəaliyyətinə başlamazdan əvvəl bank sektorunda çalışıb.

Onun sözlərinə görə, peşə seçiminin əsasında tarix fənninə olan sevgisi və müəllimliyə duyduğu maraq dayanıb: "Bu sahədə özümü daha uğurlu hesab edirəm. Seçimimin doğru olduğunu isə uşaqlarla keçirdiyim illər mənə öyrətdi". 

Müəllim hesab edir ki, uğurun əsas şərtlərindən biri insanın öz məqsədinə çatacağına inanmasıdır. O, sistemli çalışmağın və hədəfə doğru ardıcıl addımlar atmağın əldə etdiyi nəticədə mühüm rol oynadığını vurğulayır.

Keçən il region üzrə ikinci olan müəllim bu il nəticəsini daha da yüksəldib. O bildirir ki, ötən il imtahanda iştirakının əsas məqsədi sualların məzmununda və yanaşmalarda baş verən dəyişiklikləri müşahidə etmək olub. Bu il isə məqsədini daha dəqiq müəyyənləşdirərək hazırlıq prosesini planlı şəkildə qurub: "Hədəfimə çatmaq üçün nələrə diqqət etməli olduğumu müəyyənləşdirdim və sistemli şəkildə çalışdım". 

Müəllim əldə etdiyi uğurun arxasında yalnız şəxsi zəhmətin dayanmadığını da vurğulayır. Onun sözlərinə görə, ailəsinin, dostlarının və şagirdlərinin dəstəyi ona güc verib. Maraqlıdır ki, müəllimlik ənənəsi onun ailəsində uzun illərə söykənir – hər iki babası və nənəsi də müəllim olub.

Qazandığı  uğur bir daha göstərir ki, sevilərək seçilən peşə, məqsədyönlü əmək və sistemli hazırlıq öz bəhrəsini verir.